“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyası iştirakçılarından bir qrupu İsgəndər qalasında olub -

7-06-2019, 17:04            153 dəfə baxılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan UNEC-in Qadınlar Şurasının fəalları cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yurdumuzun gözəllikləri, ucqar dağ rayonunda quruculuq-abadlıq işlərinin geniş vüsət alması, insanların firavan yaşayışı aksiya iştirakçılarını nə qədər fərəhləndiribsə ön xətt mövqelərində, düşmənlə qarşı-qarşıya mərdliklə dayanan mübariz əsgərlərimizin şux görkəmi, qələbə əzmi, gələcəyə nikbin baxışı və hər an torpaqlarımızı azad etməyə hazır və qadir olmaları da bir o qədər sevindirib.
Hərbi qulluqçular tərəfindən qarşılanan aksiya iştirakçıları əvvəlcə Gədəbəy şəhərinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Gədəbəy uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun abidəsi qarşısında qrupun bələdçisi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani əfsanəvi döyüşçünün hər bir gənc üçün örnək ola biləcək igidliyindən söhbət açıb. Bildirilib ki, Bakıda çalışdığı yüksək vəzifəni tərk edərək könüllü döyüşlərə atılan baş leytenant Məzahir İzzət oğlu Rüstəmov 1992-ci il avqustun 6-da strateji əhəmiyyətə malik Mutudərə uğrunda döyüşlərdə son nəfəsinə qədər vuruşub. Qorxmaz zabit sağ ələ keçməməsi üçün erməni canilərini yaxına buraxaraq sonuncu qumbarası ilə həm özünü, həm də xeyli düşməni məhv edib. Bu gün gədəbəylilər, eləcə də bölgənin müdafiəsində dayanan hərbçilər Milli Qəhrəmanın xatirəsini əziz tutur və onu həmişə nümunə göstərirlər. Keçən il hərbi hissənin təşəbbüsü ilə Məzahir Rüstəmovun Mutudərə zirvəsində xatirə abidəsi ucaldılıb. Döyüş növbəsinə yollanan hər bir əsgər burada ayaq saxlayır və qəhrəmanın xatirəsini sükutla yad edir.
Aksiya iştirakçıları Məzahir Rüstəmovun da vaxtilə xidmət etdiyi hərbi hissənin qərargahı qarşısına toplaşan şəxsi heyəti Ramazan bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun büstü qarşısında xatirə şəkli çəkdiriblər.
UNEC Qadınlar Şurasının sədri, Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor müavini, dosent Təranə Kərimovanın rəhbərlik etdiyi qrup səfərlərini zirvələrə doğru davam etdiriblər.
Çay sahili boyunca sıldırım qayalıqlarda kəşfiyyatçıların öz məharətlərini, peşəkarlıqlarını, fiziki, mənəvi, iradi keyfiyyətlərini əyani şəkildə nümayiş etdirən nümunəvi çıxışları, düşdükləri ekstremal vəziyyətlərdən çıxmaq üçün işlətdikləri çevik fəndlər qonaqları heyrətləndirib. “Əgər Azərbaycan Ordusunda bu cür qorxmaz, igid oğullar varsa, deməli, torpaqlarımız tezliklə işğaldan azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin olunacaq”, - deyə ziyalı qadınlar kəşfiyyatçıları alqışlayıblar.
Hər bir döyüşçüyə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc edilmiş kitabçalar təqdim olunub.
Artilleriyaçılar düşmənin bütün hərbi obyektlərini bir anda darmadağın etməyə, silahlarını susdurmağa qadir olduqlarını nəzəri və təcrübi biliklərini əyani şəkildə göstərməklə təsdiqləyiblər.
Xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Afət Abbasova ulu öndər Heydər Əliyevin “Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşının borcudur” fikrini xatırladaraq bu gün öz vətəndaşlıq borclarını yerinə yetirərək uzaq məsafəni qət edib müqəddəs Ramazan bayramında əsgərlərimizlə görüşə gəldiklərini və burada gördüklərindən qurur duyduqlarını diqqətə çatdırıb. O, Azərbaycan əsgərinin məğrurluğunu hərbi paradlardan, geniş miqyaslı təlimlərdən hazırlanmış videoreportajlarda dəfələrlə izlədiyini vurğulayıb. Bu gün şəxsi heyətin xidmət şəraiti, onlara etibar edilmiş texnika, silah-sursatla yaxından tanışlıqdan, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu bir daha gördükdən sonra deyib: “Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev heç də hədər yerə deməyib ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Biz ən ucqar zirvələrdə gördük ki, həqiqətən bizim güclü ordumuz, döyüşkən oğullarımiz var və onlar hər bir əmrə hazırdırlar”.
