İki “dəniz”in qovuşduğu şəhər: Sumqayıt-Qafqazın Osakası -

25-04-2019, 11:34            303 dəfə baxılıb


Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur. Lakin siz bu reportajda öz əsrarəngizliyi, füsunkarlığı ilə Osakadan heç də geri qalmayan, Qafqazın Osakası hesab edə biləcəyimiz bir şəhərdən – onun sadəcə bir hissəsi olan bulvarından bəhs edəcəyik. İnanırıq ki, oxuduqlarınız bu şəhəri daha yaxından tanımaqda və sevməkdə kömək edəcək.

106 hektarlıq cənnət və ya “gənclər şəhəri”nin möcüzəsi

Bu il ölkəmizin ən böyük, eləcə də iqtisadi baxımdan ən çox tərəqqi edən şəhərlərindən biri olan Sumqayıtın 70-ci ildönümüdür. Əsası 1949-cu ildə qoyulan, son üç ildə ciddi yenidənqurma və abadlıq  işlərinin aparıldığı Sumqayıt şəhəri öz simasını sürətlə dəyişməkdə, müasirləşməkdə, gözəlləşməkdədir. Sumqayıtın son üç ildə necə, hansı sürətlə dəyişdiyini anlamaq üçün sadəcə şəhər bulvarını ziyarət etmək kifayətdir.

Hər şeydən öncə qeyd edək ki, bu gün əsl cənnət təsiri bağışlayan, təbiət və insan əməyinin bütün gözəlliklərini özündə birləşdirən Sumqayıt bulvarının indi yerləşdiyi məkan şəhərin ən baxımsız ərazilərindən biri olub. Kanalizasiya və çirkab sularının axıdıldığı, zibil təpəliklərinin “göz deşdiyi”, üfunət iyinin baş çatlatdığı bu ərazi son illərə qədər şəhərin ən yaralı yerlərindən biri sayılırdı. Lakin 2016-cı ildə heç kimin gözləmədiyi, ağlına belə gəlmədiyi bir möcüzə reallaşdı. 2016-cı ildə şəhərin ən baxımsız yerində heç kimin gözləmədiyi halda 106, 1 hektarlıq ərazidə əsl cənnət meydana çıxdı. Məlum ərazidə böyük bulvar kompleksi inşa edildi ki, bu kompleksə müasir ictimai iaşə obyektləri, idman meydançaları, yaşıllıqlar, avtodayanacaqlar, dambalar, velosiped yolu və s. daxildir.

Sahil boyunca kilometrlərlə uzanan, öz rəngarəngliyi, ruh oxşayan gözəllikləri ilə diqqət çəkən bulvarın hər qarışında şəhərin bu günü və sabahını düşünən insanların sevgi və əməyi duyulur. Bulvara minlərlə ağac və kolun qazandırdığı gözəllik isə sözün həqiqi mənasında göz oxşayır.

“Yaşıl dəniz”, yaxud qızılgül səltənəti…

Sumqayıt bulvarına seyr edərkən diqqət çəkən ən mühüm məqamlardan biri burada qazon sahəsinin, gül və ağac “dənizinin” on hektarlarla ərazini əhatə etməsidir. Məhz yaşıl sahənin böyüklüyü səbəbi ilə mavi Xəzərin sahilinə sığınan bulvar ərazisində yaşıllıqdan ibarət dəniz formalaşıb ki,  bu da şəhəri iki dənizin qovuşduğu məkana çevirir. Göy və yaşıl rənglərin ahəngdarlığını yaradan, bulvar ərazisin qeyri-adi gözəllik qazandıran bu mənzərə kilometrlərlə davam edir.

“Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbəri Yavər Vəliyev bizimlə söhbətində bulvar ərazisində əkilən gül və ağacların sayı ilə bağlı heyrət doğuran rəqəmlər səsləndirdi. Y.Vəliyevin sözlərindən bəlli oldu ki, bulvar ərazisində 180 minə yaxın qızılgül, habelə bir o qədər ağac və kol əkilib. Yaşıllıqların salınması zamanı 30-a qədər müxtəlif ağac növündən istifadə edilib ki, bunların arasında həm yerli, həm də xaricdən gətirilən ağaclar mövcuddur. Bütövlükdə xaricdən, xüsusilə də İtaliya və Türkiyədən gətirilən ağaclar üstünlük təşkil edir. Belə ki, bulvar ərazisində əkilən ağaclaırn 80%-i məhz adıçəkilən ölkələrdən gətirilib. Bundan başqa, Abşeron iqlimi üçün ideal hesab ediln zeytun ağaclarının da sayı yetərincə.

Bulvar ərazisində qızılgüllərlə yanaşı mövsümü güllərin əkilməsinə də xüsusi fikir verilir. Cari ilin yanvarından aprelinə kimi bulvar ərazisində 70 min mövsümü gül əkilib. Sumqayıt bulvarında 25 minə yaxın həmişəyaşıl gül mövcuddur ki, bu da mövsümdən asılı olmayaraq bulvarın yaşıl görüşünüşünü təmin edir. Bütövlükdə 106, 1 hektarlıq bulvar ərazisinin yarısını – 53,1 hektarını yaşıllıqlar təşkil edir. Elə bu səbəbdən də Sumqayıt bulvarı ilin bütün fəsillərində “yaşıl dəniz”i, yaxud qızılgül səltənətini xatırladır. Burada hər şey təbiətdən – onun ilkinliyindən, əbədiliyindən, sonsuzluğundan və insan ruhuna doğmalığından xəbər verir.

Sumqayıt bulvarında “İslandiya rüzgarı” : fontanlar, bulaqlar və daha nələr…

Sumqayıt bulvarının çoxsaylı özəlliklərindən biri də burada fontan və bulaqların bolluğudur. Öz gözəlliyi və çoxuğu ilə qeyzer və bulaqlar yurdu olan İslandiyanı yada salan Sumqayıt bulvarına sözügedən fontanlar qeyri-adi gözəllik qazandırır. Hazırda buvar ərazisində 6 ədəd fontan mövcuddur ki, onların hamısı işlək vəziyyətdədir və günün müvafiq saatlarında fəaliyyət göstərir.

Bulvar ərazisində bulaqların sayı fontanlarla müqayisədə daha çoxdur. Bulvar ərazisində 8 bulaq mövcuddur ki, bu bulaqlar 24 saat ərzində insanları yüksək keyfiyyətli su ilə təmin edir.

Bulvarda 3 sanitar qovşağı da mövcuddur ki, bu sanitar qovşaqları dekorativ kol və ağaclarla əhatələnib.

Bir sözlə, bulvar ərazisində yaşıllıqlar kimi fontan və bulaqlar da bu məkanın vahid gözəlliyinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Su və yaşıllığın hər addımda bir-birini tamamlayan vəhdəti bütün dünyada qeyzer və bulaqların vətəni kimi tanınan İslandiyanı yada salır. Sumqayıt bulvarını seyr etdikcə insana elə gəlir ki, Avropada yerləşən, okean və dənizlərlə əhatələnən gözəl İslandiya təbiətinin bir parçasını  hansısa sirli qüvvəsə “udub” və “həmin  parça” məhz burada – özünün 70 illiyinə hazırlaşan bu şəhərdə üzə çıxıb.

Istirahət və idmanı birləşdirən məkan

Sumqayıt bulvarında insanların istirahət ilə yanaşı, onların idmanla məşğul olması üçün də geniş şərait yaradılıb. Belə ki, buvar ərazisində iki mini futbol meydançası var ki, futbol həvəskarları bu meydançaların imkanlarından istifadə edə, asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirə bilirlər.

Sumqayıt bulvarında tennis həvəskarları üçün tennis meydançası da inşa edilib. Hansı ki, tennis həvəskarları müasir tələblər səviyyəsində qurulan bu meydanın imkanlarından istədikləri zaman istifadə edə bilərlər.

Bulvarda velosiped idmanının inkişafı üçün də bütün lazımi şərait yaradılıb. Bulvar ərazisində 3 metr enində velosiped yolu var ki, Sumqayıtdan başlayıb Novxanıya kimi davam edən bu yolun ümumi uzunluğu 12,7 km-dir.

