“Un kralı”, “Otellər zəncirinin sahibi”, “tikinti oliqarxı” - Qanunun yanından keçən biznesmen deputatlar -

23-08-2019, 13:16            46 dəfə baxılıb


Deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzindəki qalmaqaldan sonra Milli Məclis üzvlərinin qeyri-qanuni biznes fəaliyyəti yenidən gündəmə gəlib. 

Azərbaycanda bir sıra deputatların bizneslə məşğul olduğu heç kimə sirr deyil. Baxmayaraq ki, deputatların bizneslə məşğul olmasını qadağan edən maddəni məhz özləri qəbul edib, amma buna məhəl qoymadan bizneslə məşğul olan millət vəkilləri az deyil. Xatırladaq ki, ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı sahibkarlıq, komersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.

“Cümhuriyət” qəzeti olaraq bizneslə məşğul olan deputatların siyahısını təqdim edirik:

Biznes imperiyasına sahib olan deputatların siyahısına 79 saylı İmişli dairəsindən Milli Məclisə seçilən Əsabil Qasımov başçılıq edir. Mətbuatın “un kralı” adlandırdığı Əsabil Qasımov Azərbaycana taxıl idxalı ilə məşğul olan əsas şirkətlər “Karat Holding” MMC, “Gəncə Dəyirman” MMC, “Karmen” MMC, “Aveta” MMC və “Fatoğlu” MMC-nin sahibidir. Bununla yanaşı, İmişlinin deputatı xaricdə də biznes sahibidir və o, “YUTAS (OOO "ÖTAS")” MMC, “PODOLSK UN FABRİKİ” MMC, “RUSAGRO” MMC, “STAV-AZ MMC” (OOO "STAV-AZ"), “AQROS” MMC, “EKSPO” MMC və digər bir çox şirkət və istirahət mərkəzlərinə rəhbərlik edir. Bununla yanaşı paytaxta fəaliyyət göstərən və tərkibində 2 ədəd 18 mərtəbəli hoteli birləşdirən "MARINE PLAZA" MMC və “Karat MTK”, “İdeal” MMC, “Azİnvest kimi tikinti şirkətləri də deputata məxsusdur. Bakıda ümumilikdə Əsabil Qasımov və ailə üzvlərinə aid olduğu bilinən 29 şirkət fəaliyyət göstərir.



“Oliqarx deputatlar” siyahısında 39 saylı Gəncə şəhəri Kəpəz I dairəsindən Milli Məclisə deputat seçilmiş Xanlar Fətiyevin də adı çəkilir. Gəncə Avtomobil Zavodunun rəhbəri olan deputat Azərbaycandan Gürcüstana, Gürcüstandan Belarusa, Belarusdan Almaniyaya uzanan çoxşaxəli biznes imperiyasına sahibdir. Xanlar Fətiyevin biznesi avtomobil icrasi, turizm, avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı və digər sahələri əhatə edir. Məlumata görə, Rusiyanın paytaxtı Moskvada yerləşən, sahəsi 7208 kvadratmetr olan “Kompas” Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir.

97 saylı Goranboy-Ağdam-Tərtər dairəsindən deputat seçilən Ağalar Vəliyev də biznesmen deputatlardandır. Ağalar Vəliyev isə, xüsusilə tikinti biznesində söz sahibi olanlardandır. Hazırda tikinti sahəsində bu və ya digər mənada adı hallanan “Kristal Abşeron” MMC Ağalar Vəliyevin nəzarətində olan şirkətdir. O, bununla yanaşı, “Azəraqrartikinti” ASC-nin rəhbəridir. Maraqlıdır ki, Ağalar Vəliyev özü də bizneslə məşğul olduğunu təsdiq edir. O, bununla bağlı mətbuata açıqlamasında deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur”.

Biznesmen deputatlardan danışarkən daim qalmaqallı açıqlamaları ilə gündəmə gələn, 74 saylı Lənkəran seçki dairəsindən deputat seçilən, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adını çəkməmək “haqsızlıq olardı”. Hadi Rəcəbli də biznes sahəsində xüsusi çəkisi olan deputatlardır. Onun “biznes imperiyasına” isə bunlar daxildir:

Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)
- Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.
- Bakıdakı “DNS Computers” şirkətinin 4, Sumqayıtda isə 1 mağazası.
Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.

Digəri Tural Rəcəbli isə deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən “DNS Computers” şirkətlərini idarə etdiyi iddia olunur.

Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.

Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.

70 saylı Masallı şəhər dairəsindən Milli Məclisə deputat seçilən Nəriman Əliyev də biznes sahibidir. Masallının deputatı avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən “Ştutqart” mağazalar şəbəkəsinin sahibidir. Qeyd edək ki, "Ştutqart”ın Mərkəzi, Mikrorayon, Yasamal, Biləcəri, Əhmədli, Bakıxanov, Masallı, Lənkəran və s filialları mövcuddur. “Ştutqart” mağazalar şəbəkəsinin millət vəkili Nəriman Əliyevə məxsus olduğu bilinsə də, rəsmi sənədlərdə Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur.

67 saylı Cəlilabad şəhər dairəsindən Milli Məclisə deputat seçilən Malik Həsənov da bizneslə məşğul deputatlardandır. Əslində, Malik Həsənov 2010-cu ilə, yəni deputat seçilməmişə qədər də biznes rəhbəri idi. Qeyd edək ki, Malik Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşıdır. Malik Həsənov “AZİNKO Holdinq”in rəhbəridir, amma məlumatlara görə onun sahib olduğu biznesə nəzarəti qardaşı Kərəm Həsənov edir.



Deputat Rüfət Quliyev isə ölkəni tütünlə “təmin edir”. Böyük biznesə rəhbərlik edən R.Quliyev 73 saylı Lənkəran şəhər dairəsindən deputat seçilib. Bununla yanaşı onun adı qalmaqallı ortaqlıqlarla da daim gündəmə gəlib. Rüfət Quliyevin əsas gəlir gətirən şirkəti isə Azərbaycanı tütünlə təmin edən və zamanında Eldar Mahmudovla şərik olduğu “European Tobacco” şirkətidir. Millət vəkilinin paytaxt və xaricdə biznes obyektlərindən başqa demək olar ki, Lənkəranda bütün əhəmiyyətli dövlət obyektlərini özəlləşdirib. Məsələn, “Haftuni Çay Fabriki” Rüfət Quliyevin əmisi oğlu Rəşid Quliyevin adına özəlləşdirib. “Lənkəran Çay 5” fabrikini isə deputat əmisi Fərman Quliyevin adına keçirib. Eyni məkanda həm də daha sonra Bakıda satılan Dekorativ Bitkilər istehsalı müəssisəsi yaradılıb. Lənkəran şəhərinin ən mərkəzi yerində millət vəkilinə məxsus 2 mərtəbəli “Alov” kompleksi var ki, orada da restoran, şirniyyat evi, dönərxana yerləşir. 

Vilayət Muxtar
Cebhe.info

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.