332 nəfərə nazirlikdə iş verilib - RƏSMİ -

22-06-2019, 14:13            57 dəfə baxılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə yeni işə qəbul olunan əməkdaşların andiçmə mərasimi olub.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tədbir iştirakçılarını qarşıdan gələn 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə təbrik edib. Nazir vurğulayıb ki, dövlət qulluğu sisteminin vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əhaliyə xidmətin yüksək səviyyədə təşkili, vətəndaş məmnunluğuna nail olunması prinsipi üzərində qurulması Prezident İlham Əliyevin islahatlar proqramının əsas hədəflərindən biridir.


Ölkədə dövlət idarəetmə sisteminin bütün sahələrində müasir, innovativ, optimal mexanizmlərin tətbiqi istiqamətində aparılan islahatları qeyd edən S.Babayev dövlət qulluqçularının sosial müdafəsinin gücləndirilməsi sahəsində də müvafiq işlərdən bəhs edib. Bildirib ki, dövlət başçısının bu günlərdə reallaşan növbəti sosial islahatlar paketi dövlət qulluqçularının da əməkhaqlarının 50 faiz artırılmasını nəzərdə tutur.

S.Babayev qeyd edib ki, nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul dövlət qulluğu haqqında qanunvericiliyə uyğun şəkildə, Dövlət İmtahan Mərkəzi ilə birgə iş müstəvisində həyata keçirilir. Ötən bir il ərzində nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə 332 nəfər işə qəbul edilib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan geniş miqyaslı islahatlar nazirlik sistemində işləmək arzusunda olanların sayının da artmasına səbəb olub. Bir sıra hallarda hətta bir vakant yerə iddiaçı sayı 10 nəfəri ötür. Kadrların nazirlik sisteminə qəbulu prosesində kadrların müvafiq sahədə bilik, dünyagörüş, müasir bilik və bacarıqlarla yanaşı, məsuliyyət hissinə və mənəvi keyfiyyətlərə malik olmaları da əsas seçim və işə qəbul meyarlarından biridir.

Nazir bildirib ki, yeni işə qəbul olunan əməkdaşlar Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında müəyyən etdiyi "Dövlət məmuru xalqın xidmətçisidir", "Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır" kimi vacib prinsiplərə uyğun fəaliyyət göstərməlidirlər. Onlar nümunəvi xidmətləri, dövlət qulluqçularının etik davranış qaydalarına uyğun davranışları, əmək, məşğulluq, sosial müdafiə sahəsində dövlət siyasətinin icrasına töhfə vermək əzminə söykənən səmərəli fəaliyyətləri ilə seçilməlidirlər.

Sonra nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələri barədə məlumat verib.

Yeni işə qəbul olunan gənclər "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq, Azərbaycan Respublikasına sadiq olacaqlarına, ölkəmizin Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücləri ilə və vətənin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Andiçmə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilib.

Sonra dövlət himni səslənib.

Dövlət qulluğuna yeni işə qəbul edilən şəxslər çıxış edərək, bu gündən dövlət qulluçusu kimi fəaliyyət göstərməyin onlar üçün böyük şərəf olduğunu, öz vəzifələrinin icrasına daim işgüzarlıq və məsuliyyətlə yanaşaraq, göstərilən inam və etimadı layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.