Dollar yox, manat bahalaşarsa... - TƏHLİL -

9-09-2019, 10:27            106 dəfə baxılıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satıb.

ARDNF 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satmışdı. Beləliklə, iyul ayı ilə müqayisədə avqustda valyuta satışı 2 dəfəyə yaxın artıb. Həmçinin, avqust ayındakı satış 2019-cu ilin rekordudur. Valyuta satışının kəskin artması dollara tələbin artdığı barədə düşüncələrə səbəb olub. Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirdmişdi ki, Dövlət Neft Fondu büdcəyə transfert planını tam icra edə bilmir. Transfertlərin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır.

Dollar təklifi ona olan tələbi üstələyir və keçirilən valyuta hərraclarında manatın məzənnəsi möhkəmlənmə təzyiqi altındadır. Lakin Mərkəzi Bank mənfi fəsadları olacağını nəzərə alaraq dollar/manat məzənnəsinin 1.70 səviyyəsindən aşağı düşməsinə (manatın bahalaşmasına) icazə vermir. Mərkəzi Bank hesab edir ki, avqustda dollara tələb artması Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması, dövlətin xarici öhdəliklərinin (əsasən xarici borclarının) qrafiki ilə bağlıdır. Hələ də valyuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir.

Dövlət Neft Fondunun avqust ayında valyuta satışlarına dair bildiririk ki, xarici ticarət balansının profisitli (müsbət saldolu) olması ilə əlaqədar valyuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir. Bütövlükdə hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalıb ki, bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır. Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması isə dövlətin xarici öhdəliklərinin qrafiki ilə bağlıdır. Belə ki, avqust ayında dövlətin vaxtı çatan xarici öhdəliklərinin həcmi 300 milyon ABŞ dollarınadək (ümumi tələbin 36,8 faizi) olmuşdu ki, bu da ötən dövrdə valyuta hərraclarında satılmamış vəsaitlər hesabına təmin olunub.

Qeyd edək ki, 2019-cu ilin 8 ayında cəmi 3 milyard 893 milyon 900 dollar satılıb ki, bunun da 634,9 milyon dolları yanvarda, 316,2 milyon dolları fevralda, 600,5 milyon dolları martda, 423,7 milyon dolları apreldə, 352,4 milyon dolları mayda, 315,9 milyon dolları iyunda, 434,9 milyon dolları iyulda, 815,4 milyon dolları isə avqust ayının payına düşüb.

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, ümumilikdə 2019-cu ildə dollar təklifi tələbdən daha çox olub:

“Əvvəllər Neft Fondu tərəfindən təklif olunan valyutalar tam olaraq satılmırdı. Bunun əsas səbəblərindən biri ölkədə dollara olan tələbatın əvvəlki illərə nisbətən aşağı düşməsi idi. Bəzi sahələrdə əks- dollarlaşma prosesi gedir. Bu, özünü depozitlərdə göstərir. Əgər aybaay dollarla olan depozitlərin həcminə nəzər salsaq, dollarla olan depozitlərin nisbətən azaldığını, manatla olan depozitlərin artdığını görərik. Xüsusilə son 1 il ərzində dollarla olan depozitlər azalıb. Digər tərəfdən, əhalidə manata olan inam nisbətən artıb. Əvvəlki illərdə əhali əlində olan manatı dollara çevirməyə çalışırdı. Hazırda həmin proses getmir, yalnız bəzi hallarda əhali uzunmüddətli dövr üçün pulunun bir hissəsini dollara çevirir. Demək olar ki, əhali ən qısa müddətə olsa belə, öz vəsaitini dollara çevirmir.

Bundan əlavə, hazırda ölkədə istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarının mövsümü bitir. Eyni zamanda ölkədən ixrac olunan bəzi kənd təsərrüfatı məhsullarında da azalma müşahidə olunur. Ölkəyə idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarında da azalma var, ət və ət məhsullarının isə ixracı həyata keçirildi. Bu səbəblərdən ölkədə dollara olan tələbat nisbətən aşağı düşdü. İdxalın da çox yüksək səviyyədə artmadığının şahidi oluruq. Neftin büdcədə planlaşdırıldığı civarda olması da, bu məsələyə öz təsirini göstərir.

Həmçinin, ölkəyə yay aylarında daha çox turist gəlir ki, bu halda da banklar dollara olan tələblinin çox hissəsini hərraclara müraciət etmədən qarşılaya bilirlər. Əgər bankın özünün dollara tələbi olursa, bank ilk növbədə bunu daxili imkanları hesabına həyat keçirir. Banklar valyutadəyişmə məntəqələrində daha çox dollar alış-verişi edirsə, deməli, öz tələbini ödəyir. Yayda öncəki aylara nisbətən turistlər daha çox aktiv olur və gətirdikləri dolları valyutadəyişmə məntəqələrində dəyişirlər. Bu zaman banklar öz tələblərini daxili imkanlar hesabına ödəyirlər və yerdə qalan tələb üçün hərraclara müraciət edirlər. Xüsusilə 2019-cu il ərzində banklar dollara olan tələblərinin böyük bir qismini daxili imkanları hesabına həll etdilər.

