Banklarda faizlər yüksəkdir: “Öz adamlarına aşağı faizlə kredit verirlər” -

13-06-2019, 17:50            61 dəfə baxılıb

Ekspert Əkrəm Həsənov bank sektorundakı neqativ proseslərə münasibət bildirib

Hüquqşünas Aslan İsmayılov Milli Məclisin deputatı Vahid Əhmədovun: “Nə üçün banklar insanlardan 12%-ə götürüdüyü krediti əhaliyə 25 %-ə verir?” sualına Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirovun verdiyi cavaba münasibət bildirib.
Aslan İsmayılov
Bizimyol.info xəbər verir ki, Aslan İsmayılov öz faysbuk səhifəsində bank sistemindən və eləcə də, məhkəmə sistemindən narazılığını ifadə edərək bildirib ki, banklar 5-7 faizlik krediti verərkən vətəndaşlardan qat-qat artıq “şapka”lar alır, məhkəmələr isə rüşvətlə hökm çıxarırlar:
“S.Daşdəmirovun cavabına Vahid Əhmədov qismən münasibət bildirdi. Mən də buradan bildirirəm ki, onsuz da işsizəm, heç bir obyektim yoxdur, hüquqla bağlı bütün fəaliyyətim qadağan olunub, başqa gəlir yerim də yoxdur. Həqiqətən ailəmi dolandırmaq üçün yeni bir mənbə axtarıram. Əgər, doğrudan da, bu ölkədə 5-7 faizlik kredit verirlərsə, mən dərhal götürməyə hazıram… Yəni bu, yalan məlumatdır. Kağızda 5-7% olan kreditin ondan qat-qat artıq olan “şapka”ları var. Bank sektorunun da qurbanlıq keçi olmasını istəmirəm. Hər münasibətdə ədalətli olmaq lazımdır. Birincisi, xarici banklar Azərbaycanda normal biznes mühitinin, rəqabətin olmadığından kredit vermirlər. Mərkəzi Bank da onun kimi. Bəli, banklar əhalidən pulu 10-12%-lə götürür və yaxşı halda əhaliyə 25%-ə verir. Kənardan baxanda banklar 15-20% gəlir əldə edir. Reallıqda isə belə deyil”.
Aslan İismayılov yazır ki, kredit məsələsində “çoxlarına qəribə gəlsə də, ədliyyə naziri F.Məmmədovun başçılıq etdiyi qurumlar qazanırlar”. O yazır: “Xüsusilə, son dövrlər əhali məcburiyyət qarşısında kredit götürməli olur və maddi durumunun ağır olduğundan nə faizləri, nə də krediti vaxtında qaytara bilir. Mən hələ bilərəkdən saxta yollarla aldıqları pulları mənimsəmək üçün kredit götürənləri, yaxud krediti götürəndə onun qaytarmaq lazım olduğunu düşünməyənləri demirəm. Banklar məcbur olub əmanətlərini qoyulmuş girovlar hesabına qaytarmaq istəyir və məhkəmələrə müraciət edirlər”. Aslan İsmayılovun iddiasına görə, borclu müştərilər məhkəməyə verildiyi zaman btün rəsmi və qeyri-rəsmi ödənişləri bank ödəməli olur. İsmayılov statusunda “rüşvət” sözü işlədir: “Bəzən məhkəmə qərarının icra olunması üçün çəkilən xərclər alınacaq məbləğin 50%-ni təşkil edir. Ona görə də bu məsələdə sadə hesablamaq ki, banklar 15-20% qazanır bu düz deyil və böyük ədalətsizlikdir”,-deyə Aslan İsmayılov yazır..
Əkrəm Həsənov
Tanınmış ekspert, bank sektoru ilə bağlı prosesləri yaxından izləyən hüquqünas Əkrəm Həsənov isə bizimyol.info saytına açıqlamasında Aslan İsmayılovun fikirlərinin bir qismi ilə razılaşsa da, başqa bir qismi ilə razılaşmır. O deyir ki, bank sistemində çatışmazlıqlar, qanunların işləməməsi, məhkəmə sistemində də neqativ hallar olsa da, bu o demək deyil ki, ölkədə ədalətli qərarların hamısı rüşvətlə alınır:
“Mən bir neçə məqamla bağlı fikrimi bildirmək istərdim. 7 faizlə Azərbaycanda necə kredit ola bilər ki, Mərkəzi Bankın uçot dərəcəsi 8.5 faizdir. Yəni bankların Mərkəzi Bankdan götürdüyü kreditin dərəcəsi budur və təbii ki, bankların faiz dərəcəsi daha çoxdur. O fikirlə isə razıyam ki, Azərbaycanda faiz dərəcələrinin yüksək olması, əsasən, bank risklərinin yüksək olması ilə bağlıdır. Bu da ölkədə qanunların işləməməsi, məhkəmələrdə korrupsiya, icra məmurlarının korrupsiyası məsələsi ilə bağlıdır. Belə hallar bankların xərclərini artırır. Bir çox hallarda isə banklar da borclulara qarşı vəziyyətin belə olmasından sui istifadə edirlər, bu da faktdır. Mən bu fikirlə razı deyiləm ki, Azərbaycanda rüşvətsiz ədalətli məhkəmə qərarı əldə etmək mümkün deyil. Belə hallar var və vəziyyət get-gedə düzəlmək istiqamətində irəliləyir. Xüsusən də, ölkə başçısının məhkəmə sahəsində imzaladığı son fərmandan sonra”.
Əkrəm Həsənov sonda deyib: “Ümumən faiz dərəcələri yüksəkdir və eyni zamanda bank sahibləri, rəhbərləri aşağı faiz dərəcəsi ilə öz şirkətlərinə və yaxın adamlarına kredit verirlər. Bu hallar da var. Başqa müştərilərə isə bu şamil edilmir. Mən dəfələrlə öz çıxışlarımda səsləndirmişəm; hüquq-mühafizə orqanları, Maliyyə Bazarlarına Nəzarət Palatası araşdırmalıdır ki, banklar niyə bəzi hallarda aşağı faizlə, bəzi başqa hallarda yuxarı faizlə kredit verirlər? Adətən də aşağı faizlə verdikləri də heç geri qayıtmır. Bankların bu sahədə xeyli günahları var. Amma adətən məhkəmə sistemindəki əyintilərin qurbanı olurlar”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.