Sumqayıt Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirildi -

4-06-2019, 15:05            89 dəfə baxılıb


İyunun 4-də Sumqayıt Dövlət Universitetində kütləvi informasiya vasitələrinin nümayəndələri və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edildi. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında əvvəlcədən məlumat yerləşdirilmişdi.
Qonaqları universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov qarşılayaraq ali məktəbdə aparılan işlər və yaz imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verdi. Bildirdi ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. Prorektor onu da diqqətə çatdırdı ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlanma qərargahında kodlaşdırılaraq, müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, onlardan appelyasiya komissiyasının üzvlərinin və fakültə dekanlarının iştirakı ilə şifahi imtahan götürülür, cavab qaneedici olduqda qiyməti artırılır. Əks halda əvvəlki qiymət saxlanılır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Prorektor onu da qeyd etdi ki, imtahan başlayandan mütamadi olaraq universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə SDU-da və eyni zamanda Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində imtahan prosesi izlənilir.
Sonra dosent Ramiz Hüseynov fakültə dekanları, KİV nümayəndələri və valideynlər imtahanların gedişini izləmək üçün ayrı-ayrı fakültələr üzrə keçirilən imtahan otaqlarında, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsində oldular. İmtahan nəticələrinin ədalətli qiymətləndirilməsini yaxından izləyən valideynlər övladları üçün yaradılmış əlverişli təhsil mühitindən razı olduqlarını bildirdilər.









 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.