“MilliÖn” sistemi yalnız narazılıq yaradır... - GİLEY -

18-07-2019, 11:17            80 dəfə baxılıb
Ötən şənbə və bazar günləri Bakının insan kontingentinin daha sıx olan "Elmlər Akademiyası", "28 May" və "Neftçilər" metrostansiyalarına yaxın ərazilərində, habelə "Hökumət Evi", "Şamaxinka", "Semaşko xəstəxanası" və "İnqilab, 17" deyilən yerlərində quraşdırılmış "MilliÖn” ödəmə qurğularının işləməməsi, yenə də, paytaxt sakinlərini olduqca narazı salıb. Həmin yerlərdə daha çox avtobus dayanacaqlarında yerləşdirilən adıçəkilən ödəmə sisteminin monitor aparatlarının texniki problemlər üzündən tez-tez xarab olması, onların əksəriyyətinin düymələrinin işləməməsi, bu sistemdən balanslara pul yükləmənin mümkünsüzlüyü, ödəmələrə dair həmin aparatların qəbz verməməsi, həmçinin bu terminallardakı probmlemlər barədə qaynar xəttə edilən zənglərə vaxtında reaksiya verilməməsi və yaranmış nasazlıqların gün ərzində aradan qaldırılmaması bu dəfəki vətəndaş narazılıqlarının da əsas səbəbi olub.

Yeri gəlmişkən qeyd edək ki, problemi yalnız bununla bitməyən “KOMTEC” LTD MMC-yə məxsus bu terminalların paytaxtda belə acınacaqlı və dözülməz duruma düşməsi ilk dəfə deyil. Bakı sakinləri və şəhərin qonaqları "MilliÖn" aparatlarının tez-tez xarab olmasına, sutkalarla nasaz vəziyyətdə qalmasına dəfələrlə şahidlik ediblər. Hər dəfə məlum olub ki, bu problem və nasazlıqların çoxluğu, onları aradan qaldırmağa borclu olan qurumun tam məsuliyyətsizliyi ucbatından yaranır -- eynən, indiki kimi! Həmin ərazilərdə olan araz.az, arazmedia.az və atatv.az saytlarının əməkdaşları da, cavabdeh şirkətin texniklərinin sıradan çıxan bu terminallara gün ərzində baxış keçirmələrini görməyiblər. Aparatların xarab olması barədə vətəndaşlar dəfələrlə zəng edib, aidiyyatı qurumun mərkəzi sisteminə məlumat versələr də, bunların müsbət hansısa nəticəsi olmayıb. Əslində isə, hər hansı texniki nasazlıqları olan "MilliÖn" aparatlarını, onların məxsus olduğu şirkətin özü vaxtında müəyyən etməli, işləməyən terminallar barədə daxil olan məlumatlar əsasında göstərilən ünvanlara texniki əməkdaşları yola düşməli və yaranan problemləri dərhal aradan qaldırmağa çalışmalıydılar. Belə olmadığına görə yəni cavabdehin səhlənkarlığı ucbatından rahatlıqları hədsiz dərəcədə pozulan narazı sakinlər, sonda, yalnız yolda qalmamaq üçün düşünüblər.
