"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev -

12-11-2019, 18:40            54 dəfə baxılıb
Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır. Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, yaxud da ki, layihə icra edilə bilməz. Əlbəttə, belə olan halda bizə həm maraq artır, həm də ki, bəzi dairələr tərəfindən təzyiqetmə cəhdləri də arta bilər. Düzdür, son 16 ilin təcrübəsi onu göstərir ki, kənardan edilən hər hansı bir təzyiqə Azərbaycan çox böyük məharətlə və ləyaqətlə davam gətirə bilir. Bizə qarşı ünvanlanmış bütün bu oxlara, silahlara tutarlı cavab verə bilmişik. Bu cavabın əsas mahiyyəti ondan ibarətdir ki, xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqil həyatımızın əsas təminatçısıdır. Ancaq yenə də deyirəm, gənclər mütləq məhz vətənpərvərlik ruhunda tərbiyə almalı və təcrübə toplamalıdılar. Ona görə son dövrün kadr islahatlarının məqsədlərindən biri də odur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün kadr islahatlarının yeni dövrüdür: "Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır.

Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir"шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.