Digər tərəfdən, depozitlərdə dedollarizasiya proseslərini sürətləndirdi. Bir çox vətəndaşlar dollarla olan depozitlərini manata çevirdilər ki, bu da bankların hərraca çıxmadan dollara olan tələblərini yerinə yetirməsinə imkan verdi. Nəticə etibarilə 2019-cu il ərzində banklar öncəki illərə nisbətən daha az müraciət etdilər”.

Ekspert əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində verilmiş qərarların iqtisadi təsirlərindən də danışıb:

“Nəzərə alsaq ki, Prezident bu ilin fevral ayında fiziki şəxslərin problemli kreditlərinin həll olunması ilə bağlı fərman imzaladı. Fərman fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min ABŞ dollarına qədər olan kreditlərə şamil edildi. Yəni dövlət devalvasiyadan sonra dolların məzənnəsində yaranan fərqi, nəticədə vətəndaşa dəymiş ziyanı öz üzərinə götürdü. Artıq proses yekunlaşıb. Bundan əlavə, sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqının məbləği 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırıldı. Bütün bunlar ölkədə manatla olan pul kütləsinin artmasına səbəb oldu. Artan pul kütləsinin tələbi yerinə yetirməsi üçün Mərkəzi Banka və hökumətə daha çox manat lazım idi. Bu zaman manata olan tələbat artdı. Nəticə etibarilə bu da dolların satışını sürətləndirməyi tələb etdi. 2019-cu il ərzində baş verən bütün bu proseslər Neft Fondu tərəfindən təklifin tələbdən daha çox olmasına səbəb oldu.

Avqust ayında hərraclarda valyuta satışının 2 dəfəyə yaxın artması gözlənilən idi. Hazırda sosial paketin bir hissəsi sentyabr ayından etibarən qüvvəyə minib. Böyük miqdarda pul kütləsi büdcədən iqtisadiyyata inneksiya olunacaq. Büdcənin formalaşmasında vergi və gömrük daxilolmaları, eyni zamanda Neft Fondundan transfertlər əsas rol oynayır. Buna görə də Neft Fondunda daha çox dollar satışı həyata keçirildi ki, bütün bu vəsaitlə vaxtında əhaliyə ödənilə bilsin. Əslində, bu, normal bir prosesdir. Əvvəlki aylarda yığılıb qalmış bir çox dollar vardı. Hətta Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın revalvasiya təhlükəsi ilə üz-üzə olduğunu qeyd etmişdi. Təbii ki, Mərkəzi Bankın əlində bir çox rıçaqlar var”.

“Manatın bahalanması yolverilməzdir...”

Analitik hesab edir ki, hökumət manatın bahalanmasına heç bir halda yol verməyəcək:

“Manatın dəyəri neftin qiymətindən asılıdır. Neftin qiymətində hər hansı dəyişiklik manatda ciddi volatilliyə səbəb ola bilər ki, bu da əhali arasında ajiotaj yaradar. Bu, eyni zamanda ixracı da zəiflədə bilər. Çünki iş adamları manatın kursunun 1.70 olduğunu nəzərə alaraq, ixracla bağlı planlarını qurublar. Manatın bahalanması iş adamlarının ixracla bağlı planlarını alt-üst edə bilər. Bu səbəbdən də hökumət hazırda manatın bahalanmasına yol verilməyəcək və yol verilməsi doğru da olmaz. Əgər buna yol verilərsə, gələcəkdə neftin qiymətində qısamüddətli vollatillik olarsa, manata ciddi təzyiq göstərə bilər. Doğrudur, manatın bahalaşmasına təzyiqlər var, amma bu, baş verməyəcək”.

Elman Sadıqovun sözlərinə görə, dünyada sərbəst dönərli olan və sərbəst dönərli olmayan bütün valyutalar tənzimlənir:

“Dünyada sərbəst şəkildə “Forexs” bazarında ticarət olunan dönərli valyutalar - dollar, avro, funt sterlinq, yapon yeni, İsveçrə frankı, Avstraliya dolları və sairdir. Yəni onların sayı çox deyil. Bir çox valyutalar isə sərbəst dönərli olmayan valyutalardır. Bu valyutaların bir çoxu, hətta üzən məzənnə deyilsə belə, hökumət tərəfindən tənzimlənir. Hətta avro da, dollar da dövlətlərin mərkəzi bankları tərəfindən tənzimlənir. Hazırda valyuta müharibələri olduğu bir zamanda pulu tam sərbəst buraxmaq olmaz. Monitar siyasət nəticəsində valyuta tənzimlənməzsə, pulun dəyəri daha da artar. Bu zaman ölkə məhsulları rəqabətə dözməz, birinci idxal-ixrac əməliyyatları sıradan çıxar, nəticədə iqtisadiyyat da məhv olar. Heç kim deyə bilməz ki, heç bir valyuta tənzimlənmir. Bu, bütün dünyada gedən bir trenddir, hər kəs də buna qoşulmağa məcburdur”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.