Narahatlıqlarını əməkdaşlarımızla bölüşən həmin sərnişinlər, paytaxt sərnişindaşımasında yeni qaydalar tətbiq ediləndən -- nağd ödənişlər kart sistemi ilə əvəz olunandan tez-tez belə probmlemlərlə üzləşdiklərini deyiblər: "Oncə, bu yeniliyin həyatımıza rahatlıq gətirəcəyini zənn edirdik, lakin belə olmadı. Təəssüf ki, bizim rahatlığımızı, əsəb sakitliyimizi, elə, avtobuslardan istifadədə zəruri olan kartlara pul yükləyən elektron ödəmə sisteminin aparatları pozur. Məsələ burasındadır ki, əvvəla, bu sistemə keçmişiksə, hər bir dayanacaqda bu aparatdan biri mütləq olmalıdır. Amma hamısında yoxdur və olanların əksəriyyəti də bərbad vəziyyətdədir. Heç bu sahəyə mənsub qurumun rəhbərliyi də, bitməyən bu problemlər barədə fikirləşmək istəmir. Həmin aparatların tez-tez xarab olması, doğrudan da, acınacaqlı və dözülməzdir. Çünki, siz də yaxşı bilirsiniz ki, artıq, paytaxt sakinlərinin böyük bir hissəsi kommunal xərcləri daxil, bir çox ödəmələrini bu terminalar vasitəsilə aparır. Ödənişlər edərkən rahatlıqları hədsiz dərəcədə pozulur və bu vaxt nə qədər əsəb sarsıntısı kecirdikləri göz qabağında olur". 
Şikayətçilər əməkdaşlarımıza onu da deyiblər ki, yaranan narahatlıqlar zamanı onların *0010 çağrı mərkəzinə etdikləri şikayət xarakterli zənglərə operatorlar da həmişə məsuliyyətdən yayınmaqla cavab verməyə çalışırlar. Deyirlər ki, guya, bu aparatların işləməməsi səbəblərinin araşdırılması onların qurumlarının tabeliyində deyil. Beləcə, onlar həmin qurğulara nəzarətin başqa şirkətlər tərəfindən aparıldığını deməklə, şikayətçiləri çaşdırmağa çalışırlar.
Belə gərgin vaxtlarda bu işə məsul qurumun rəhbər şəxsləri isə deyirlər ki, onların özləri çox şəffaf işlədiklərindən, terminallarına qarşı heç bir etibarsızlıq yarana bilməz. Ümumilikdə götürüldükdə, aparatların hamısının eyni vaxtda işləməməsi şirkətin nüfuzuna zidd olduğundan, belə bir halın yaranması qeyri-mümkündür. Və buna görə də, həmin qurumun texniki şöbəsinin səyi nəticəsində, baş verən bütün nasazlıqlar həmişə tez bir zamanda aradan qaldırılır.
Görünən dağa nə bələdçi. Hamı bilir ki, indiyədək, "MilliÖn"ün rahat işləyən heç bir terminalı olmayıb. Əksər aparatının pis vəziyyətdə olduğunu hamı görür və bu reallıq rəhbərliyin dediklərinə uyğun gəlmir.
Şikayətçi paytaxt sakinlərinin nə qədər haqlı olduqlarını, ölkə mətbuatında dərc olunan çoxsaylı tənqidi yazılarda göstərilən faktlar da təsdiq edir. Həmin yazıların əksəriyyətində, vətəndaşlar, şəhərdaxili marşrut avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə edilən "MilliÖn" aparatlarının gediş-gəlişin gur olduğu yerlərdə sayının azlığından da, gileyləniblər. Müxbir yazılarında o da gostərilib ki, bu haqda, hətta həmin aparatlara nəzarət edən qurumların rəhbərliyinə, onların fəaliyyətdə olan qaynar xəttləri vasitəsilə dəfələrlə şikayət və təkliflər çatdırılıb. Lakin sakinlərin bu sarıdan olan çoxsaylı təklif və şikayətlərinə həmin şirkət rəhbərliyinin reaksiya verməməsi həmişə təəssüf doğurub. Daha doğrusu, bu barədə edilən zənglərə onlar tərəfindən həmişə başdansovdu cavablar verilib. Elə, bunları deyiblər ki, dayanacaqların hamısında terminalların quraşdırılması şərt deyil, aparatın yaxın dayanacaqların hər hansı birində olması kifayət edir. Guya, ortada, hər bir dayanacaqda mütləq terminal olmalıdır kimi vahid bir qərar yoxdur. 
Araşdırmalarımız davam etdiyindən, mövzuya yenidən qayıdacağıq.
 \\araz.az\\ шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.