“Qapalı rejimə” keçən qurum: - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xalqı narazı salır -

14-05-2019, 17:53            48 dəfə baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) 1 ildən artıqdır ki, kadr dəyişikliyi olub, yəni, nazir dəyişib.

Ancaq ötən müddətdə Sahil Babayevin rəhbərliyindəki qurumdan bir-birinin ardınca narazılıqla ifadə olunan xəbərlər yayılır. Görünən odur ki, Sahil Babayev xələfi Səlim Müslümovun tutduğu yolun davamçısına çevrilib. Eyni problemlər və eyni yanaşma bu quruma qarşı ictimai narazılığı artırır. Sahil Babayev nazir təyin olunanda problemlərin həll olunacağına, ən azı qurumun fəaliyyətində ciddi irəliləyişin olacağına ümid yaranmışdı. Ancaq ümidlər hələ ki, özünü doğrultmur, ciddi dəyişiklik gözə dəymir. Əksinə, qurum sanki “qapalı fəaliyyət rejimi”nə keçib. 

Rəhbərlik mətbuatdan da uzaq durmağa başlayıb və rəsmi məlumatları “feysbuk” üzərindən yayınlamağa üstünlük verir. Bu, əslində, normaldır, amma qurumun mətbuat xidmətinə cavabdeh olan şəxslər onlara verilən suallara birbaşa cavabdan yayınmasalar.

Məsələn, “Cümhuriyət” qəzetində aprelin əvvəlində nazirliyin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzinin “Dərzi” ixtisası üzrə kursunun (28 noyabr (2018) -27 fevral (2019)) tələbəsi olan Almaz Məmmədovanın müsahibəsi yayımlandı. Müsahibədə təşkil olunan kurs haqqında ciddi iddialar səsləndi. Sözügedən iddialarla bağlı 11 aprel tarixində nazirliyin mətbuat katibi Fazil Talıbova sorğu ilə müraciət edərək aşağıdakı sualları ünvanladıq:

1. 28 noyabr (2018) -27 fevral (2019) aralığında Bakı Regional Peşə Tədris Mərkəzində “Dərzi” ixtisası üzrə keçirilən kursun tələbəsi olan Almaz Məmmədova onlara bu ixtisasla bağlı demək olar ki, heç nə öyrədilmədiyini deyib: “Müdavim kitabçası”nda göstərilən dərslər bizə öyrədilmədi”.

2. 3 aylıq kursun 2 aya yaxınını ancaq yazı yazmışıq. Müəllim kitabdan oxuyurdu, biz də yazırdıq. Yazmaqla dərzilik öyrənmək olar? Qalan 1 ayı da guya praktikaya ayırmışdılar, onda da balaca parçalarla gəlincik paltarları tikirdik. Dərzi olmaq üçün biçməyi, tikməyi hər şeyi bacarmaq lazımdır. Amma həmin kursu bitirən digər tələbələrdən də soruşsaq, dərziliklə bağlı heç nə bilmirlər. Mən o kursa böyük ümidlərlə getmişdim. Ümid edirdim ki, öyrənib dərzi, ömürlük çörək sahibi olacam. Amma Bakı Regional Peşə Tədris Mərkəzində təşkil olunan kurs bütün ümidlərimi məhv etdi.

3. Demək olar ki, hər gün bununla bağlı şikayət edirdim. Şikayət edən kimi Bakı Regional Peşə Tədris Mərkəzində Sifadə adında müəllim- deyəsən, sədr Nazim Eminovun köməkçisi idi- gəlirdi, danışırdı, problemlərinizi həll edəcəm, deyirdi, gedirdi. Amma heç nə dəyişmirdi. Kursda texniki avadanlıqlar çatışmırdı, olanlar da yararsız idi.

4. Yol pulları belə düzgün hesablanmamışdı. Məndə və digər bir tələbədə əskik hesablanmışdı. Şikayət etdim, amma həl olunmadı.

Fazil Talıbov sorğuya rəsmi cavab veriləcəyini bildirsə də, qurumdan səslənən iddialara cavab gəlmədi.

Qanunvericiliyə əsasən, rəsmi qurumlar onlara ünvanlanan suallara maksimum 30 iş günü ərzində cavab verməlidir. Amma görünən odur ki, F.Talıbov da daxil olmaqla, bəziləri müvafiq qanunvericiikdən xəbərsizdir, ya da onlara danışmamaq haqqında göstəriş verilib. Çünki səslənən iddialar kifayət qədər ciddi idi və qurum ən azından öz mövqeyini ifadə edə bilərdi. 

