ŞƏMKİRLİ BİZNESMENLƏRİN "PİTER SAVAŞI"NIN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ -

10-02-2019, 11:45            112 dəfə baxılıb

Novruz Xəlilov qalmaqallı biznesmen kimi tanınan davakar həmyerlisi Elçin Əhmədovun yalanlarını təkzibolunmaz faktlarla üzə çıxarır

       Soydaşlarımızın daha çox yaşadıqları çoxmillətli Rusiya Federasiyasının Sankt-Peterburq regionunda 2015-ci ildə baş vermiş bu qanqaraldıcı olay, "Piter savaşı" olaraq, günü bugünədək mətbuat səhifələrinin də  "bəzəyinə" çevrilib. Xarakterlərindən belə açıq-aydın görünür ki, bu gurultulu qalmaqal barədə həm ölkə, həm də Rusiya mətbuatında gedən yazıların əksəriyyəti daha çox tanınmış biznesmen həmyerlimizin vurulmasına hesablanıb. Çirkin niyyətlərin həyata keçməsi funksiyasını yerinə yetirən mənfi xarakterli bu yazılar Azərbaycan ictimaiyyətinin qəzəb dairəsindən belə kənarda qalmayıb və buna görə, təəssüf hissləri keçirməmək olmur.  WhatsApp Image 2019-02-08 at 20.10.54_resize.jpeg  

İkrah oyadan olaylardan bəhs edən mətbuat materiallarını şərh etməyi sevməsək də, utancverici bu hadisəyə biganə qalmağımız mümkün olmadı. Özünüz də müqayisə edib, görəcəksiniz ki, kimlərinsə: "Xəlilov qardaşları şiştəpəliləri Piterdə ruslara necə satır?!" -- deyə, soydaşlarımız haqqında birbaşa ittiham irəli sürmələrinə hüquqi və mənəvi baxımdan haqqları yoxdur; Belə çıxır ki, Rusiya Federasiyasında məskunlaşan həmyerlilərimiz daha bir biabırçılıq törədiblər.

      Ölkə mətbuatında əleyhinə "tükürpədici faktlar" dolu daha bir neçə yazı oxuduqdan sonra, göstərilənlərə munasibətini öyrənmək üçün, Rusiya Federasiyasının Piter bölgəsində çoxdan uğurlu biznes adamı kimi tanınan həmyerlimiz Novruz Xəlilovla əlaqə yaratmaq qərarına gəldik. Çay süfrəsi arxasında baş tutan görüşümüzün

ilk anındaca bizə məlum oldu ki, o, Rusiyadan doğma Vətənə yenicə gəlib. Ona qarşı düşünülmüş hücumlara baxmayaraq, biznes əlaqələrinin inkişafı üçün, işini yenə də davam etdirir, hansısa xarici ölkədə işgüzar səfərdə olmaqdan belə çəkinmir: "Oxuduqlarınız, yəqin ki, sizi də dəhşətə gətirir. Doğrudan da, məni şantaj etmək üçün, bu boyda yalan və böhtanı özümə yaxın bildiyim həmyerlilərimin düşünməsi heç bir vicdan çərçivəsinə sığmır. Çirkin məqsədli, əqidəsiz, məsləksiz bu şəxslərin özləri kimilərin qulluqlarında durmaqdan ləzzət almaları,

qarayaxmalarla böyük bir vilayətin tanınmış iş adamının olduqca yüksək nüfuzuna kölgə salmaqdan sanki rahatlıq tapmaları da, hər kəsdə hədsiz təəssüf hissləri doğurur. Belələri Vətən, xalq, millət, həmyerli, soydaş anlamının mənasını belə başa düşmürlər".

      Söhbətimizə bu yöndən başlayan Novruz Xəlilov onu da bildirdi ki, əslən Şəmkir rayonunun Şiştəpə kəndindəndir. 15 yaşından -- 1999-cu ildən isə, taleyini bu regionla bağlayıb. Öncə dayısının rəhbəri olduğu şirkətdə çalışıb. 2001-ci ildən isə, özü şirkət yaradaraq, müstəqil biznes fəaliyyətinə başlayıb. Az müddət ərzində böyük uğurlar qazanıb. Uğurlarını gözü götürməyən həmyerliləri, 2015-ci ildən başlayaraq, adını çirkli oyunlarda hallandırmağa çalışıblar: "Həmin vaxtdan bu günədək hər yerdə, hər addımda, guya, aramızdakı münasibətlərin gərgin xarakter aldığını deyir, məni yalanlarla şantaj edirlər.

