Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarılıb -

15-04-2019, 15:32            100 dəfə baxılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən təşkil edilən müasir hərraclardan biri də mayın 14-də keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirlib ki, hərrac iştirakçısı olmaq istəyən şəxslərin hərracda 58 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Bu dəfə vətəndaşlar seçimlərini 15 səhmdar cəmiyyəti, 31 kiçik dövlət müəssisə və obyekti, 5 yarımçıq tikili və qeyri-yaşayış sahəsi, 7 nəqliyyat vasitəsi üzrə apara bilər.
Özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələrinin yerləşdiyi regionlar, fəaliyyət sahələri və qiymətləri müxtəlifdir. Bu kateqoriyaya aid olan dövlət əmlaklarının ümumi faydalı sahələri 7,5 kvadratmetr ilə 9,2 min kvadratmetr arasındadır. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Ən geniş torpaq sahəsi olan kiçik dövlət müəssisəsi Salyan rayonunun Peyk kəndindəki Yüksəliş yardımçı təsərrüfatıdır. Obyektin torpaq ərazisinin ümumi sahəsi 975 min kvadratmetrdir. İmişli şəhərinin H.Aslanov küçəsindəki təmir-tikinti sahəsinin ümumi faydalı sahəsi 137,1 kvadratmetrdir. Bu dövlət obyekti 1864 kvadratmetrlik torpaq sahəsi ilə birgə hərraca çıxarılıb.
Qeyri-yaşayış sahələri isə Bakı və Gəncə şəhərlərində yerləşir. Paytaxtın Səbail rayonunun S.Vurğun küçəsindəki obyektin ümumi faydalı sahəsi 22,2 kvadratmetrdir. Xidmət obyekti kimi istifadə imkanı olan digər qeyri-yaşayış sahəsi isə Gəncə şəhərinin Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən, ümumi faydalı sahəsi 29,4 kvadratmetr təşkil edən dövlət əmlakıdır.
Müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri də hərraca çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq “Xudat Kəndnəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Nəvahi” kimi dövlət əmlakları göstərilə bilər.
Nəqliyyat vasitələrinin isə buraxılış tarixləri 1994-2007-ci illəri əhatə edir. Bu kateqoriyadan olan dövlət əmlakları “Nissan”, “Mercedes”, “Rexton” və digər markalara aiddir.
Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq və elektron sifariş vermək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir. Dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq üçün vaxt itirməyə və məkanı dəyişməyə ehtiyac yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təmin edilən innovativ hərrac imkanları ilə bu proses daha sadədir. Hərracdan öncə onlayn seçim və sifariş prosedurları ilə hər kəs rahatlıqla, əlavə ünsiyyət olmadan iştirakçı statusu qazanır. Olduğu yerdən hərraca qoşulmaq istəyənlər isə “Elektron hərrac” sistemindən istifadə edə bilər. Belə ki, dövlət əmlaklarının sifarişçiləri və prosesə marağı olan şəxslərin təyin olunan vaxtda onlayn formada hərracda iştirak imkanı var. Bunun üçün komitənin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) Elektron hərrac bölməsinə daxil olmaq kifayətdir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.