DİN generalın qohumunun həbsi ilə bağlı məlumat yayıb -

15-05-2019, 16:56            114 dəfə baxılıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində bir qrup şəxsin ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmələri barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə çıxan Polis Şöbəsinin əməkdaşları tərəfindən onlardan 5 nəfəri saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli olduqları müəyyən edilib. 

Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mətbuatın yaydığı xəbərə görə, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.