“Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov -

21-11-2019, 16:11            137 dəfə baxılıb
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. O, millimizin Avro-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib.

- Millimiz Avro-2020-nin seçmə mərhəlsinin son oyunda Slovakiyaya 0:2 hesabı ilə məğlub olaraq seçmə mərhələni cəmi 1 xalla başa vurdu. Komandamızın bu mərhələdəki çıxışını necə dəyərləndirirsiniz?

- Dəyərləndirmək deyəndə ki, çox zəif oynadılar. Həm nəticə, həm də oyunun səviyyəsi aşağı oldu. Amma məncə biz bəzi futbolçuları - Bəhlul Mustafazadəni, Emil Balayevi qazandıq. Məşqçi onlara şans verdi, onlar da bundan yaxşı istifadə etdi. Millinin çıxışı haqda danışmaq üçün analiz lazımdır. Analizsiz heç nə demək olmaz. Nəticə olaraq, təbii ki, cəmi 1 xal qazandıq. Yəni, zəif çıxış etdik. Amma hazırda niyə zəif çıxış etdiyimizi, harda səhvlər etdiyimizi araşdırmalıyıq.  Bu günlə iş bitmir. Gələcəyimizə nə ilə başlamalıyıq, hansı yolla getməliyik, bunu da analiz etməliyik.

- Belə uğursuz nəticə son dəfə sizin baş məşqçi olduğunuz dövrdə - Avro-96-nın seçmə mərhələsində qeydə alınmışdı.

- Məgər o vaxtla indiki birdir? Üstündən 24 il keçib. Siz o vaxt heç anadan olmamışdınız.

- Mənim o vaxt anadan olub-olmamağım həqiqəti dəyişmir. Sizdən öyrənmək istəyirəm ki, o vaxtkı milli ilə indikini necə müqayisə edərsiniz?

- Nə müqayisə?! Müqayisəlik bir şey yoxdur. Arada yerlə-göy qədər fərq var. O vaxt infrastruktur, geyim, təlim-məşq prosesi yox idi. Amma həmin vaxt təkcə ürək var idi, bir də ki Azərbaycan. Qurtardı, getdi. İndi isə hər şey düzəlib. Yığma komandaların şəraiti, hər şeyi var, qalır oynamaq. Biz klubların söhbətin etməliyik. Niyə klublardan uşaqlar yığmaya aşağı səviyyədə gəlirlər? Bundan danışmalıyıq.

- Milli komandamız yığdığı xal sayına görə UEFA üzvü olan 55 ölkə arasında 53-cü yeri tutdu.

- Ay balam, komanda zəif olanda aşağı yer tutacaq da. Qəribə suallar verirsiniz. Sualı da verəndə baxın, maraqlı sual olsun. Bayaq mən dedim ki, yığmaya oyunçular klublardan zəif gəlir. Bax bunu yazmaq lazımdır, bunun səbəbini axtarmaq lazımdır. Klubların iş birliyi olmalıdır. Zəif olanda əlbəttə ki, 50-ci yer olacağıq da. Bunun söhbəti yoxdur ki.

- Son nəticələrdən sonra azarkeşlərin həm AFFA, həm də baş məşqçidən narazılığı daha da artıb. Bir mütəxəssis olaraq bu barədə fikirləriniz necədir?

- Narazılıq var?

- Bəli, kütləvi şəkildə.

- Çox qəribə sualdır e (gülür) Baş məşqçidən narazılıq olması normaldır. Nəticə 1 xal olanda əlbəttə ki, hamımız narazı olacağıq. Onun da taleyini AFFA İcraiyyə Komitəsi həll edir. İcraiyyə Komitəsi nə qərar versə, o da olacaq. Yenə də bir mütəxəssis olaraq deyirəm, məşqçinin işini analiz etmək lazımdır. Məşqçi hesabat verməlidir. Hər bir oyunun hesabatı olmalıdır. Yığmaya dəvət olunan oyunçular arasından hansı oynamağa layiqdir ya yox, bunların hamısı analiz şəklində deyilməlidir. Bundan sonra qərar çıxarmaq olar. Bir də ki, bundan sonra hansı yolla getməliyik, bu, müəyyən olunmalıdır. Bu turnir bitdi, amma bunun sabahı da var, axı. Qarşıdan Millətlər Kubokunun oyunları gəlir, onda biz nə edəcəyik? Ona görə indidən biz bu işləri görməliyik. Klublarda iş birliyi olmalıdır. Necə edək ki, klublardakı oyunçular milliyə hazır vəziyyətdə gəlsinlər. Təlim-məşq toplantıları olmalıdır, bölgü olmalıdır, bunların hamısı şərtlərdir. Ondan sonra nəsə əldə etmək olar.

- Məşqçilər Komitəsinin üzvü olaraq, necə düşünürsünüz, sizcə baş məşqçi dəyişikliyinə ehtiyac varmı?

- Baş məşqçini Məşqçilər Komitəsi təyin etmir. Baş məşqçinin İcraiyyə Komitəsi təyin edir. İcraiyyə Komitəsi də analizdən sonra öz sözünü deyə bilər.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.