Bulvar ərazisində velosiped yolunun mövcudluğu insanların idmanın bu növünə marağını artırmaqla yanaşı, şəhərin ekoloji durumuna da müsbət təsir göstərir. Velosipedin şəhər mühitində  ekoloji baxımdan ən təmiz nəqliyyat növü olduğunu nəzərə alsaq, buvardakı velosiped yolunun gələcək perspektvinin indikindən daha böyük əhəmiyyət kəsb etdiyi aydın olar.

Bayraq Muzeyi – dövlətçilik tariximizə işıq tutan milli-mənəvi abidə…

Sumqayıt bulvarında öz əzəməti ilə diqqət çəkən möhtəşəm tikililərnə biri də üçmərtəbəli Bayraq Muzeyidir. Tikintisi 2017-ci ilin fevralında başlayan və sentyabrında başa çatan muzeyin ümumi ərazisi 10 min kvadratmetrdir. Muzeydə iki sərgi zalı mövcuddur ki, burada 6 bölmə fəaliyyət göstərir.

Bayraq Muzeyinin ən mühüm özəlliklərindən biri də muzeydə dövlətçilik tariximiz, milli özünüdərkimiz baxımından vacib əhəmiyyət kəsb edən eksponatların nümayiş edilməsidir. Bu eksponatlar arasında ölkəmizin xanlıqlar dövrünə aid xəritələr, bayraqlar, metal sikkələr, kağız pullar, gerblər və s. nümayiş olunur. Bayraq Muzeyində həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də sovet Azərbaycanı ilə bağlı da ekspozisiyalar mövcuddur ki, bu da ölkə tarixinə bir küll halında, bütöv, tam şəkildə nəzər salmağa imkan verir. Əslində Sumqayıt bulvarının ümumrespublika əhəmiyyətinin bir isbatı da buradakı Bayraq Muzeyində sadəcə Sumqayıt tarixi ilə deyil,  bütün ölkə tarixi ilə bağlı eksponatların nümayiş edilməsidir.

Onu da vurğulayaq ki, 2017-ci ilin 15 dekabr tarixində istifadəyə verilən Bayraq Muzeyinin açılışında prezident İlham Əliyev də iştirak edib.

Bayraq Muzeyi şəhər sakinləri, xüsusilə də yeniyetmələr, orta məktəb şagirdləri və tələbələr  tərəfindən sıx-sıx ziyarət edilir ki, bu da gənc nəslin tariximizə bağlılığı, milli dəyərlər ruhunda tərbiyəsi baxımından olduqca əhəmiyyətlidir.

Müasir ictimai iaşə müəssisələri, təhlükəsiz qida, nümunəvi xidmət

Sumqayıt bulvarında insanların rahatlığını təmin etmək məqsədi ilə ictimai iaşə müəssisələri də fəaliyyət göstərir. Bulvar ərazisində müasir standartlara cavab verən restoran və kafelər fəaliyyət  göstərir ki, bu ictimai iaşə müəssisələrində vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir.

Bulvar ərazisində təsadüfi şəxslər tərəfindən vətəndaşlara keyfiyyətsiz qida məhsullarının satışını əngəlləmək, qida zəhərlənməsi və s. kimi arzuedilməz halların yaşanmasına yol verməmək üçün əraziyə ciddi nəzarət olunur.

Bulvar ərazisindəki insanların sadəcə qida təhlükəsizliyini deyil, həm də fiziki təhlükəsizliyini təmin etmək baxımından da bütün zəruri addımlar atılıb. Belə ki, bulvar ərazisinə həm texniki vasitələrin, həm də mühafizə xidmətinin vasitəsi ilə ciddi nəzarət olunur. Bu isə insanlara tam təhükəsiz şəraitdə istirahət etməyə, dənizin, təbiətin gözəlliklərindən zövq almağa imkan verir.

Ümumilikdə, bulvardakı gözəllik və təmizliyin qorunub saxlanılmasında “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün şəxsi heyətinin, eləcə də bu qurumun rəhbəri Yavər Vəliyevin böyük əməyi mövcuddur ki, bulvara gələn, onun gözəlliyindən zövq alan şəxslərin bu insanlara ən azından bir təşəkkür borcunun olduğu şübhəsizdir.

