Xəstəxananı tərk edən psixi xəstə qan tökürsə... - Cavabdeh kimdir? - RƏSMİ CAVAB -

24-09-2019, 18:15            473 dəfə baxılıb
“Bura türmə deyil ki, insanları məcburi tutub saxlayaq”
 
Ötən gün Bilgəhdə psixi xəstənin törətdiyi dəhşətli qətl ilə bağlı xəbər vermişdik (https://lent.az/news/326692). Belə ki, psixi xəstə damarlarını doğrayıb küçəyə çıxaraq əvvəlcə qohumunu öldürüb. Daha sonra isə elektrik transformatoruna girərək həyatına son qoyub. Bəs sosial təhlükəli psixi xəstənin küçəyə çıxmasında günah kimdədir? Ümumiyyətlə, ruhi xəstələrin xəstəxananı tərk etməməsi üçün mühafizə təşkil edilirmi?
 
 
Lent.az -ın bu suallarını 1 saylı Psixiatriya Xəstəxanasının baş həkim müavini Sevinc Hüseynova cavablandırıb. Baş həkim müavini psixi xəstələrin əsasən sərbəst olduğunu və istədikləri vaxt küçəyə çıxa bildiklərini vurğulayıb:
 
 
“Psixi xəstələr öz istəkləri ilə xəstəxananı tərk edə bilərlər. Adətən xəstələr öz ərizələri ilə xəstəxanaya daxil olurlar. Ona görə də onları məcburi saxlayıb müalicə etmirik. Həmin xəstələr istədikləri vaxt küçəyə çıxa, ərizə yazaraq xəstəxananı ümumiyyətlə tərk edə bilərlər. Bura türmə deyil ki, insanları məcburi tutub saxlayaq. Həm də sosial təhlükəsi olmayan xəstə küçəyə çıxdıqda, etdiyi hərəkətlərə özü cavabdeh olur. Ancaq bir halda, sosial təhlükəli xəstələrin qəyyumları müraciət etdikdə məcburi xəstəxanaya götürürük. Bu zaman məhkəməyə müraciət edirik və məhkəmənin icazəsi ilə ruhi xəstə xüsusi şəraitdə müalicə alır. Onun oradan qaçmaq imkanı yoxdur. Mühafizə də var, 2-3 m hündürlüklü hasar da var. Xəstə buradan necə qaça bilər ki?”.
 
"Xəstələr ev şəraitində müalicə oluna bilərmi" sualına Sevinc Hüseynova aydınlıq gətirib. O, həmçinin KİV nümayəndələrini bu mövzuda yalan başlıqlı xəbər yaymamağa çağırıb:
 
“Qəyyumların istəyi ilə təbii ki, xəstələr evə buraxılır. Bu zaman baş verəcək hadisələrə qəyyum özü cavabdehlik daşıyır. Yaxınları vaxt məhdudiyyəti olmadan, xəstəniistədikləri qədər evə aparıb saxlaya bilərlər. Jurnalistlərə də səslənirəm ki, “psixi xəstə xəstəxanadan qaçdı” kimi başlıqlı xəbər paylaşmasınlar. Çünki "xəstəxanadan qaçış" ifadəsi yoxdur. Dediyim kimi, xəstə ya öz qəyyumunun istəyi, ya da öz ərizəsi ilə xəstəxananı tərk edə bilər. Məcburi saxlanan xəstə qaçdıqda isə polis onu axtarıb tapır”.
шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.