Sosial mediada da təhqir və böhtan hüquqi məsuliyyət yaradır - TƏHLİL -

9-09-2019, 15:46            100 dəfə baxılıb
İnternet hazırda ən sürətli yayım vasitəsidir. İnternet üzərindən əlaqə qurulması, xüsusilə sosial şəbəkələr vasitəsilə məlumatlandırma və interaktivlik imkanı olduqca güclü və sürətlidir.

Buna görə də toplumun həyatının vacib və ayrılmaz elementinə çevrilmiş sosial şəbəkələrdə davranışın hüquqi tənzimlənməsi aktuallıq qazanıb. Günümüzdə ən çox müzakirə edilən mövzulardan biri sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır. Ümumiyyətlə, sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradırmı? Bu məsələ qanunla necə tənzimlənir?

Beynəlxalq praktika

Türkiyə Cümhuriyyətinin Cinayət Məcəlləsinin (Ceza Kanunu) 125-ci maddəsində göstərilir ki, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi də təhqir (hakaret) cinayəti tərkibi yaradır. Digər hallarda əməl ən azı 3 şəxsin iştirakı ilə törədilməlidir.

Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir (оскорбление) cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. (Кодекс Российской Федерации об Административных Правонарушениях - ст. 5.61). Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Avropa Məhkəməsinin qərarlarında isə qeyd edilib ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə, məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidir; bu halda onların müəyyən mülahizə hüdudları var. Mətbuatla bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir. Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir.

Azərbaycan qanunvericiliyi nə deyir?

Beynəlxalq hüququnun hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz.

Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.



Şərəf və ləyaqətin alçaldılması məsələsini mübahisələndirmək üçün ilk növbədə bu anlayışların mənasının dəqiqləşməsinə ehtiyac var.

Şərəf - şəxsə verilən ictimai qiymətdir. Yəni, şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə dəyərləndirilməsidir.

Ləyaqət - şəxsin özünün özünə verdiyi qiymətdir. Yəni, şəxsin mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsidir.

Nüfuz - başqa şəxslər tərəfindən verilən qiymətdir. Yəni, şəxsin cəmiyyət, kollektiv, dostlarının əhatəsi, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.

Bəs təhqir və böhtan dəyərkən nə nəzərdə tutulur? Təhqirin və böhtanın obyekti nədir? Təhqirin obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Şəxsiyyətin nalayiq formada alçaldılmasını, təhqiredici hərəkətin nalayiq olub-olmamasını isə cəmiyyətdə ümumilikdə qəbul edilmiş əxlaqi dəyərlərə, birgə yaşayış qaydalarına, ümumi qəbul edilən prinsiplərə uyğun olaraq məhkəmə, amma ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir.

Böhtan isə yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzda salan məlumatların yayılmasıdır.

Sosial şəbəkələrdə təhqir və böhtan hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

Real kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internetdə böhtan və təhqir etmə Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Eyni zamanda CM-nin 148-1-ci maddəsinə görə, İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir.

Təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir.

Saxta profillər

Hazırda sosial media ilə bağlı müzakirə olunan əsas məsələ saxta hesab və profillərlə bağlıdır. Adətən, məsuliyyətdən və "şəxsi hesablaşma"dan yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir. Sosial mediada saxta istifadəçi adları, profil və ya hesablar dedikdə qanunvericilik nəyi nəzərdə tutur? Hansı hesablar saxta hesab edilir?

İstifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumatların yerləşdirildiyi profillər saxta hesab olunur. Eyni zamanda məlumatların gizlədildiyi, habelə digər şəxsə aid olan məlumatlarla onun razılığı olmadan yaradılmış hesablar, profillər də saxta hesab olunur.

Amma nəzərə almaq lazımdır ki, İnternet informasiya resurslarında müxtəlif ictimai iaşə obyektlərinin, tarixi şəxsiyyətlərin, müxtəlif şəhər, rayon və s. ərazi adlarını özündə əks etdirən hesablar, qruplar, səhifələr var. Hazırkı qanunvericilikdə bu məsələ açıq qalır.

İstintaq tarixi şəxsiyyətlərin, müxtəlif şəhər, rayon və s. ərazi adlarını daşıyan səhifələri şəxsin eyniləşdirilməsi mümkün olmayan profil hesab edərək, saxta qəbul edə bilər. Amma bu barədə maddənin dispozisiyası və qeydində dolğun məlumat verilməyib. Yəqin ki, həmin xüsusatlarla bağlı qanunvericiliyin şərhi veriləcək.

Bəs saxta hesabın olduğu yerin müəyyənləşdirilməsi hansı qaydada aparılmalıdır?

Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsində göstərilib ki, cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. İP və data ünvanının əldə edilməsi üçün “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” istintaq hərəkətlərinin məcburi aparılmasına məhkəmə qərarının alınması tələb olunur. Belə halda, müstəntiqin vəsatəti əsasında prokuror məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə qərarı ilə telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar ələ keçirildikdən sonra ekspert və mütəxəssislər cəlb edilməklə şəxsin yeri müəyyən edilə bilər.

Ölkədən kənardakılar da məsuliyyətdən kənarda qalmayacaq

Sosial şəbəkələrdə ölkədən kənarda olan şəxslərin söyüş və təhqir, böhtanla daha çox məşğul olması müşahidə edilməkdədir. Ümumiyyətlə, ölkədən kənarda olan şəxsin hər hansı cinayət törədərkən məsuliyyətdən kənarda qalacağı haqqında fikirlər kökündən yanlışdır. CM-də göstərilib ki, Azərbaycan vətəndaşı ölkədən kənarda törətdiyi əmələ görə (bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət hesab olunursa) xarici dövlətdə məhkum olunmayıbsa, Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilir. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycandan kənarda ölkəmizin maraqlarına (mənafelərinə) və vətəndaşlarına qarşı cinayət törətdikdə qanunvericiliyimizə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında zərərçəkmiş tərəfindən məhkəmələrə müraciət oluna bilər. CM-nin 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsi isə ictimai xüsusi ittiham qaydasında prokurorluq orqanları tərəfindən istintaq edilir.

Şamil Paşayev
Hüquqşünas
 //APA//шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.