Əlizadə: “İsa Qəmbərə deyirdim ki, bu adam casusdur...”

http://teleqraf.com/storage/2018/01/13/isa_kollaj.jpg











Nemət Pənahlı deyir ki, guya imperiya milli azadlıq hərəkatını boğmaq üçün müxtəlif alternativ təşkilatlar yaradıb. Pənahlı cavab versin görək, xalq zəncirləri qırdı, azad oldu?

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə azadlıq aşiqi Nemət Pənahlının barəsində işlətdiyi fikirlərə cavab olaraq deyib.

Z.Əlizadə qeyd edib ki, Nemət Pənahlı özünü milli azadlıq hərəkatının lideri adlandırırsa, bu onun öz problemidir:

“Amma bu adam ayağını yorğanına görə uzatmır. Nemət Pənahovun o zaman 26 yaşı var idi, zavodda çilingər işləyirdi, kəmsavad adam idi. Sonrakı həyatı ilə sübut etdi ki, heç kimdir. Bəli, ondan istifadə edirdilər. O da elə bilirdi ki, prosesə rəhbərlik edir. Ancaq sonrakı həyat sübut etdi ki, kim kimdir və kimin əli kimin cibindədir. Mən bundan artıq danışmaq da istəmirəm.

İkincisi, mən bu məsələlərə münasibətimi yazdığım kitabımda ifadə etmişəm. Bu kitab internetdə də var və istəyən adam tapıb oxuya bilər. Bunlar xalqa nağıl danışırlar və bu nağıllar həqiqətdən uzaq olmaqla yanaşı, öz maraqlarına uyğundur. Mən də həqiqəti yazdığım üçün heç kəsin xoşuna gəlmir”.

Əlizadə deyib ki, məhz 1990-cı il, yanvarın 7-də AXC sıralarını tərk edib:

“Açıq bəyan etmişəm ki, mən qandan, qırğınlardan, zorakılıqdan və məğlubiyyətdən qorxuram. Əbülfəz Əliyev də deyib ki, qan tökülməlidir. Mən də demişəm ki, xalqı qana aparan təşkilatda qalmaq istəmirəm. Çünki 20 Yanvarın olacağını görürdüm. Erməni yağmalamalarının baş verəcəyini görürdüm. Açıq bilinirdi ki, KQB bu işləri hazırlayır. Əbülfəz Əliyev və ətrafı bu prosesdə iştirak edirdi. Onların bəziləri bilərəkdən, bəziləri anlamadan bu işdə iştirakçı idi. Gələcəyi, hadisələrin axarını görürdüm. Ona görə də, 1990-cı ilin 7 yanvarında AXC-dən çıxdım. Buna görə şadam və 20 Yanvar hadisələrinə görə vicdanım təmizdir. Hələ yanvarın 7-də AXC-dən çıxanda az qala məni döymək istəyirdilər. Bu da AXC-nin siyasi mədəniyyətinin göstəricisi idi. AXC sədrinin ətrafına qaraguruh toplaşmışdı. Mən də orada qalmaq istəmədim. Orada qalmağı özünə rəva görənlərin ölkəni hansı duruma gətirdiyini şərh etməyə ehtiyac yoxdur”.

Zərdüşt Əlizadə qeyd edib ki, Nemət Pənahlını ilk dəfə 1988-ci ildə meydanda görüb:

“Həmin zaman Nemət meydanda şeir söyləyirdi. Sonra da biz “Varlıq Cəmiyyət”i ilə birləşəndə bunu dartıb gətirdilər rəhbərliyə. Bu adam AXC İdarə Heyətinə İsa Qəmbərin təkidi ilə düşdü. AXC İdarə Heyətinin tərkibini mən və İsa Qəmbər müzakirə edirdik. AXC təşəbbüs mərkəzinin üzvü mən idim, “Varlıq”dan isə İsa Qəmbər. Bu iki təşkilatın birləşməsindən Azərbaycan Xalq Cəbhəsi yaranırdı. Mən İsa Qəmbərə deyirdim ki, bu adam casusdur. İsa Qəmbər isə israr edirdi ki, siz onun fəhlələr arasında hörmətinə həsədlə yanaşırsınız, bu adam rəhbərlikdə olmalıdır. Mən də dedim, olsun. İsa Qəmbərin təkidi ilə bu adam İdarə Heyətinə düşdü. İsa Qəmbərin təkidi olmasaydı, bu adam ömür boyu İdarə Heyətinə düşməzdi. Mən İsa Qəmbərə açıq deyirdim, gün gələr, bu adam sənə də təpik atar. Nemət Pənahlı hər yerdə deyirdi ki, Zərdüşt KQB agentidir. Mən də deyirdim, dediklərini çıx sübut elə. Bu adam hələ ində də bilmirik ki, Gənc Alimlər Klubu yoxdur, biz Bakı Alimlər Klubu yaratmaq istəyirdik, alınmadı. Əvəzində AXC-ni yaratdıq. Bu adamın heç nədən xəbəri yoxdur. İyunun 16-da Nemət Pənahlı siyahıya düşdü, 17-də çıxışını etdi və 18-də isə Məclis onu İdarə Heyətinə seçmədi. Bundan sonra Nemət Pənahlı küsdü, gedib “Turan” adlı təşkilat yaratdı və başqa maraqlara xidmətə başladı. Hətta AXC hakimiyyəti zamanı həbs edildi. Sonra hakimiyyət dəyişdi, amma Nemət Pənahlının iddiaları dəyişmədi. Bu səbəbdən də onu yenidən həbs etdilər. Yəni iddiaları böyükdür”.

Qeyd edək ki, Nemət Pənahlı Teleqraf.com-a verdiyi müsahibə zamanı iddia edib ki, SSRİ-nin xüsusi xidmət orqanları Azərbaycanda və digər respublikalarda milli azadlıq mübarizəsini boğmaq üçün süni liderlər və təşkilatlar yaradıb, milli hərəkatların qarşısını almaq istəyirdilər. Azərbaycanda da bu məqsədlə Gənc Alimlər Klubu, Qarabağa Könüllü Yardım Cəmiyyəti və digər təşkilatlar yaradıldı. Məqsəd də Azərbaycandakı milli hərəkatın qarşısını almaq idi. İsa Qəmbər, Zərdüşt Əlizadə komandası bu xəttin içindən meydana çıxarılmışdı.
loading...