Ərdoğan Bəşər Əsədlə təmasa gedəcəkmi? - Ankara sammiti HEÇ NƏYİ HƏLL ETMƏDİ -

17-09-2019, 12:28            46 dəfə baxılıb
Astana prosesində 3 ölkənin Suriyadakı maraqları tam üst-üstə düşməsə də, Suriyanın ərazi bütövlüyünə baxış eynidir.
Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi çərçivəsində Ankaradakı 5-ci görüşünün nəticələrini təhlil edib. Təhlildə bildirilib ki, Astana prosesindəki fikir ayrılıqları elə görüşdən əvvəl özünü biruzə verib:
“Məsələn, görüşdən əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, İdlib şəhərini və Fərat çayının şərq sahilini çıxmaq şərtilə, Suriyada müharibə bitib. Başqa sözlə, Moskva hesab edir ki, İdlib terrorçulardan təmizlənməli, ABŞ qoşunları Fərat çayının şərqini tərk etməlidir. Türkiyə bu iddianın ikinci hissəyilə razılaşa bilər, yəni ABŞ qoşunları Fərat çayının şərqini tərk etməlidir. Ancaq Ankara bununla bərabər Fərat çayının şərqini PKK uzantılarından da təmizləmək istəyir ki, rusiyalı rəsmilərin isə bununla bağlı konkret açıqlamaları yoxdur. Rusiya prezidenti Vladimi Putin PKK və onun uzantılarının adlarını tələffüz etmədən Ankarada sadəcə onu dedi ki, Türkiyənin sərhədlərini qorumaq hüququ var. Yəni Kreml sahibi Türkiyə ordusunun Fərat çayının şərqinə doğru əməliyyatına qarşı deyil. Ankarada İdliblə bağlı fikir ayrılığı da ortadan qaldırılmadı. Rusiya prezidenti mətbuat konfransında çıxışı zamanı ona işarə etdi ki, İdlibdə terrorçular qaldıqca Suriya ordusunun bu şəhərdə əməliyyat keçirmək hüququ var. Aydındır ki, məsələnin bu cür qoyuluşu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan razılaşa bilməzdi. Ərdoğan Sergey Lavrovun “müharibə bitib” yanaşmasını da qəbul edə bilməz. Çünki Fərat çayının şərq hissəsi – Suriyanın az qala 20-25 faizi PKK uzantılarının nəzarətindədir. Türkiyə üçün Suriyada müharibə bitməyib. Digər tərəfdən, Türkiyə Suriyada nəzarət etdiyi ərazilərdə yaşayış məntəqələri yaratmaq istəyir ki, qaçqınları oralarda yerləşdirə bilsin. Ancaq Ankara istəyir ki, bu problemin həllində tərəfdaşları ona dəstək versin. Avropa dövlətləri, o cümlədən Tehran və Moskva Ankaranın bu planını dəstəkləsələr də, əllərini daşın altına qoymurlar. Tam əksinə, İran prezidenti Ankaradakı mətbuat konfransında belə bir ifadə işlətdi ki, bəs 40 il ərzində Əfqanıstandakı müharibələrdən qaçan 3 milyon əfqan İranda sığınacaq tapıb və İrana heç kim kömək etməyib. Yəni Həsən Ruhani demək istədi ki, İrana qaçqın probleminin həllində heç bir dövlət kömək etməyibsə, Türkiyə də kiminsə köməyinə bel bağlamasın”.
Təhlildə qeyd edilib ki, Ankarada prezidentlərin razılaşdırdığı əsas məsələ Suriya Konstitusiyasını müəyyənləşdirəcək komitənin tərkibinin müəyyənləşdirilməsi oldu:
“Bu komitənin müəyyənləşdirilməsini ən çox Putin arzulayırdı. Çünki Kremlin məntiqinə görə Bəşər Əsəd rejimi ilə müxalifət nümayəndələri arasında gələcək Konstitusiyanın müəyyənləşdirilməsi məqsədilə danışıqlar başlayarsa, bu, kənar dövlətlərin Suriyaya müdaxiləsinə son qoymalıdır. Ankara və Tehran Konstitusiyanın müəyyənləşməsinə etiraz etmirlər. Putin Suriya Konstitusiyasının müəyyənləşməsi üçün danışıqların intensivləşməsinin tərəfdarıdır. Yeri gəlmişkən, Kreml sahibi Konstitusiya komitəsində müxalif nümayəndələrin müəyyənləşməsində Ərdoğanın xüsusi rolunu vurğuladı”.
