200 manat təqaüd verən universitetimiz - Söhbət -

9-06-2019, 11:24            103 dəfə baxılıb
Axar.az "Rektor saatı” rubrikasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla söhbəti təqdim edir:
- Ceyhun müəllim, Azərbaycan İlahiyyat İnstitutu hansı zərurətdən yarandı?
- Azərbaycan İlahiyyat İnstitutu 9 fevral 2018-ci il tarixində yaranıb, həmin il mayın 31-də fəaliyyətə başlayıb. Bu gün dünyada gedən proseslər dövlətin ali dini təhsil müəssisəsini yaratmasını zəruri etdi. Özünün dini təhsilini yarada bilən dövlətlərdə əmin-amanlıq, sabitlik hökm sürür. Hansı ölkəyə ki kənardan dini müdaxilə var, orada sabitliyin pozulduğuna şahid oluruq. Əvvəllər vətəndaşlarımız xaricə gedib, orda dini təhsil alırdı və bunun da zərərli təsiri olurdu. İndi isə belə bir problemlə rastlaşmayacağıq.
Prezidentin sərəncamında qeyd olunur ki, İlahiyyat İnstitutunun yaranmasında əsas məqsəd tarixən Azərbaycanda mövcud olmuş dini-mənəvi dəyərlərin qorunub saxlanmasıdır.
- Gələcəkdə tələbə sayını artırmaqla bağlı nə düşünürsünüz?
- Ötən il institutda 60 tələbə təhsil alırdı, növbəti ildə isə bu rəqəm 72 olacaq. Keçən il 35 nəfəri islamşünas, 25 nəfəri dinşünas sahəsi üzrə tələbə qəbul etmişdik. Bu il həmçinin magistratura və doktorantura üzrə təhsilə də yer veriləcək.
- İnstitutun beynəlxalq əlaqələri hansı səviyyədədir?
- Biz qısa fəaliyyətimiz dövründə 7-8 ölkədə səfərdə olmuşuq. Türkiyənin bir neçə universiteti ilə müqavilə imzaladıq. Hazırda Türkiyənin başqa ali məktəbləri ilə də əməkdaşlığa hazırlaşırıq. Eyni zamanda, biz Moskva İslam İnstitutu ilə də müqavilə imzaladıq. Mən şəxsən iyunun 20-si dərs proseslərini yaxından izləmək üçün oraya gedəcəyəm. Bir qədər əvvəl Malayziya Beynəlxalq İslam Universitetinə səfərimiz olub. Biz növbəti günlərdə başqa ölkələrə də səfərlər edəcəyik. İlahiyyat İnstitutu yeni yarandığı üçün biz nüfuzlu universitetlərlə görüşüb, onların praktikasından bəhrələnməyə çalışırıq.
- İnstitutun tərkibində hansı elmi-təhqiqat işləri aparılacaq?
- Biz institut olaraq fəaliyyətimizi bir neçə istiqamətdə aparırıq. Çalışırıq ki, həm də araşdırma mərkəzi kimi fəaliyyət göstərək. Bununla bağlı hazırda işlər gedir. Yeni layihə hazırlamışıq ki, hər bir müəllim tədris etdiyi dərsi yazmalıdır. Bu barədə artıq müəllimlərə də tapşırıq verilib. Növbəti illərdən artıq öz təsis etdiyimiz dərsliklərdən istifadə edəcəyik.
- İlahiyyat İnstitutuna giriş balı nə qədərdir?
- İnstituta qəbul Dövlət İmtahan Mərkəzinin xətti ilə aparılır. Ötən il minimum giriş balı 150 idi, lakin ən aşağı göstərici 177 oldu. Bu il isə müəyyən olunmuş giriş balı 200-dür.
- Gələcəkdə institutun ixtisaslarının sayını artırmağı düşünürsünüz?
- Qarşıdakı illərdə institutda digər ixtisasların açılmasını planlaşdırırıq. Hələlik islamşünaslıq və dinşünaslıq ixtisasları mövcuddur. Gələcəkdə yəhudi və xristian dinləri üzrə kadrlar da hazırlanacaq. Bunun üçün institutda yeni ixtisaslar yaradılacaq. Bizim bu yöndə müəyyən layihələrimiz var və yaxın gələcəkdə həyata keçirməyi düşünürük.
- İlahiyyat İnstitutunda verilən diplomlar beynəlxalq statusda tanınacaqmı?
- Diplomların xaricdə tanınması üçün bəzi dövlətlərə müraciətlər olunmalıdır. Artıq bu istiqamətdə danışıqlara başlamışıq. Biz səfirliyin xətti ilə Türkiyənin Ali Təhsil Qurumuna müraciət etmişik ki, diplomlarımız qardaş ölkədə tanınsın. Gələcəkdə bir neçə ölkəyə də belə rəsmi müraciətlər olunacaq.
- İnstitutda əcnəbi tələbələr təhsil ala biləcəklər?
- Hazırda bizdə dərslər yalnız Azərbaycan dilində keçirildiyi üçün bu, mümkün deyil. Lakin gələcəkdə rus və ingilis dili üzrə tədrisə başladıqdan sonra əcnəbi tələbələr də təhsil ala biləcəklər. Bu gün reallıq onu göstərir ki, aparılan uğurlu işlər sayəsində Azərbaycan İlahiyyat İnstitutu Qafqazda aparıcı dini təhsil ocağına çevrilə bilər. Biz İlahiyyat İnstitutu olaraq bu yöndə əlimizdən gələni edəcəyik.
- İlahiyyat İnstitutunda ödənişli ixtisaslar mövcuddurmu?
- İnstituta qəbul pulsuzdur. Biz ödənişli əsaslarla heç bir tələbəni qəbul etmirik. İnstitutda təhsil alan tələbələrin bütün xərcləri dövlət hesabına ödənir. Tələbələr dərslik, geyim və yataqxana ilə pulsuz təmin olunur. Məktəbimizdə 30-a yaxın maddi durumu aşağı olan tələbələr var ki, onlara Mənəvi Dəyərlərin Təbliği fondunun xətti ilə ayda 100 manat təqaüd veririk. Bizdə həmçinin ulu öndər Heydər Əliyevin adına 200 manat, Şeyxülislam Hacı Allahşükür adına isə 180 manat təqaüd mövcuddur. Biz maddi durumu aşağı olan tələbələri xüsusilə nəzərə alırıq.
- Ceyhun müəllim, tələbə rektora yaxın olmalıdır, ya rektor tələbəyə?
- Hesab edirəm ki, rektor tələbəyə yaxın olmalıdır. Biz uğurlu nəticəyə nail olmaq istəyiriksə, mütləq tələbələrə yaxın olmalıyıq. Mənim şəxsi nömrəm demək olar ki, bütün tələbələrdə var. Onlar mütəmadi olaraq mənimlə əlaqə saxlayıb, suallarını verə bilirlər. Azərbaycan İlahiyyat İnstitutu bir ailədir və burda işləyən müəllim və təhsil alan tələbələr bu ailənin dəyərli üzvləridir
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.