"Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." -

21-09-2019, 15:03            1 089 dəfə baxılıb
“Mən istəyərdim ki, bu cür adamlara məhkəmədə iş verilərkən Hacı Əbdülü ora dəvət edək və hər birinə “Qurani-Kərim”ə and içdirsin”

Xəbər verdiyimiz kimi bir müddət öncə Daxili İşlər Nazirliyi ölkədə leş ətlərinin satışıyla məşğul olan şəbəkənin fəaliyyətini ifşa etdi. Məlum oldu ki, bu dəstəyə başçılıq edən “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovdur. 

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin bu işini yüksək qiymətləndirdi. Ekspert qida təhlükəsizliyi ilə bağlı qəbul olunan yeni qərar haqda da danışdı:

“Qida təhlükəsizliyi haqda qanun qəbul olunmaq üzrədir, amma çox təəssüf ki, bunun heç bir ictimai müzakirəsi keçirilmir. Yaxud da ictimai təşkilat olaraq bizə bu təqdim olunmayıb. Bir sözlə hər şeyi AQTA adyalın altında ölçüb-biçir”. 

Ekspert ölkədə leş ətlərinin satışıyla məşğul olan şəbəkə haqda da danışdı və bildirdi ki, onda bir çoxlarının əlaqə nömrələri var: 

“Leş Tofiq” ləqəbi ilə tanınan Alıbəy Rzaxanov bu əməlinə görə dəfələrlə həbs edilib. Ona görə demişəm ki, məhkəmədə hakim “Leş Tofiq”ə bəraət qazandırsa, pul alıb azadlığa buraxsa, bütün ömrümün qalan hissəsini o, hakimə həsr edəcəm. O, hakimi biabır edəcəm. İctimai təşkilat olaraq Daxili İşlər Nazirliyinin bu işinə böyük qiymət verirəm. İyirmi iki ildir ki, mən leş mafiyası ilə mübarizə aparıram. Leş yığanlardan təkcə “Leş Tofiq”in yox, bir neçəsinin də məndə vizit kartları var. Əlimdən o gəldi ki, Saatlı rayonundan bir fermer mənə müraciət edib dedi ki, ölən inəyimi qamışlığa atmışdım və sonra gördüm ki, onu leş yığanlar aparırlar. Güman etdim ki, bu adam Sabirabad rayonunun Xəlfəli kəndindən olan “Leş Əlifağa” ləqəbli şəxsdir. Mən bununla bağlı polis qarşısında məsələ qaldırıb inəyi oğurlanan inək kimi qeydiyyata alıb sahibkara bir inək alıb verdirdik. Bununla bağlı müxtəlif üsullara əl atmışam. Gecə saatlarında dördüncü mikrorayonda leş ətləri emal edən yerə getmişəm və ordan məni hədələyərək qovublar. Yəni uzun illər bununla bağlı mübarizə aparırıq və Daxili İşlər Nazirliyi gərək bu məsələyə son qoysun”.  

Ekspert AQTA leş əti satan bir neçə şəxsə sertifikat verdiyini və din xadimlərinin bu məsələlərə qarşı laqeyd münasibət göstərdiyini deyib:

“Çox təəssüflər olsun ki, məsələylə bağlı heç bir din xadimi açıqlama vermir. Dəfələrlə Sabirabadın Xəlfəli kəndindən olan “Leş Əlifağa” ya xəbər göndərib demişəm ki, bu işlərdən əl çəksin. Bizdə olan məlumata görə leş ətlərinin satışıyla məşğul olan şəxslərin bir neçəsinə AQTA sertifikat verib. Onlar təbii ki, AQTA aldadaraq müəyyən kəsim yerləri göstəriblər və arxa tərəfdə isə öz riyakar əməllərini həyata keçiriblər. AQTA gərək bununla bağlı işin dərinliyinə getsin, ictimaiyyətdən dəstək alsın. AQTA “Leş Əlifağa”ya sertifikat verəndə mənə zəng vurub bu haqda bir məlumat alardı. Onda mənim bir sözüm buna kifayət edərdi. Çox təəssüflər olsun ki, AQTA leş mafiyasını bilməyərəkdən qanunişəldirib”. 

Ekspert deyib ki, ictimaiyyət Daxili İşlər Nazirliyinin işinə dəstək verməlidir:

“Məsələn, mən qərar qəbul edən bir insan olsaydım, at və eşşək başından bir xaş bişirtdirib bu işlə məşğul olan adamlara yedizdirərdim. Düşünürəm ki, bu məsələdə din xadimləri də öz sərt mövqelərini ortaya qoymalıdır, ictimai qınaq maksimum səviyyəyə qalxmalıdır, Daxili İşlər Nazirliyinin bu işinə böyük dəstək verilməlidir ki, buna son qoyulsun. Mənim üçün maraqlıdır ki, din xadimləri nədən çəkinib bu cür məsələlərə münasibət bildirmək istəmirlər. Sabirabadın Xəlfəli kəndi dindar bir kənddir, amma niyə oranın axundu “Leş Əlifağa”ya bir söz demir. Mən istəyərdim ki, bu cür adamlara məhkəmədə iş verilərkən Hacı Əbdülü ora dəvət edək və hər birinə “Qurani-Kərim”ə and içdirsin”.

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.