Nazirliyin suallara cavab verməməsi o anlama gəlir ki, problemlər qəbul olunur. Qəbul edilirsə, o zaman niyə aradan qaldırmır? Bu isə artıq başqa məsələdir. İndi bizim üçün qaranlıqdır ki, problemlərin olmasında nazirliyin öz marağı var, ya qurumun öz tabeliyində mərkəzlərə gücü çatmır!

Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son vaxtlar tutduğu mövqe əhalinin ciddi narazılığına səbəb olur. Məlumdur ki, ölkə başçısı İlham Əliyevin məlum sərəncamı ilə I qrup əlillərə 100 manat, onlara baxan şəxslərə isə 50 manat vəsait ödənilməlidir. Sərəncamın icrası aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Bəs sərəncam necə icra olunur? Rəsmi məlumatlara nəzər yetirsək, görərik ki, qurum ölkə başçısının sərəncamını icra etmir. Sərəncam imzalandıqdan sonra qurumun mətbuat katibi Fazil Talıbov məlumat yaydı ki, nəzərdə tutulan məbləğlər aprel ayının sonuna qədər hesablara köçürüləcək. Amma deyilən olmadı və vəsait köçürülmədi. Daha sonra F.Talıbov məlumat yayaraq, nəzərdə tutulan artımın may ayında iki aylıq olaraq ödəniləcəyini bildirdi. Ardınca may ayı üçün nəzərdə tutulan pensiyalar hesablara köçürüldü, amma sərəncam yenə icra olunmadı. Bundan əlavə olaraq da, I qrup əlillərin pensiyalarından 11 manat tutuldu. Narazılığın artdığını görən Fazil Talıbov daha bir məlumat yaydı: "Bu, o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub. Ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcək".

Amma onların təbirincə desək, bundan öncəki iki rəsmi informasiya özünü doğrultmadığından, artıq qurum rəsmisinin sözlərinə etibar etmək çətindir. Digər tərəfdən, sonuncu açıqlamada I qrup əlillərə baxan şəxslər üçün nəzərdə tutulan 50 manatdan danışılıb, amma eyni sərəncamda onlara verilməli olan 100 manat haqqında danışılmayıb. Əgər nazirlik I qrup əlillərdən 11 manat kəsirsə, deməli, onların kimliyi, sayı haqqında məlumatlıdır və siyahı tam hazırdır. Əgər siyahı hazırdırsa, sərəncamda göstərilən 100 manat niyə onların təqaüdünə əlavə olunmayıb? İkinci, bu məbləğ necə və hansı şərtlərlə veriləcək?

Qurumun daha bir “xidməti” isə əlillərə baxan şəxslərdən sənəd tələbidir. Bu, normal prosedurdur və lazımdır. Amma niyə sənəd qəbuluna hələ də başlanılmayıb? Bu məsələdə də ciddi problem mövcuddur. Nazirlik rəsmisi sənədlərin yerli Dövlət Sosial Müdafiə Fonduna (DSMF) verilməli olduğunu deyir, amma quruma tabe olan DSMF sənədlərin qəbulunu aparmaqdan imtina edir. Səbəb kimi isə nazirlikdən göstəriş gəlmədiyini göstərir.

Bundan əlavə, əgər nazirlik sənəd tələb edirsə, sənədləşmədən sonra nəzərdə tutulan I qrup əlillər üçün 100, onlara baxan şəxslər üçün isə 50 manatın ödənilməsinə başlanılacaqsa, o zaman niyə 11 manat indidən kəsilib? Cavabsız suallar kifayət qədərdir.

Yəqin ki, nazirlikdə gedən bu proseslərdən nazir Sahil Babayev də məlumatlıdır. Mövcud problemlərin aradan qaldırılmaması, yenilərin yaranmasına şərait yaradılması isə birbaşa nazirin adına yazılan mənfilərdir. Əgər nazir Babayev baş verənlərdən xəbərsizdirsə, bu, onun işinin öhdəsindən gələ bilmədiyinə, yəni, ölkə rəhbərliyinin etimadını doğrultmadığına dəlalət edir. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.