      O vaxt, hətta mənə yaxınlarım deyirdilər ki, həmyerlilərim məni hüquq-mühafizə orqanlarına vermək istəyirlər. İnanmırdım, axı, mənim onlara bir pisliyim də dəyməmişdi. Həm də həmin həmyerlilərimdən biri -- Elçin Əhmədovla mənim aramda baş verən qalmaqaldakı üçüncü şəxs kimi adı çəkilən Elbrus Məmmədov mənim doğma Şiştəpə kəndimdəndir. Özü də, kirvəmdir, uşaqlarımın qanı onun dizinə töküldüyündən, ondan belə bir hərəkət gözləmirdim. Elçin Əhmədov isə, Şəmkirin özündəndir. Onun Piterdə pul qazanması üçün, nələr etməmişəm: Ondan da, bu hərəkətləri gözləmirdim.          

      WhatsApp Image 2019-02-08 at 20.14.1964_resize.jpeg  

Həm də, mən onlardan, sadəcə olaraq, Piterdə olmayanda, aradan çıxardıqları halal pulumu -- 2 milyon dollarımı istəyirdim. Yaxınlarımin dediklərinin həqiqət olduğunu biləndən sonra, 2018-ci ildə məcburiyyət qarşısında, onları neqativ əməllərinə görə, polisə verdim. İllər öncə, Rusiyanın məhkəmə və hüquq-mühafizə orqanları əsl cinayətkarı tapıb, cəzalandırsalar da, yenə mənim haqqımda uydurulan yalanları səngimədi. Hətta 2015-ci ildə Sankt-Peterburq polisiylə şəriklik edən Elçin Əhmədov, mənimlə bərabər, qardaşım Namiqi həbs etdirməyə də nail oldu. Aramızda başlayan milyon yarımlıq mübahisəyə Rusiya İstintaq Komitəsi qarışdı. Haqqımızda uydurulan iddiaların yalan və böhtandan başqa bir şey olmadığını görüb, bizi çox çəkmədən həbsdən buraxdılar. Lakin qardaşımın dilindən iltizam aldılar ki, həmyerlilərimizə toxunmasın. Elçin Əhmədovun özü isə, istintaqdan ona görə yayına bildi ki, polislə işləməyi bacarıb həmişə. Şəmkir bazarında polis serjantı işləmiş bu şəxs, Piter polisinə də iş verməyi, onlarla dil tapıb, törətdiyi çirkin oyunlardan çıxmağı bacarıb. Hətta haqqında qaldırılan dəhşətli bir cinayət işini, Moskva istintaqına 1milyon 500 min dollar rüşvət verərək, bağlatdırmağı da bacarıb. Özü polisin iş verəni kimi tanındığı halda, bizi -- Xəlilov qardaşlarını hər yerdə utanib-qızarmadan polisin, MTN-nin iş verənləri kimi qələmə verməkdən çəkinmir. Guya, bilmir ki, Xəlilov qardaşları xeyirxah insanlardır, onun özünün mal-dövlət sahibi olmasının səbəbkarı da bizik. Qardaşım Famil Şistəpə kəndinə, kənd qəbiristanlığına yol çəkdirəndə, sanki gözləri qapanmışdı! Bir də ki, sizə təqdim etdiyim bu lent yazıları və qəbzlər də, onların yalanlarını üzə çıxarır".

manset0802201901_resize.jpeg

      Doğrudan da, gördükləri alqışalayiq işləri ilə seçilən soydaşlarımız haqqında belə yazılar oxumaq adamda məyusluq yaradır. Onlar haqqında qarayaxmalar dərc etmək -- biabırçılıqdır! Heç olmasa, belə yalanlar uydurulmazdan öncə, hər şey vicdan çərçivəsində  düşünülməli, Vətən, xalq, millət mənafeyi göz önünə gətirilməlidir! Bizcə, onların adlarını gurultulu qalmaqallarda hallandırmaq, "düşmən dəyirmanına su tökməkdən" başqa bir şey deyil. Əl çəkmək lazımdır belə qarayaxmalardan!