Respublikamızın ayrı-ayrı bölgələrindən olan əsgər və zabitlərlə “Ordumuz qürurumuz, Xalqımız dayağımız” mövzusunda keçirilən söhbət zamanı “Türk dünyası” iqtisad fakültəsinin dekan müavini Cəvahir Məmmədova, “SABAH” Mərkəzinin dekanı, dosent Aida Quliyeva, dizayn kafedrasının müdiri, dosent Lalə Məmmədova, tələbə şöbəsinin müdiri, dosent Xalidə Yusifova Ordumuzla fəxr etdiklərini, onun uğur və nailiyyətlərindən qürur duyduqlarını bildiriblər. Döyüşçülərdən Vüqar Feyziyev, Eldəniz Hüseynov, Ruslan Əsədov, Hikmət Əlizadə, Vüqar Həmidov və başqaları arxalarında güclü xalq dəstəyinin olmasından, orduya inamın, bütün cəmiyyətdə vətənpərvərlik hissinin daha da yüksəlməsindən, cəmiyyətin Ali Baş Komandanımızın ətrafında vahid amal uğrunda birləşməsindən böyük güc aldıqlarını qeyd ediblər.
Düşmənlə təmas xəttindəki İsgəndər qalasında keçirilən görüş isə həm aksiya iştirakçılarının, həm də qalanın qəhrəman müdafiəçilərinin xatirəsindən uzun müddət silinməyəcək.
Polkovnik-leytenant Eldəniz Nəsirov bu qalanın tarixi barədə ətraflı məlumat verərək deyib: “Axısqa türkü olan İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı ildə Özbəkistanın Buxara vilayətində dünyaya göz açıb. Ukraynada hərbi xidmət keçən və Daşkənd İrriqasiya İnstitutunu fərqlənmə diplomu ilə bitirən İ.Aznaurov 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüz minlərlə Axısqa türkü kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə Şəmkir rayonunun Kür qəsəbəsinə gələrək burada çalışıb. Erməni işğalçıları torpaq iddiaları ilə ölkəmizə basqın edəndə İsgəndər də könüllü döyüşlərə yollanıb və yeni yaranmaqda olan ordumuzun ilk peşəkar döyüşçülərindən olub. Topçu İsgəndər bu qalada döyüş mövqeyi seçərək düşmənlərin üzərinə od ələyib, bir gündə rəqibin dörd topunu sıradan çıxarıb, onlarla düşməni məhv edib. Həmin vaxtlar ermənilər Topçu İsgəndərin başına külli miqdarda mükafat da ayırmışdılar. Hərbi hissənin artilleriya rəisinin müavini vəzifəsinədək yüksələn türk qardaşımız Başkəndin quldurlardan təmizlənməsində, Mutudərə, Ərdağı, Kaftar qalası əməliyyatlarında xüsusilə fərqlənib. “Örükdaş”da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə təkbaşına vuruşan İsgəndər səhhətində problemlər yaranmasına baxmayaraq, müalicə olunmaqdan imtina edib. Ağır döyüşlərin birində şəhid olan Topçu İsgəndərin Azərbaycan Bayrağına bükülmüş cənazəsi Bakıya aparılaraq böyük izdihamın iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə uğurlanıb. O vaxtdan alınmaz istehkama çevrilən bu mövqe İsgəndər qalası adlanır. Burada xidmət edən hər bir döyüşçü Topçu İsgəndərə oxşamağa, onun qəhrəmanlıqlarını təkrarlamağa çalışır.
İsgəndər Aznaurovun xatirə lövhəsinin qarşısında çıxış edən UNEC-in qadın fəalları, professor və müəllimlər şəxsi heyətə bundan sonra da şərəfli xidmətlərində uğurlar arzulayıb, Aprel və Günnüt əməliyyatlarında qazanılan qələbənin böyük zəfərlə nəticələnəcəyinə əminliklərini bildirən iştirakçılar ön səngərdən düşmən mövqelərini müşahidə edib, əsgərlərin sosial-məişət şəraiti ilə tanış olub, xidmətdə fərqlənən hərbiçilərə hədiyyələr təqdim ediblər.
Əsgərlər qrupun rəhbəri, dosent Təranə Kərimovanı ad günü münasibətilə səngər çiçəklərindən çələng hörərək onu təbrik ediblər.
Polkovnik-leytenant Rasim Manafov belə bir xeyirxah vətənpərvərlik təşəbbüsünə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə və bu gün ön səngərə gələn UNEC-in fəal qadınlarına komandanlıq adından minnətdarlığını bildirib.
UNEC-in Qadınlar Şurasının fəalları İsgəndər qalasından unudulmayacaq xatirələrlə, xoş təəssüratlarla paytaxt Bakıya qayıdıblar.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.