Bərdədə əzrayılın pəncəsinə buraxılmış tənha qadının fəryadı: “Cənab nazir, yalvarıram...” -

6-03-2019, 10:00            115 dəfə baxılıb
 Bu səssiz-səmirsiz, qapısı çöldən bağlanmış, soyuq divarları adamın üstünə gələn yerdə cəmi bir nəfər yaşayır. Tək-tənha, xəstə yatağında buraxılmış kimsəsiz qadına heç kim sahib çıxmır.

Cahan.info-nun verdiyi məlumata görə,
 Bərdənin Kələntərli icra nümayəndliyi yaxınlığındakı istifadəsiz tikilidə məskunlaşmış Tünzalə Kərimova Məmməd qızı ümidi itirib, ölümünü gözləməkdədir.

Jurnalist Xəyyam Salmanzadə onun yaşadığı yerdən çəkiliş edib və kadrlar olduqca ürək ağrıdan bir mənzərəni ortaya qoyub. 

T.Kərimovanın nə övladları, nə bacı-qardaşı, nə bir yaxını var. O, eləcə tənha şəkildə ömrünün son günlərini yaşamağa məhkum edilib.

Ayda cəmi 61 manat pensiya alan ahıl qadına köməklik göstərən yoxdur. Qapısı çöldən bağlanmış tikiliyə təsadüfən kimsənin girib onunla maraqlanması inandırıcı deyil. 

Çünki Tünzalə Kərimova icra nümayəndəliyinin düz ağzında xəstə şəkildə buraxılıb. Onun sözlərinə görə, aldığı pensiya nə yeməyə, nə dərmana çatır: 

“Sosial müavinət də ayırmayıblar, bala. İcra başçısı 100 manat söz verdi, onu da görmədim. Baş həkim Rəna Mustafayevaya tapşırdı, o da köməklik göstərmədi.

İndi məni burdan da çıxarırlar. Heç bilmirəm ki, harda qalacam. Bərdənin parklarında, çöllərində gecələməkdən başqa yerim yoxdur. Gözümü prezidentə dikmişəm”.

T.Kərimova əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən sosial yardım alması üçün tapşırıq verməsini xahiş edir. Tənha və xəstə qadın fiziki cəhətdən işləmək qabiliyyətini itirib. 

Bərdə rayon rəhbərliyindən kömək gəlmədiyi üçün ümidini dövlət rəhbərliyinə və nazirliyə bağlayıb. Onun sözlərinə görə, kömək edəcək heç bir qohumu yoxdur: 

“Cənab İlham Əliyev, əziz Mehriban xanım, bütün xalqın ümidi, pənahı sizsiniz. Mən də bir talesiz insanam. Yaşadığım yerin gününü görürsünüz. Nə istilik var, nə yavan çörəyim. 

Bütün günü bu yorğana bürünüb uzanıram, səhərə qədər kürəyimin ağrısından yata bilmirəm. Həkimin yazdığı resept kağızı stolun üstündədir, heç birini ala bilməmişəm. Mən ölümlə üz-üzə qoyulmuşam, tərk edilmişəm. Cənab nazir Sahil Babayev, sizə yalvarıram, yardım edin”. 

T.Kərimovanın normal evlə təmin olunması, sosial yardım ayrılması, dərmanlarını almaq üçün pensiyasının artırılması lazımdır. Jurnalist X.Salmanzadə video müraciətində ölkə rəhbərliyinə, müvafiq qurumlara, Azərbaycanın imkanlı, səxavətli insanlarına üz tutub, T.Kərimovanı ölümdən xilas etməyə çağırıb. 

Onun sözlərinə görə, Bərdə RİH başçısı Vidadi İsayev şəhid ailələrinə, köçkünlərə, aztəminatlı ailələrə, xəstə, qoca, kimsəsiz insanlara nə kömək edir, nə maraqlanır. 

“Onun oğlu Tural İsayev Yasamal rayon məhkəməsində baş məsləhətçi işləyir. Ayda dövlət qulluqçusu kimi 300-500 manat maaş alar. Amma maşınları, obyektləri var. Kərimova Tünzalə kimi çarəsiz insanlar isə zirzəmilərdə can verirlər. 

Prezident məmurları yerlərə təyin edir ki, xalqın dərd-sərini öyrənsinlər, çarə qılsınlar. Vidadi İsayev isə Bərdədə bir kimsəsiz adama dəstək olmayıb. Mən burdan prezidentimizə səslənirəm, Tünzalə Kərimovanı, gəlin onu hamımız xilas edək”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.