"Atatürk düzgün olaraq Avropalaşma yolunu seçmişdi” - Fələstin niyə Ərdoğana qarşı çıxdı? -

11-10-2019, 15:33            85 dəfə baxılıb
 
 

ABŞ-ın hədələri daha Türkiyəyə təsir etmir.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında Türkiyənin həyata keçirdiyi əməliyyatlara qarşı çıxan qüvvələrin əsas məqsədinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Fəratın şərq hissəsində türk ordusunun antiterror əməliyyatı uğurla davam edir:

“ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı hədə-qorxuları sabun köpüyünü xatırladır. O, istəsə belə qardaş ölkənin iqtisadiyyatını çökdürə bilməz. Çünki bu cür məsələlər Trampın səlahiyyətini aşar. ABŞ-da prezident, ələlxüsus da Tramp kimi prezident böyük məsələləri tək həll etmir. Tramp Tvitterdə ona-buna hədə qorxu gəlməkdənsə, yaxşı olar ki, növbəti impiçment təhlükəsi ilə məşğul olsun. ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi Vaşinqton üçün lazımi nəticələri vermədi. ABŞ yenidən Türkiyəyə qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlamayacaq. İndiki halda PKK-ya görə Türkiyə ilə iqtisadi müharibə belə ABŞ-ın maraqlarına cavab vermir. Tramp əslində Türkiyəyə deyir ki, 30 kilometrlik tampon bölgə qur, amma ondan o yana getmə”.

Politoloq Tramp və Ərdoğanın noyabr ayında keçirəcəyi görüşə də toxunub:

“ABŞ Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirməsi faktı ilə razılaşıb. Son illərdir qardaş ölkə terrorçularla amansız savaş içindədir. Terrorla mübarizə həm ölkədaxili, həm də ölkə xaricində uğurla davam edir. 80 minlik türk ordusunun Şimali Suriyada keçiriləcək hərbi əməliyatı da terrorla amansız müharibənin davamıdır. PKK formalaşdığı gündən bu yana görmədiyi zərbələri alır. İndi isə PKK-nın Suriya qolu olan YPG-PYD-nin vaxtıdır”.

Ə. Məmmədli Türkiyəyə qarşı terror hədə-qorxularına da münasibət bildirib:

“"Ağ ev" Türkiyəyə bununla deyir ki, qeyri-rəsmi olaraq bütün qüvvələrlə sənə Fərat çayının şərqində müqavimət göstərəcəm. Gözlənildiyi kimi, ABŞ Türkiyə ilə PKK-ya görə üz-üzə gəlmədi, amma nəzarətində olan bütün qüvvələri, o cümlədən İŞİD-çiləri də NATO-dakı müttəfiqi türk ordusuna qarşı vuruşdurmaq istəyir. Yəni amerikalılar türklərə deyir ki, həbsxanadakı İŞİD-çiləri sizinlə savaşmaq üçün azad edəcəyik. Qərb demokratiyasının əsl siması budur. Lazım gələndə terrorçularla müttəfiq olmaqdan çəkinmirlər.

Politoloq vurğulayıb ki, ABŞ Türkiyədə terror aktları edən və rəsmən bunu bəyan edən PKK-YPG-PYD ilə ittifaqdadır:

“PKK, İŞİD tipli terror təşkilatları ABŞ-a regionda qara işlərini görmək üçün lazım olan hərbi qruplaşmalardır. Türk ordusu İŞİD-lə necə vuruşmağı və onlara qalib gəlməyi yaxşı bilir. Türkiyə yeganə ölkədir ki, İŞİD-ə qarşı quru əməliyyatı keçirdi və onları darmadağın etdi. Artıq Ankara Suriyada növbəti antiterror əməliyyatının düyməsini basıb. Amerikanın dəstəyi ilə belə PKK-lar, İŞİD-lər yenə də türk ordusuna əngəl ola bilməyəcəklər”.

Ə. Məmmədli YPG-nin bölgədə İran, Rusiya kimi ölkələrlə Türkiyəyə qarşı əməkdaşlıq etmə ehtimalına da toxunub:

“YPG ola bilər ki, İranla, Əsədlə, hətta Rusiya ilə Türkiyədən qurtulmaq üçün ittifaqa girmək istəsin. Sadəcə onların heç biri YPG ilə Türkiyəyə qarşı ittifaqa girən deyil. Çünki YPG-yə görə ağlı başında olan dövlət Türkiyə ilə savaşmaz. O cümlədən İran”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə müsəlman dünyasından Türkiyənin keçirdiyi əməliyyatlara olan etirazların səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, bu gün Türkiyə keçmişdən dərs çıxararaq, təhlükəsizlik orqanlarından tutmuş silahlı qüvvələrinə kimi- yeni sistem qurmağı bacarıb:

“Səudiyyə, Misir, BƏƏ, Küveyt, İraq, Fələstin və digər ərəb dövlətləri Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına qarşı çıxdı. Fələstinin həmin siyahıda yer alması Ərdoğana ciddi zərbədir. Vaxtilə onun müsəlman dünyasının liderliyi uğrunda anti-İsrail bəyanatlarına baxmayaraq, ərəblər bir daha sübut etdilər ki, onlar Türkiyənin müsəlman dünyasının başında yer almasına heç vaxt razı olmayacaqlar. Beləliklə, bütün bunlar onu göstərir ki, vaxtilə Atatürk çox düzgün olaraq Avropalaşma yolunu seçmişdi”.

Politoloq qeyd edib ki, Suriyanın şimalındakı əməliyyatlar Ərdoğanın haqqıdır:

“O, dəfələrlə NATO üzvlərindən, eyni zamanda regional oyunçulardan PYD-YPG ilə bağlı tədbirlər görməyi tələb etmişdi. Buna əməl edilmədisə, Türkiyə üçün başqa yol yox idi. Bu Türkiyə daha müstəqil, daha sərbəst Türkiyədir”.


шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.