Avropanı ovsunlayan, Ispaniya və Fransada mükafatla təltif edilən şah əsər

Sumqayıt bulvarı ilə bağlı ən maraqlı və qürurverici məqamlardan biri də onun Avropanı belə heyrətləndirməsi, bir sıra beynəlxalq mükafatlara layiq görülməsidir. Xatırladaq ki, 2017-ci ilin 3 iyul tarixində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “Global Trade Leaders Club”un 24-cü Beynəlxalq Üstünlük və Liderlik Forumunda Sumqayıt bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb. Mükafat adıçəkilən təsisatın baş katibi Rikardo Lopes tərəfindən şəxsən təqdim edilib. Lakin bu, Sumqayıt bulvarının Avropada əldə etdiyi son uğur olmayıb. Elə həmin ilin 16 oktyabr tarixində Sumqayıt bulvarı Parisdə keçirilən forumda da “Global Trade Leaders Club”un “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na layiq görülüb.

Məlumat üçün qeyd edək ki, “Global Trade Leaders Cluv” dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri hesab edilir və bu sahənin ən nüfuzlu qurumlarından biridir.

Heç şübhə yoxdur ki, genişlənməkdə və gözəlləşməkdə olan Sumqayıt bulvarı bundan sonra da beynəlxalq forumlarda ən yüksək mükafatlara layiq görüləcək, ölkəmizin adını ucaltmaqda, onun gözəlliklərini tanıtmaqda davam edəcəkdir.

1200 nəfərlik yay səhnəsi və Muğam Mərkəzi

 

Sumqayıt bulvarında insanların mədəni istirahət üçün də lazımi şərait yaradılıb. Bulvarda 1200 tamaşaçı tutan yay səhnəsi var ki, bu səhnənin köməyi ilə mədəni tədbirlər keçirmək, konsertlər, teatr tamaşaları təşkil etmək mümkündür.

Sumqayıt bulvarında inşası davam edən və yalnız şəhər deyil, bütün ölkə miqyasında mühüm əhəmiyyət kəsb edən obyektlərdən biri də Muğam Mərkəzidir. Bu Mərkəzin inşası cari ilin sonlarına – Sumqayıt şəhərinin 70 illiyinə qədər başa çatdırılması və istifadəyə verilməsi nəzərədə tutulur.

Ölkə ziyalıları, xüsusilə də mədəniyyət və incəsənət xadimləri hesab edir ki, Sumqayıtda belə bir mərkəzin fəaliyyətə başlaması ölkədə milli-mədəni irsimiz olan muğamın inkişafına təkan verəcək, digər regionlar üçün də nümunə olacaqdır.

Xatırladaq ki, milli musiqimizin incisi sayılan muğamın təbliği və inkişafı Heydər Əliyev Fondunun uzun illərdir ki, mədəniyyət sahəsində həyata keçirdiyi prinsipial siyasətin mühüm tərkib hissəsdiir. Bu baxımdan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən belə bir mərkəzin inşa edilməsini həm də Heydər Əliyev Fondunun məlum siyasətinə verilən dəstək hesab etmək olar.

Xəzərin ənginliyinə uzanan körpü: Gəmilər Sumqayıtı buradan salamlayacaq…

Sumqayıt bulvarı ilə bağlı ən mühüm özəlliklərədn biri də bulvar ərazisindən Xəzərin ənginliyinə doğru iki nəhəng dambanın inşasıdır. Hansı ki, bu dambalardan birinin uzunluğu 520 metr, digər dambanın uzunluğu isə 150 metrdir.

Gəmilərin yanaşması üçün 800 metr uzunluğunda körpü inşa edilib. 10 metr yüksəkliyində estakada salınıb.

