Rusiya Ermənistanı indiyə qədər CƏZALANDIRMALIYDI - Səbəb... -

16-05-2019, 12:35            115 dəfə baxılıb

Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissiyasının katibi, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Elman Nəsirovun Redaktor.az-a müsahibəsini təqdim edirik:
- Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının riskli tərəfləri varmı?
- Aİ-yə üzvlük məsələsi ümumiyyətlə, bizim gündəliyimizdə yoxdur. Türkiyənin 40 ildən çoxdur bu istiqamətdə davam edən mübarizəsi də heç bir nəticə verməyib. Azərbaycan Aİ-yə üzv olmadan da Aİ ilə əlaqələri yüksək səviyyədə inkişaf etdirməkdə maraqlıdır. Yaxın zamanda da bu qurum ilə strateji tərəfdaşlıq sənədi imzalanacaq. Bizim Aİ ilə yaxınlaşmağımızın Rusiyanı qıcıqlandırması ilə bağlı yayılan məlumatları isə ciddi qəbul etmək lazım deyil. Çünki eyni məntiqlə yanaşsaq, Rusiya Ermənistanı indiyə qədər cəzalandırmış olmalıydı. Azərbaycan Aİ ilə strateji tərəfdaşlıq sənədi imzalayır, ancaq Rusiyanın forpostu Ermənistan Assosiativ saziş imzalayıb. Assosiativ saziş faktiki olaraq, Aİ-yə daha sıx inteqrasiyanı nəzərdə tutur. Belə olan vəziyyətdə Rusiya ilk növbədə Ermənistana təzyiq etməlidir, nəinki Azərbaycana.
- Ötən gün millət vəkili Qüdrət Həsənquliyev müsahibəsində Azərbaycanın seçim etməsinin vaxtını çatdığını qeyd edib. Bunun üçün Qoşulmama Hərəkatından imtina etməli, Rusiya ilə danışıqlara başlamalı olduğumuzu bildirib. Bu təklifi necə qiymətləndirirsiniz?
- Bu cür təklifləri irəli sürərkən bir şeyi nəzərdən qaçırmaq olmaz ki, biz hələ 3 il bu təşkilata sədrlik edəcəyik. Bu təklifin səsləndirilməsinin hələ nə vaxtı, nə də zamanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu çevikdir. Yəni, Azərbaycanın xarici siyasətində bu və ya digər dəyişikliklərin baş verməsi ehtimalı hər zaman var. Bu, Azərbaycanın milli və dövlətçilik maraqları tələb etdiyi halda mümkündür. Bugünkü reallıqda isə bizim bu təşkilatda olmağımız Azərbaycanın milli maraqlarına tam cavab verir. Biz bu qurumun timsalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı mövqeyimizi müdafiə edəcək yeni bir siyasi mərkəz əldə etmişik. Qoşulmama Hərəkatı dəfələrlə öz toplantılarında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı siyasi qərarlar qəbul edib.
- Beynəlxalq qurumların qəbul etdiyi qərarlar adətən icra edilməmiş qalır...
- Doğrudur, bu qərarlara Ermənistan məhəl qoymur. Amma bir şeyi yaddan çıxarmaq olmaz ki, münaqişə dinc yolla həllini tapa bilməsə, bu halda BMT-nin işləməyən 4 qətnaməsi də, ATƏT-in və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlər də bizim münaqişəni hərbi yolla həll etməyimiz üçün hüquqi baza yaradacaq. Bu sənədlərin yerinə yetirilmədiyinə istinad edib, münaqişənin hərbi yolla həll etmək hüququnu özümüzdə saxlayırıq. Bu hüququ bizə BMT Nizamnaməsinin 51-ci maddəsi də verir. Həmin maddəyə görə, ərazisi təcavüzə məruz qalan dövlətlərin fərdi və kollektiv müdafiə hüququ var.

- Ümumiyyətlə, Qoşulmama Hərəkatına üzvlük bizə nə verib?
- Azərbaycan Respublikası 2011-ci iyun ayında Qoşulmama Hərəkatına üzvlüklə bağlı qərar qəbul etdi. Hesab edirəm ki, bu xarici siyasətimizdə çox uğurlu addım idi. Qoşulmama Hərəkatı BMT-dən sonra say etibarı ilə ikinci böyük təşkilatdır. Bu təşkilatda 120, BMT-də isə 193 dövlət təmsil olunur. İyun ayında verdiyimiz bu qərar 4 ay sonra öz bəhrəsini verdi. Belə ki, 2011-ci ilin oktyabr ayının 24-də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv kimi seçilməyimiz məsələsi gündəmə gələndə bütün Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hamısı öz ailəsinin üzvü olan Azərbaycana səs verdilər. Əlavə 35 səs də BMT üzvü olan digər dövlətlərdən gəldi. Beləliklə 155 səslə Azərbaycan müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yazdı. 2 dəfə dünyanın təhlükəsizlik gündəliyini Azərbaycan müəyyən etdi. Bu Qoşulmama Hərəkatına üzvlüyümüzün bizə verdiyi ən böyük töhfə idi. Eyni zamanda ötən il Bakıda Qoşulmama Hərəkatına üzv olan dövlətlərin XİN rəhbərlərinin görüşü keçirildi. 2019-cu ildə isə bu quruma üzv olan ölkələrin rəhbərləri səviyyəsində sammit Bakıda keçiriləcək. Eyni zamanda, bu ildən Azərbaycan 3 il ərzində bu hərəkata sədrlik funksiyasını həyata keçirəcək. Bu olduqca əhəmiyyətli hadisədir. BMT-nin üzvlərinin 3-də ikisini Qoşulmama hərəkatına üzv olan dövlətlər təşkil edir. Təsəvvür edin ki, 2019-cu ildən başlayaraq, 3 il ərzində Azərbaycan BMT-nin 3-də 2 hissəsini təşkil edən quruma sədrlik edəcək. Bu da BMT-də bizim mövqelərimizin yüksəlməsinə səbəb olacaq.
- KTMT məsələsi də gündəmə gətirilir. Azərbaycanın KTMT ilə əməkdaşlığı genişləndirməsi mümkündürmü?
- KTMT ilə bağlı məsələdə Azərbaycana müəyyən qarantiyalar, təminatlar lazımdır. Azərbaycanın bu təşkilata daxil olması münaqişənin həllinə fundamental, köklü təsir göstərirsə, Ermənistan bizim torpaqları geri qaytarırsa, bu haqda düşünməyə dəyər. Əks halda isə bizə bu və ya digər təşkilata sadəcə üzvlük naminə üzvlük lazım deyil. Bu, hər kəsə bəllidir. Azərbaycanın Qoşulmama Hərəkatında bugünkü statusu da buna imkan vermir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.