      Bir daha, özü də üstündən xeyli vaxt keçəndən sonra, yalan və məsuliyyətin nə demək olduğunu anlamadan, bu hadisə barədə tərsinə yazmağın nə mənası?! Vətən, xalq sevgili soydaşlarımızın daha çox məskunlaşdıqları, onların etibar və inam məkanına çevrilən, hara baxsan, doğma Azərbaycan izləri görünən böyük bir regionda bədniyyət insanların, gördükləri möhtəşəm işlərlə vilayətə səs salan öz həmyerlilərinin ürəkaçan uğurlarını gözləri götürməməsi, onların haqqında ortaya atdıqları uydurmalar, sadəcə olaraq, özümüzün özümüzə qənim kəsilməyimizin daha bir sübutudur.

       Onsuz da, Xəlilov qardaşları barədə verilən informasiyaların yalan, böhtan və şantaj olduğunu Rusiya boyda bir dövlətin hüquq-mühafizə və məhkəmə orqanları vaxtında təsdiqləyib. Hamının davakar həmyerlilər kimi tanıdığı qalmaqallı biznesmenlərlə Xəlilov qardaşları arasında başlayan milyon yarımlıq mübahisəyə Rusiya İstintaq Komitəsi qarışan zaman, Elçin Əhmədovla Elbrus Məmmədov istintaqdan yayınaraq, Azərbaycana sığınıblar. Bu dar məqamda Novruz Xəlilova zəng vuraraq, Bakıda onlarla görüşməsini, kompromisə getməyi xahiş ediblər. Nə olsun, ortaya kompromis variant qoyulsa da, aradan çıxardıqları iki milyon dollar puldan biri iki yüz min, digəri isə, iki yüz əlli min dollar pulu qaytaran bədniyyət həmyerlilər, iki il yarım müddət ərzində, Xəlilov qardaşlarının telefon zənglərinə cavab verməyiblər. Onların günahları yoxdursa, ikisi birlikdə 450 min dollar pulu niyə qaytarıblar?! Hətta kənd ağsaqqallarının məclisində, onların əksəriyyəti qəti şəkildə tələb ediblər ki, Elçin Əhmədov və Elbrus Məmmədov bizim halal pulumuzu qaytarsınlar.

     Azərbaycanlı iş adamına qarşı qarayaxma kampaniyası bundan sonra daha da kəskinləşib. Hər şeyi pulla, var-dövlətlə ölçənlər, ortada kəsilən duz-çörəyi belə unudublar. Beləcə, bütöv bir nəslin gələcəyi əsl təhlükəyə atılıb. Üstəlik, "şiştəpəliləri Piterdə şərləyən azərbaycanlı" uydurmalarla və Şəmkirin meyvə oliqarxlarının "Piter savaşı" kimi təqdim edilən  biabırçılıqlarla "sensasion təfərrüatlar" ortaya qoymaq istəyənlər tərəfindən, sovetlər dönəmindən məşhur olan Şiştəpə birliyinin pozulmasına cəhdlər edilib.

