Şəmsəddin Hacıyev: Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur -

3-12-2019, 13:01            29 dəfə baxılıb


“Milli Məclisdə Yeni Azərbaycan Partiyası üzvlərinin təşəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsinə dair tarixi bir qərar qəbul edildi. Qərar həm digər siyasi partiyaların üzvü olan, həm də müstəqil deputatlar tərəfindən də dəstəkləndi. Bununla da Yeni Azərbaycan Partiyası Azərbaycanın ən yeni siyasi tarixində ilk dəfə olaraq belə bir siyasi qərarın qəbul edilməsinin təşəbbüskarı kimi bir daha ölkədə siyasi mədəniyyətin inkişafına öz töhfəsini vermiş oldu. Təbii ki, bu qərar müasir dövrün çağırışlarını özündə ehtiva edən obyektiv zərurətdən irəli gəlir. 2018-ci ildən başlayaraq Azərbaycan özünün sosial-iqtisadi inkişafında tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Şübhəsizdir ki, ölkəmizdə bu gün də davam edən sistemli islahatlar nəticəsində cəmiyyətin bütün sahələrini əhatə edən ciddi, inqilabi dəyişikliklər dövlətin icra və məhkəmə hakimiyyət qollarında olduğu kimi, qanunvericilik hakimiyyətindən də kənarda qala bilməzdi. Fikrimcə, Azərbaycan Respublikasının Milli Məclisində nəzərdə tutulan islahatlar üç istiqamətdə getməlidir: birincisi, Milli Məclisin tərkibi yeniləşməli; ikincisi, Milli Məclisin fəaliyyət prinsipləri və mexanizmləri yeni tələblər səviyyəsində qurulmalı və üçüncüsü, Milli Məclisdə qəbul edilən qanunların yerinə yetirilməsinə Parlamentin nəzarəti gücləndirilməlidır.” Bu fikirləri  MM-in deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev bildirib.
Şəmsəddin Hacıyev qeyd edib ki, təbii ki, yeni çağırış Milli Məclisin uğurla formalaşması keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizədlərin hansı meyarlara cavab verməsindən asılı olacaqdır: “Fikrimcə dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan, milli-mənəvi dəyərlərimizə bağlı, qanunvericilik sahəsində təcrübəyə malik, seçicilərlə mütəmadi təmas saxlayan, onların problemlərini öz problemi kimi qəbul edən, ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edən, dünyada baş verən qlobal prosesləri düzgün qiymətləndirə bilən, dünya ölkələrinin mütərəqqi parlamentarizm təcrübələrini Azərbaycan reallığında tətbiq etməyi bacaran, şəxsi keyfiyyətləri, mənəviyyatı, milli ruhu, intelekti ilə fərqlənən, sözün əsl mənasında Azərbaycan vətəndaşı Milli Məclisdə təmsil olunmalıdır. Milli Məclisdə nə qədər çox konstruktiv alternativ fikirlər irəli sürülərsə, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir o qədər geniş imkanlar yaranar.
Qısaca olaraq qeyd etmək istərdim ki, V çağırış Milli Məclis öz fəaliyyəti müddətində qanunvericilik sahəsində əhəmiyyətli işlər görmüşdür. Təkcə onu demək kifayətdir ki, ötən bu dövr ərzində Milli Məclisdə 1700-dən çox qanun və qanunlara dəyişikliklər qəbul edilmişdir. Təsadüfi deyil ki, Azərbaycan parlamentinin 100 illiyi qeyd olunarkən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışında Milli Məclisin fəaliyyətinə yüksək qiymət vermişdir. Bütün bunları nəzərə alaraq bir daha qəbul etməliyik ki, YAP-ın təşəbbüsü ilə növbədənkənar seçkilərə gedilməsi, bəzi müxalifət nümayəndələrinin “Milli Məclis Prezidentin etimadını doğrultmadı”, “Milli Məclisdə böhran hökm sürür” kimi əsassız fikirləri ilə deyil, birmənalı olaraq ölkə başçısı tərəfindən həyata keçirilən sistemli islahatların hakimiyyətin bütün qollarını əhatə etməsinin zəruriliyi ilə izah oluna bilər. Yəqin ki, hətta qeyri-rəsmi olaraq hakimiyyətin dördüncü qolu kimi qəbul edilən media sahəsində də ciddi dəyişikliklərin aparılması gözləniləndir. Xüsusilə parlament-media münasibətlərinin aparılan islahatların tələblərinə uyğun olaraq yeni əsaslarda qurulmasına ciddi ehtiyac vardır.
İstənilən halda, vaxtından əvvəl seçkilərə gedilərək yeni çağırışlara və yeni hədəflərə müvafiq olaraq xalqın etimadını qazanan deputatların təmsilçiliyi ilə növbəti çağırış Milli Məclisin formalaşması, əminik ki, ölkəmizdə islahatların daha sürətli, daha uğurlu və genişmiqyaslı şəkildə aparılmasına müsbət mənada ciddi təsir göstərəcək, eyni zamanda dövlət hakimiyyətinin bütün qolları arasında əlaqələrin daha səmərəli qurulmasına lazımi imkanlar yaradacaqdır.”шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.