Hüseynbala Mirələmov kadr islahatları haqda: - “O, prinsipial şəxsdir” -

25-06-2019, 17:06            49 dəfə baxılıb
Dövlət başçısının bu günlərdə kadr dəyişiklikləri ilə bağlı imzaladığı növbəti sərəncamlar siyasi idarəçilik sferasında mühüm dəyişiklikləri özündə ehtiva edir.

Bu barədə Modern.az-a deputat Hüseynbala Mirələmov danışıb. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu kadr dəyişiklikləri ardıcıl kompleks islahatların tərkib hissəsidir və dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir.

“Prezident İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı son sərəncamları respublikamızda sabitlik və təhlükəsizliyin qorunması istiqamətində atılan mühüm addımların növbəti mərhələsidir. Vəzifəyə təyin olunan kadrlar Heydər Əliyev siyasi məktəbinin layiqli yetirmələri olmaqla yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətləri ilə seçilirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunan Ramil Usubovun özünəxas mərdlik, prinsipiallıq və cəsurluq kimi xarakterik insani keyfiyyətlərinə söykənərək bundan sonra da Azərbaycanın inkişafı və müstəqilliyimizin qorunması yolunda yorulmadan çalışacağına inanırıq”.

H.Mirələmov onu da vurğulayıb ki, dövlətə və prezidentin siyasətinə bağlılığı ilə seçilən, peşəkar idarəçilik bacarığı ilə fərqlənən polis general-leytenantı Vilayət Eyvazovun daxili işlər naziri təyin olunması da alqışlanan addımdır.

“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Əli Nağıyev də çox peşəkar kadrdır . O, sıravi işçilikdən rəhbər vəzifələrə qədər şərəfli yol qət edib, kifayət qədər təcrübəyə malikdir. Ürəkdən inanırıq ki, Əli Nağıyev Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması istiqamətində əlindən gələni əsirgəməyəcək, Vətənə şərəflə xidmət edəcək”, - H.Mirələmov deyib.

İndiyədək təhlükəsizlik orqanlarında peşəkar fəaliyyəti ilə seçilən Mədət Quliyevin yeni təyinatına da toxunan deputat hazırkı müharibə şəraitində onun müdafiə sənayesi naziri kimi məsul və şərəfli vəzifəyə təyin olunmasını çox müsbət qiymətləndirib.

H.Mirələmov deyib ki, Famil Mustafayevin Prezident yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi təqdirəlayiq haldır:

“Famil Mustafayev öz sahəsini mükəmməl bilən qiymətli kadrdır. İşinin peşəkarı olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətləri lə seçilən prinsipial bir şəxsiyyətdir. Bir sözlə, yeni təyinat alan şəxslərin hər birinin zəngin dövlətçilik təcrübələri var, cəmiyyətdə böyük nüfuza malikdirlər. Ümidvaram ki, yeni kadr təyinatları dövlətimizin və dövlətçiliyimizin inkişafına çox mühüm töhfələr verəcəkdir”.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.