Bulvar ərazisinə özünəməxsus gözəllik qazandıran bu körpü və dambaların yaxın gələcəkdə gəmilər üçün əsl sığınacağı çevrilməsi gözlənilir. Başqa sözlə desək, bəlli bir müddətdən sonra Sumqayıt bulvarının sahilinə yan alan ağ yelkənli gəmilər gənclər şəhərini buradan salamlayacaq. Bu isə bulvarın şəhər sakinlərinə yeni görkəmdə təqdimatı demək olacaq.

Sumqayıt bulvarındakı körpü estetik baxımdan da əsl zövq mənbəyidir. Xüsusilə də küləkli havalarda özünü körpünün daş divarlarına çırpan mavi ləpələrin şahə qalxan görünüşünə tamaşa etmək insanda sözlə ifadəsi mümkün olmayan xoş ovqat, ülvi hislər doğurur. Həmçinin, dambalarla çarpışan ləpələrə baxmaq əsəb sarsıntısının, ruhi gərginliyin də ən yaxşı təbii müalicə hesab edilə bilər.

Ərazidə müasir işıqlandırma sistemi və oturacaqlar da quraşdırılıb ki, bu da sakinlərə axşam saatlarında da bulvarın gözəlliklərindən faydalanmağa imkan verir.

 “Sumqayıt möcüzəsi”nin müəllifi: Fədakarlığı ilə tarix yazan şəxsiyyət…

Sumqayıt bulvarından, bu bulvarın sonsuz gözəlliklərindən bəhs edərkən toxunulması gərəkən ən başlıca məqam heç şübhəsiz bu möcüzənin müəllifi, onun əsl fədakarlıq nümunəsi sayıla biləcək əməyidir. Sumqayıt bulvarının yaradılması məhz bu insanın – Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı ilə bağlıdır. Məhz onun səyi, Sumqayıt zəhmətkeşlərinin əməyi sayəsində hər kəsdə dərin heyranlıq doğuran belə bir möcüzə meydana çıxıb.

Bulvarın əsasının qoyulduğu gündən onun istifadəyə verildiyi günə qədər hər gün işlərin gedişatı ilə maraqlanmaq, öz tövsiyyə və tapşırıqlarını vermək üçün bulvar ərazisinə gələn Z.Fərəcov, bu gün də bulvarın genişləndirlməsi, daha da gözəlləşməsi istiqamətində durmadan çalışmaqdadır.

Z.Fərəcovun ən böyük əsərlərindən biri olan Sumqayıt bulvarının respublika miqyaslı önəmini sübut edən ən mühüm göstəricilərdən biri də ölkə başçısı İlham Əliyevin bulvarın açılışında şəxsən iştirak etməsi faktıdır. Xatırladaq ki, 27 sentyabr 2016-cı il tarixində Sumqayıta səfər edən ölkə başçısı bulvarın açılışında iştirak edib, görülən işləri yüksək qiymətləndirib. Ölkə başçısının bu addımı Sumqayıt bulvarının önəmi ilə yanaşı, həm də Z.Fərəcovun böyük əməyinə verilən tarixi qiymətdir.  Heç şübhə yoxdur ki, günümüzün insanları ilə yanaşı, gələcək nəsillər də icra başçısının bu əməyini dərin rəğbət və təşəkkür hissi ilə xatırlayacaq, minnətdarlıq duyğusu ilə yad edəcəklər.

 

Yeni möcüzələrin astanasında…

Sumqayıt bulvarı ilə bağlı perspektivdə duran maraqlı məsələrdən biri də bulvarın daha da genişləndirilməsi planı ilə bağlıdır. Belə ki, bulvarı genişləndirmək, daha çox insanın bulvardan istifadəsini təmin etmək məqsədi ilə bulvarın şimal istiqmaətinə doğru daha 1 km genişləndirilməsi nəzərdə tutulur.

Bu isə möcüzənin hələ bitmədiyini, əksinə, Sumqayıtın yeni möcüzələr astanasında olduğunu göstərir. Və biz ulu öndər Heydər Əliyevin “xoşbəxtlər şəhəri” kimi xarakterizə etdiyi Sumqayıtdan elə bu təəssüratla da ayrılırıq. Onun yeni möcüzələrinə şahid olacağımız, yeni uğurlarına sevinəcəyimiz ümidi ilə…

 







Seymur ƏLİYEVшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.