       Həmsöhbətimiz Novruz Xəlilov çoxdandır hamıya "Şiştəpəlilərin Piter savaşı" kimi təqdim edilən bu qanqaraldıcı olaydakı təəssüf doğuran bütün məqamlar barədə ürək ağrısı ilə danışdı: "Elçin Əhmədov Elbrus Məmmədovla əlbir olub, biz qardaşların 2 milyon dollarımızi ələ keçirdi. Həmin cinayətdə adı keçən Rövşən Muradovu mən Piterdə olmayanda, şirkətə menecer təyin etmiş, iki ay, hər ay ona 5 min dollar maaş da vermiş, demişdim ki, ora geri dönəndən sonra, onu özümə 20 faiz şərik də edəcəm. Onu da qeyd edim ki, onu mənimlə Elbrus tanış etmiş, yaxşı adam kimi təqdim etmişdi.  Onda Elçin Əhmədovla Elbrus Məmmədov, -- yalan-gerçək bilmirəm, -- Rövşən Muradovun onlara 1 milyon 500 min manat borcu olduğunu deyiblər. Guya, həmin borcu Rövşən ödəyə bilmədiyi üçün, Elçin Əhmədov yaxınlarıyla onu girov götürüblər. Hədə-qorxu gələrək, pulu ödəməsini tələb ediblər. O vaxt Argentinadan və Cənubi Afrika Respublikasından gətirdiyim iri partiyada meyvəni şirkətimdə menecer işləyən Rövşən Muradov Elçinlə Elbrusa verib. Guya, o, bu yolla borcdan yaxa qurtarmaq istəyib. Bundan sonra Rövşən Muradov ortadan yox olub. Guya, bu yolla biz qardaşların qəzəbimizdən özünü qorumaq istəyib. Biz, başımıza gələn bu müsibətdən bir neçə ay sonra xəbər tuta bildik. Bundan sonra İstintaq Komitəsinin əməkdaşları Rövşən Muradovun izinə düşüb, onu saxladılar. Onun ifadəsi zamanı Elçin Əhmədovla Elbrus Məmmədovun barəsində axtarış elan olundu. Onlar həbsdən yayınmaq üçün, qaçıb, Azərbaycanda gizləndilər.

     Həmin vaxt Rusiyanın “Kommersant” qəzeti də, Sank-Peterburqda meyvə-tərəvəz biznesilə məşğul olan biz azərbaycanlı biznesmenlər arasında baş vermiş qalmaqaldan yazdı. Həmin məqalədə də bildirilirdi ki, Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iri çaplı iş adamları Elçin Əhmədovla ( “Bu sahəni monopoliyada saxladığı üçün, ona "Banan Elçin" deyirlər -- red.) biz qardaşlar arasında mübahisə yaranıb. Qəzetin yazdığına görə də, Elcin Əhmədov bizim 1 milyon 500 min dollar pulumuzu quldurluq yolu ilə ələ keçirib.

İstintaqın versiyasına görə, biznesmen təxminən 1 milyon 500 min dollar pulumuzu quldurluqla ələ keçirib. Həmin yazıda 1 milyon 500 min dollarlıq mübahisənin arxasındakı müdhiş məqamlar da yer almışdı.

       İllik ticari dövriyyəsi 7 milyard rubl olan bu azərbaycanlı iş adamı haqqında elə ittihamlar irəli sürülür ki, "adamın ayaqları altından yer qaçır". Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İdarəsi həmin şikayəti əsas tutub, Əhmədovun evində, iş yerində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparıb. Sonda, o da məlum olub ki, "Banan Elçin" banan dolu maşınların içərisində Rusiyaya külli miqdarda narkotik gətirib. Onun adı, hətta sifarişli qətllərdə, adam oğurluğunda, narkotik alverində,  eləcə də Argentinadan yola saldığım gəmidəki külli miqdarda meyvənin bir neçə aydan sonra üzə çıxan qəsbində də çəkilib.

      Haqqımızda hər cür uydurmalar irəli sürməkdən çəkinməyən bu iki şəxs, barəmizdə nələr demirlər?! Bütün dedikləri bir yana, adamı dəhşətə gətirən budur ki, guya, indi vəziyyət o həddə çatıb ki, Sankt-Peterburqda, elə Şiştəpənin özündə bu məsələlər insanlar arasında çaxnaşmalar yaradıb. Guya, artıq Şiştəpə sakinləri də bizim -- Famil, Namiq və Novruz Xəlilov qardaşlarını artıq toylarına çağırmırlar. Üz-üzə gəlməkdən qaçırlar. Guya, biz bu gün çox şeyi həll edən, amma hər şeyi həll etməyən pul qazanmaq eşqinə casusluq etməklə düşmüşük və bu səbəbdən, kəndin yas mərasimlərinə belə buraxılmırıq.

      Belə yalan və uydurmalar, "biri var imiş, biri yox imiş" kimi nənələrimizin bizə söylədikləri nağıllardan başqa bir şey deyilmi?!.".  





шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.