Manat üçün risk aradan qalxır - GƏLİŞMƏ -

4-09-2019, 18:00            39 dəfə baxılıb

Avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 4.3 milyon dollar təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, iyulun sonunda ehtiyatlar 5 milyard 962,8 milyon dollar idi. Beləliklə, avqustda Mərkəzi Bankın valyuta ehtiyatları 41,5 milyon dollar artıb. Ehtiyatlar 2019-cu ilin 8 ayı ərzində isə 623,1 milyon dollar yüksəlib. 2014-cü ilin iyulunda 15 milyard 193.4 milyon dollara çatan Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilin dekabrında 3 milyard 974.4 milyon dollara düşmüşdü. Ehtiyatların "əriməsinə" devalvasiyalar səbəb olmuşdu.

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin yanvarında 5 milyard 655.9 milyon dollar, fevralında 5 milyard 761.9 milyon dollar, martında 5 milyard 778.6 milyon dollar, aprelində 5 milyard 789.0 milyon dollar, mayında 5 milyard 870.9 milyon dollar, iyununda 5 milyard 939.4 milyon dollar, iyulunda 5 milyard 962.8 milyon dollar təşkil edib.

2018-ci ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 381.2 milyon dollar olub.

Maraqlıdır, valyuta ehtiyatlarının artması manatın qorunması baxımından nə dərəcədə əhəmiyyətlidir?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, valyuta ehtiyatlarının artması milli valyutanın dayanıqlığı haqqında siqnaldır:

“Milli valyutanın dayanıqlığının göstəricidir ki, Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Ümumiyyətlə, valyuta ehtiyatlarının artma trendi bu il aybaay dinamik müşahidə olunub. 2015-ci ildə baş verən ilk devalvasiyaya qədər Mərkəzi Bank kifayət qədər ehtiyatlarını itirmişdi. Mərkəzi Bank o dövrdə manatın məzənnəsini süni saxlamaq alətindən istifadə edərək itkilərə yol vermişdi. Artıq praktikada belə bir böhranlı vəziyyəti geridə qoymuşuq. Valyuta ehtiyatlarının artmasına yanaşmalar fərqlidir. Əgər hazırda valyuta ehtiyatlarında artım varsa, deməli, manatı təhlükə gözləmir”.

Analitik, Mərkəzi Bankın mövcud reallıqda manatın dollara qarşı güclənməsi üçün hansısa alətlərdən istifadə etməsinə inanmadığını da qeyd edib:

“Çünki manatın dollara qarşı güclənməsi Azərbaycana lazım deyil. Hazırda manat öz optimal səviyyəsini tapıb, bazar münasibətləri ona uyğun tənzimlənir. Demək olar ki, bazar elastikliyini bərpa edib. Belə bir vaxta manatın güclənməsi heç kəsə lazım deyil. Hazırkı məqamda manatın güclənməsinin iqtisadiyyata daha çox zərəri dəyə bilər. Belə ki, manatın möhkəmlənməsi ixrac potensialına, turizm sektoruna mənfi təsiri göstərər, bundan əlavə, iqtisadiyyatın yaratdığı investisiya cazibədarlığını kənarlaşdıra bilər və.s. Mövcud məzənnəni sərbəst şəkildə qoruyub saxlaya bilsək, bu, bizim üçün çox böyük göstəricidir. Yaxın perspektivdə manatın ucuzlaşması gözlənilmir”.

Fuad İbrahimovun sözlərinə görə, valyuta ehtiyatlarının artmasının inflyasiyaya birbaşa təsiri yoxdur:

“Ümumiyyətlə, inflyasiyaya təsir edən amillər başqadır. Müasir dövrdə anti-inflyasiya proqramları var. Xatırladım ki, bir müddət əvvəl problemli kreditlərlə bağlı vətəndaşlara güzəştlərin tətbiq olunması, eləcə də təqaüdlərin və əmək haqlarının artmasına dair verilən qərarlardan sonra bir çox ekspertlər çıxış etdilər ki, pul kütləsinin artımı inflyasiyaya gətirib çıxaracaq. Bunlar sovet dövründən keçmiş nəzəriyyədən qalma şablon fikirlərdir. Bu gün müasir iqtisadiyyat o səviyyədə inkişaf edib ki, inflyasiyanı həm artıra, həm də azalda bilər. Sadəcə olaraq, o mexanizmləri həyata keçirmək lazımdır. İndiki vəziyyətdə güclü inflyasiya da proqnozlaşdırılmır”. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.