Təhlildə vurğulanıb ki, Ankara toplantısı Suriya ilə bərabər ikitərəfli görüşlərdə qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə də yadda qalıb:
“Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə görüşündə iki ölkə arasındakı ticarət mübadiləsinin 17 faiz artımından məmnuniyyətini dilə gətirdi. Putin Ərdoğanla görüşdə də ikitərəfli əlaqələrdən razı qaldığını səsləndirsə də iki iradını bildirməkdən də çəkinmədi. Birincisi, Putin dedi ki, ticarət mübadiləsində milli valyutaya keçidi sürətləndirmək lazımdır və o, Ankaranın daha çevik hərəkət edəcəyinə ümidini vurğladı. Putinin ikinci iradı onunla bağlı idi ki, Moskva Türkiyədən öz bazarında Rusiyanın metallurgiya və kimya sənayesi məhsullarına qoyduğu məhdudiyyətləri ortadan qaldırmasını gözləyir.
Hətta liderlər ortaq mətbuat konfransında Suriya mövzusuna aid olmayan mesajlarla da yadda qaldılar. Məsələn, rusiyalı jurnalist Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum barədə sual verdikdə, Vladimir Putin gözlənilmədən, Qurandan sitatlar gətirərək, müsəlmanların bir-biri ilə savaşmaması gərəkliyini xatırlatdı. Putin bundan sonra daha bir gözlənilməz fikir söylədi: “Səudiyyə Ərəbistanı hava sahəsini qorumaq istəyirsə, İran və Türkiyə kimi Rusiyadan S-300 və S-400 raketləri alsın”. Bunun mümkün olmadığını Putin də bilir. Səudiyyə Ərəbistanı əsas silahları müttəfiqi ABŞ-dan alır. Görünür, Putin ona işarə etdi ki, Rusiyanın raketləri ABŞ-ın raketlərindən daha etibarlıdır. Həsən Ruhani isə suala cavabında faktiki dedi ki, yaxşı edib Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücum ediblər. Nə qədər ki, Ər-Riyad Yəməni bombalayacaq, qarşı tərəf də ona cavab verəcək. Ərdoğan Ruhani qədər Səudiyyə Ərəbistanının bombalanmasını dəstəkləməsə də, dedi ki, Yəməndəki müharibəyə ölkə xaricindən müdaxilələrə də diqqət yetirmək lazımdır. Yəni Ərdoğan da sözünü ona gətirdi ki, Səudiyyə Ərəbistanı Yəməni bombalamamalıdır”.
Təhlildə Ankaranın Dəməşqlə birbaşa təmaslara başlamasının aktuallığının artması məsələsinə də toxunulub:
“Suriyada müharibə başlayanda Bəşər Əsədin mövqeləri zəif idi, Ankara düşünürdü ki, Əsəd rejimi tab gətirməyəcək və ona qarşı tənqidləri artırdı. Ancaq üstündən 8 il keçdikdən sonra Bəşər Əsəd İran və Rusiyanın dəstəyi ilə hakimiyyətini qorumağa müvəffəq oldu. Odur ki, hazırda Əsəd yenidən ölkəsində əsas gücdür. Buna görə də Ankara ilə Dəməşq arasında müzakirələrin başlaması mümkündür. Bunu Tehran və Moskva da istəyir. Necə deyərlər, əbədi dost və düşmən məfhumu yoxdur. Türkiyə ötən əsrin başlanğıcında işğalçılara qarşı mübarizə apararkən, Böyük Britaniya ilə müharibə aparırdı. Türkiyədə Cumhuriyyət qurulduqdan sonra Böyük Britaniya ilə dostluq münasibətləri quruldu. Və ya Türkiyə sərhəddini pozan Rusiyanın hərbi təyyarəsini vurduqda, Moskva ilə Ankara arasındakı münasibətlər gərginləşdi. Ancaq Ərdoğan özündə güc taparaq, Putinə üzrxahlıq məktubu yazdı. Hazırda iki ölkə arasındakı münasibətlər inkişafın ən pik dövrünü yaşayır. Çünki bunu Türkiyənin təhlükəsizlik maraqları diqtə edir. Eləcə də hazırda Türkiyənin təhlükəsizlik maraqları Suriyadakı real hakimiyyətlə təmaslara başlamağı diqtə edir. Başqa alternativ yoxdur. Əslində Bəşər Əsəd rejimi də xoş addım atmaqla Ankara ilə arasındakı körpüləri bərpa edə bilər. Məsələn, Suriya ordusu Fərat çayının şərq sahilindəki PKK uzantılarına qarşı hərbi əməliyyata başlayarsa və ya ən azı bu niyyətini ortaya qoyarsa, bu, Türkiyənin Əsədə baxışını dəyişdirə bilər. Rəsmi Ankara üçün də çətindir. Türkiyə Suriyada bir-birlərini qəbul etməyən Rusiya və ABŞ-la taktiki birlik içindədir. Məsələn Türkiyə İdliblə bağlı Moskva, Fərat çayının şərq hissəsinə nəzarət etmək üçün isə ABŞ ilə danışıqlar aparır. Halbuki, Ankaranın Suriyadakı problemlərin həlli üçün elə birbaşa Dəməşqlə təmas qurması vacibdir”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.