ABŞ Qafqaza girir: Kremlin cavabı... - TƏHLİL -

22-08-2019, 10:21            225 dəfə baxılıb

Gürcüstanda ABŞ-ın hərbi bazasının yaradılması söhbətləri çoxdan gedir. Bu məsələ Saakaşvilinin vaxtından gündəmdədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ-ın Gürcüstanda öz bazasını yaradacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, ABŞ-ın bu istəyi İvanişvilinin dövründə səngimişdi, lakin son dönəmlər aktuallığını yenidən artıb:

“Rusiya Gürcüstanda mövqelərini qaytarmaq üçün bir neçə cəhd etdi. Lakin Tiflis buna ciddi müqavimət göstərdi: Gürcü parlamentində məlum hadisə, onun ardınca rus konsulluğunun mühasirəyə alınması, müxalifətin mitinqləri və s. Tiflisdəki mitinqlərə ruslar Acarıstanın paytaxtı Batumidə rusyönümlü gürcü siyasi qüvvələrinin aksiyaları ilə cavab verdi. Muxtariyyətlərindən yalnız Acarıstanı əlində saxlayan Gürcüstan görür ki, bu bölgəsində də Rusiya güclüdür və bundan narahat olmaya bilməz. Görünür ki, Gürcüstan Rusiyanın hücumlarına adekvat cavab kimi ölkəsində ABŞ bazalarının yerləşdirilməsindən başqa çarə görmür”.

Politoloq bildirib ki, ABŞ-ın öz bazalarını Gürcüstanda yerləşdirməsi regionda heç bir təhlükə yaratmayacaq:

“ABŞ bazalarının Gürcüstana yerləşdirilməsi düşünmürəm ki, hansısa təhlükə deməkdir. Zatən, regionda Ermənistanda rus hərbi bazaları var. Gürcüstanda ABŞ, Azərbaycanda isə Türkiyə bazalarının olması, əksinə, bir ölkənin başqa bir ölkəyə basqısının qarşısını alacaq. Bu da Cənubi Qafqazın hansısa bir ölkənin vassalı olmaqdan qurtaracaq”.

Ə.Məmmədlinin sözlərinə görə, ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsi indiki məqamda Azərbaycanın xeyrinədir:

“ABŞ bazasının Azərbaycan yaxınlığında yerləşdirilməsinin bizə daha çox müsbət təsiri var, nəinki mənfi. Regionumuzda ABŞ bazalarının olması Rusiyanın əllərini qısaldacaq, Rusiyanın da Cənubi Qafqazda əllərinin qısalması Azərbaycanın xeyrinədir. Çünki Rusiya Azərbaycanın düşməni Ermənistanla siyasi-iqtisadi-hərbi ittifaqdadır. Düşmənimizin dostunun xeyrinə olmayan nəsə düşmənimizin də əleyhinədir. Bu isə avtomatik bizim xeyrimizə çevrilir. Sabah Qarabağ cəbhəsində hər hansı genişmiqyaslı bir hərbi əməliyyatda ABŞ-ın yaxınlıqda olması düşmənimiz Ermənistanın müttəfiqi Rusiyaya alternativ bir gücdür. Azərbaycan bu alternativ gücdən dolayısı ilə istifadə edə bilər. Bu həm də Türkiyə hərbi bazalarının Azərbaycana gəlişini daha da tezləşdirə bilər. Bu isə iki NATO ölkəsinin Cənubi Qafqazda hərbi bazasının olması deməkdir. Nəticədə regionda güclərin balansı dəyişmiş olar. İndiki situasiyada regionumuzda güclərin balansının Rusiyanın əleyhinə çevrilməsi Azərbaycanın ziyanına deyil. Əlbəttə, Azərbaycan üçün Rusiya və ya ABŞ-ın heç bir fərqi yoxdur. Azərbaycan üçün əsas olan milli maraqlarıdır”.

Politoloq bildirib ki, Rusiya mövqeyini dəyişsə və Qarabağın qaytarılmasında Azərbaycanın yanında olsa, o zaman bu, hər şeyi dəyişər:

“Əgər Rusiya Azərbaycana münasibətini daha da müsbətə dəyişsə və Qarabağımızın qaytarılmasında bizə maneəçilik törətməsə, onda biz də bu məsələdə yanaşmamızı Moskvanın xeyrinə dəyişə bilərik. Yenə qeyd edirəm, Azərbaycan üçün əsas öz maraqlarıdır. Hesab edirəm ki, Rusiyaya indiki məqamda Ermənistandan daha çox Azərbaycan lazımdır. Düşünürəm ki, Moskva bu haqda ciddi düşünüb, Bakıya dost əli uzatmalıdır. Moskva-Ankara-Bakı üçbucağı hər üç ölkə üçün ən sərfəli gedişatdır. Ankara ilə Bakı buna razıdır. Son söz indi Moskvadadır. Rusiya bu məsələdə tələsməlidir, çünki Cənubi Qafqazın qapısını Vaşinqton döyməkdədir”.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.