Yol polisində bahalı nömrələri kim satır? - AÇIQLAMA -

8-08-2019, 13:11            40 dəfə baxılıb

"Adından da görünür ki, bu, məhz dövlət qeydiyyat nişanıdır və o, heç bir halda digər şəxslər tərəfindən bir-birinə satıla bilməz”.


Qaynarinfo xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev avtosfer.az-a müsahibəsində bahalı nömrələrlə bağlı sualı cavablandırarkən deyib.


O, qeyd edib ki, artıq 8 ilə yaxındır ki, "Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, nömrələrdə əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə dövlət qeydiyyat nişanlarının satışı həyata keçirilir.


Bu da rəqəmlərin, hərflərin kombinasiyasından asılı olaraq 500-2500 manat arasında dəyişir: "O ki qaldı bir çox portallarda, avtomobil alq-satqısı ilə məşğul olan saytlarda müxtəlif dövlət qeydiyyat nişanlarının astromonik qiymətlərlə satışının həyata keçirilməsinə, bu, sadəcə diqqət cəlb etmək üçündür. 


Orada elə nömrələrə elə qiymətlər qoyurlar ki, həmin nömrə neçə müddətdir qalıb bizdə, heç 500 manat rüsum ödəyib alan yoxdur. Amma həmin 500 manatlıq nömrəni onlar  5, 10, 12 min manata satışa qoyublar. Biz vaxtilə bu elanlarala bağlı araşdırma da aparmışıq.


O nömrələrin əksəriyyətinin sahibinin onun satışından xəbəri də yoxdur. Biz həmin nömrələr təhkim olunmuş nəqliyyat vasitəsinin sahibi ilə əlaqə saxlamışıq, deyib ki, mənim məlumatım yoxdur. Bəziləri isə deyib ki, bir neçə il əvvəl maşını satmaq istəmişəm, qiyməti ilə maraqlanıblar, amma indi maşını yox, nömrəsini satışa çıxarıblar.


Bu gün hamı başa düşməlidir ki, əgər nömrə mənim avtomobilimə təhkim olunubsa, mən yalnız avtomobilimi bu nömrə ilə sata bilərəm. "Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsi satılanda satanın istəyi və alanın da razılığı ilə dövlət qeydiyyat nişanı satdığı şəxsdə də qala bilər, yaxud satan şəxsin digər avtomobilinə də keçirilə bilər. Ona görə də o qiymətə nömrəni qoyanlar əslində avtomobili satanlardır. Sadəcə, avtomobillə kimsə maraqlananda deyir, 50 minə avtomobil satırsan, bu qiymətə dəyməz. O saat fikrini dəyişir ki, elə 20 min bunun nömrəsidir. Bunu kim təyin edir? Satan özü.


Nəqliyyat vasitəsi qeydiyyatdan çıxdıqda isə dövlət qeydiyyat nişanı mütləq Baş Dövlət Yol Polisi İdarəsinə, yaxud, regionlarda digər qeydiyyat-imtahan şöbələrinə təhvil verilməldir. Bəzən də görürsüz, kimsə deyir ki, mən bu nömrəni vermişəm, nömrə mənimdir, bron etmişəm, amma mənim nömrəmi sonradan kiməsə veriblər. Bilmək lazımdır ki, qanunvericilikdə nəqliyyat vasitəsinin təhvil verilmiş dövlət qeydiyyat nişanının saxlanılması və həmin şəxsə məxsus olması ilə bağlı heç bir müddəa yoxdur. Yəni bu gün təhvil verilmiş dövlət qeydiyyat nişanı sabah başqa şəxsin nəqliyyat vasitəsinə təhkim oluna bilər”. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.