“Miranşah”, “Lotos-MQ 2012” MMC-lər kimə məxsusdur... - İDDİA -

5-12-2018, 12:45            33 dəfə baxılıb
 Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə bağlı informasiyalar səngimək bilmir.
Aim.az Mediatv.az-a istinadən xəbər verir ki, bir müddət Mərkəzi Elmi Kitabxanada ümumi dəyəri 122.567 min manat olan 113 ədəd noutbook və kompyuterin oğurlanması ilə gündəmə gələn xanım sən demə,“Soros fondu”nun əməkdaşı da olub. İxtisasca həkim Leyla İmanova tibb sahəsində deyil, AMEA-da çalışmaq başlayıb. Bir müddətdən sonra qohumları vasitəsilə Prezident Administrasiyasının Humanitar məsələlər üzrə sabiq şöbə müdiri Fatma Abdullazadə ilə münasibət yaradandan sonra onun vasitəsilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin olunub. Fatma Abdullazadəyə arxalanan kitabxana direktorunda o dərəcədə arxayınçılıq yaranıb ki, Leyla İmanova qardaşının kürəkəni, həyat yoldaşı Nazim İmanovun isə bacısı oğlu Ruzi Məmmədovu Yüksək Texnologiyalar və Layihələr üzrə direktor müavini təyin edib. Kitabxana işindən xəbərsiz Ruzi Məmmədov isə dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə direktor müavini təyin etdirib. Məsələ o həddə çatıb ki, Leyla İmanova bibisi oğlu İbad Əliyevi də özünə müavin təyin edib. Rəqəmsallaşma şöbəsinıə xala oğlu, kitabxana xidməti şöbəsinə rəfiqəsi Aygün Səfərova rəhbər gətirilib. Bu təyinatlar AMEA-nın vitse prezidenti, bu sahəyə birbaşa məsul şəxs İsa Həbibbəyli ilə razılaşdırılmayıb. Bir az əvvəl yuxarıda qeyd etdiyimiz kimi, Fatma Abdullazadə faktoru hamını susmağa vadar edir. Elə hər şey də bundan sonra başlayıb. Kitabxana işini bilənlər sıxışdırılıb, əzilib, narazı salınıb və işdən çıxarılıb. İşdən çıxarılan onlarla peşəkar kadrları Bakı Dövlət Universitetinin kitabxanaçılıq üzrə təhsil almış peşəkarları deyil, Leyla İmanovanın peşəkarlıqdan uzaq pul gücünə işə götürülən “komanda”sı əvəz edib. İndi 200-ə yaxın işçidən 10 nəfər mütəxəssisi olan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanovanı bu müşkül məqamda İsa Həbibbəyli də müdafiə edir, onun əməllərinə göz yumur. Bu səbəbdən 122.567 min manat dəyəri olan kompyuterləri kitabxanada fəhlə işləyən Ələkbərov Orxan Xələf oğlu tərəfindən oğurlanması hadisəsi də müəmma doğurur. Çünki, 12 avqust 2018-ci il tarixində kitabxananın direktor müavini Fuad Aslanov Yasamal rayon Polis İdarəsinə 3 ədəd noutbook oğurlanması ilə bağlı ərizə təqdim etsə də, 4 sentyabr 2018-ci il tarixində direktor Leyla İmanova ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompyuter və noutbook oğurlanmasına dair məlumat verib. Qəribədir ki, müavin və direktorun Yasamal rayon Polis İdarəsinə təqdim etdikləri ərizələr 23 gün fərqi ilə təqdim olunub və tamam fərqli rəqəmlərlə əhatələnib. Hadisədən sonra oğurlanmış avadanlıqların yerinə AMEA-nın zirzəmisində toz basmış “Kür” kompyuterləri qoyulub. Bu vəziyyət təbii müəyyən fikir söyləməyə əsas yaradır ki, ya Leyla İmanova oğurluğun miqyasından xəbərsiz olub, ya da ki, baş verən bu oğurluq hadisəsini hansı səbəbdən kimlərsə gizlətmək istəyib.