BAŞ PROKURORLUQ VƏ ƏƏSMN HƏBS OLUNAN MƏMURLARLA BAĞLI MƏLUMAT YAYDI -

11-01-2019, 16:00            87 dəfə baxılıb
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin məşğulluğu və sosial təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu barədə daxil olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və məşğulluq sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Baş İdarə tərəfindən aparılmış birgə ilkin araşdırmalarla korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunmuşdur.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə Mehdi Abasov və Hafis Allahyarovun xidməti otaqları və yaşadıqları ünvanlarda məhkəmənin müvafiq qərarları ilə aparılmış axtarış nəticəsində içərisində ayrı-ayrı şəxslərdən pul alınmasını təsdiq edən yazılar olan kitabçalar, işaxtaran vətəndaşların qeydiyyatı kitabı, müxtəlif arayışlar, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar

edilərək maddi sübut kimi götürülmüşdür.

Cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında M.Abasov və H.Allahyarov şübhəli şəxs qismində tutulmuşlar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.