Çünki, AMEA-nın prezidenti akademik Akif Əlizadənin 617 №-li sərəncanıma əsasən tərtib olunmuş məktubda polisə fərqli müraciətlərin olunduğu vaxtı var. Hətta, vitse prezident İsa Həbibbəylinin 16 sentyabr 2018-ci il tarixli təqdimatına əsasən, 02 oktyabr 2018-ci ildə “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” iclasda Leyla İmanovaya töhmət, müavinlərin işdən çıxarılması barədə qərar qəbul edilib. Yenə hansı müəmma səbəbindən icrası barədə AMEA-nın Rəyasət Heyəti Aparatının kadrlar şöbəsinə bu günkü günə qədər məlumat verilməyib. “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” AMEA-nın Həmkarlar İttifaqının sədri Habil Qurbanovun özü belə loyal münasibət göstərib, Leyla İmanovanı müdafiə etmək yolunu tutub. Yəni, ciddi “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” razılaşdırılan razılıq nəticəsiz qalıb. Bütün bunlar ümumi bir qənaətə söykənərək fikir yürütməyə əsas yaradır ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında kompleks maliyyə yoxlamaları aparılmalıdır. Belə olarsa, orada nələrin baş verdiyi, “ailə ansamblı”nın hansı səbəbdən formalaşdırıldığı da əhəmiyyətli şəkildə müəyyənləşər. Çünki, oğurlanan noutbooklar və kompyuterlər aysberqin görünən tərəfidir. Yəni, bir fəhlə o sayda avadanlığı necə oğurlayıb, harada gizlədib, oğurlanan kompyuterlərin, noutbookların yerinə nə səbəbə köhnə “Kür” kompyuterləri qoyulub və s. hamısı müəmmalı olaraq qalır, ziddiyyət doğurur. Digər tərəfdən isə, müəyyən suallar yaranır ki, niyə Mərkəzi Elmi Kitabxananın direktoru və mühasibi kitabxanaya ayrılan dövlət vəsaitlərini il ərzində “Miranşah” və “Lotos-MQ 2012” MMC-lərə köçürür. Bu MMC-lər kimə məxsusdur, eləcə də köçürülən dövlət vəsaitləri müqabilində “obnaliçka” olunan pullar kimlərə çatır. Həmçinin, AMEA Mərkəzi Elmi Kitabxanasında işləməli olan bir çox əməkdaş oğurluqdan əvvəllər niyə işə çıxmayıb, nə səbəbə onlar virtual işləyənlər adı altında sığortalanıblar. Bəlkə onlar virtual işçi adı altında “ölü canlar” olub. Nə səbəbə oğurluqdan əvvəl Mərkəzi Elmi Kitabxana sosial şəbəkələrdə görülən işləri paylaşmayıb, indi belə məsələlər yada düşüb, o cümlədən, daxili yoxlama təşkil edilib. Paylaşmalar, daxili yoxlama indimi yada düşüb? Bəlkə kitabxana rəhbərliyi elə başa düşür ki, hazırda ştrixkodla apardığı yoxlamanın nə məqsəd daşıdığı bəlli deyil.
 Artıq oğurluqdan sonra o da aydın olub ki, onlar heç bir iş görməyiblər. Mərkəzi Elmi Kitabxananın ümdə işi elmin informasiya təminatı olmalı olduğu halda, orada başqa işlə məşğul olublar, başları MMC-lərə qarışıb, sosial şəbəkələrdə işlərin paylaşılması belə yaddan çıxıb. İndi birdən yada düşüb ki, kitabxananın rəhbərliyinə qorunması tapşırılan xeyli miqdarda nadir və qiymətli elmi nəşrlər də “itib”... Yoxsa, nədən ilin, günün bu vaxtı Mərkəzi Elmi Kitabxananın direktoru nələrin itdiyini bilmək üçün bütün işlərini kənara atıb, 2015-ci ildən bu yana kitabların yerində olub-olmamasını bilmək istəyir, balansa götürdüyü xeyli miqdarda nadir və qiymətli elmi nəşrləri ştrix kodla axtarır, daxili yoxlama aparır. Demək ki, orada başqa şeylərin də oğurlanmasına dair şübhələr mövcuddur. Belə çıxır ki, AMEA Mərkəzi Elmi Kitabxanasında elmi kitabların gələcək nəsillərə çatdırılması, mübadiləsi, qorunması heç də hələ təhlükəsiz deyil.
Qeyd: Bildirək ki, bu çaterial DİA.AZ-ın elektron ünvanına göndərilib. Bütün iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...  шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.