Tikinti oliqarxları metroya da göz dikib -

5-03-2019, 17:00            43 dəfə baxılıb
 Bakı hündürmərtəbəli binalarla yüklənib. 
Bu barədə tikinti üzrə ekspertlər, memarlar dəfələrlə məsələ qaldırıb. Hesab olunur ki, seysmik zonada yerləşən paytaxtda bu cür binaların tikintisi, ümumiyyətlə şəhər ərazisinin yüklənməsi sürüşmə təhlükəsi yaradır. Digər təhlükə yaradan məqam isə bəzən ayrılan ərazilərin binaların inşası üçün əlverişsiz olmasıdır. Bir qədər əvvəl metronun “Sahil” stansiyasının üzərində inşa edilmiş hündürmərtəbəli binanın təhlükə yaratdığı bildirilirdi. Oxşar problem metronun "Azadlıq prospekti" stansiyası ilə bağlı yaranıb.
Demokrat.az-ın məlumatına görə, “Kristal Abşeron” şirkəti paytaxın Binəqədi rayonunda, metronun "Azadlıq prospekti" stansiyasının üzərində yerləşən parkı zəbt edərək hündürmərtəbəli bina tikdirib. Qeyd olunur ki, bu şirkət Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.
Sakinlər isə binanın çəkisinin metro tuneli üçün təhlükəli vəziyyət yaratmasından narahatdır. Binaların tikintisi üçün isə “"Bakı Metropoliteni" QSC-dən rəy alınmayıb.  "Azadlıq prospekti" stansiyasının içərisində tez-tez çatların əmələ gəlməsi də təsadüfi hesab edilmir. Qeyd edilir ki, binada görülən işlər və əraziyə axıdılan sular metronun tunelində çatlar əmələ gətirir.
Memar Aytəkin İmranova “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hətta mütəxəssis olmayanlar belə altı boşluq olan ərazilərin üzərində hündürmərtəbəli binaların tikintisinə yol verməyin mümkünsüzlüyünü bilirlər. İndi təhlükə olmasa belə, gələcəkdə belə bir təhlükə yarana bilər. Bu, əlavə yükləmədir. Bakıda yer yoxdurmu? Digər tərəfdən, bu qədər tikintiyə ehtiyac varmı? Binaların böyük əksəriyyəti boşdur. Ona görə ki, istər sosial sifarişlisi olsun, istərsə də digərlərini vətəndaşların almağa imkanı yoxdur”. 
Aytəkin İmranova deyir ki, abidələrin mühafizə zonası olur. Bu ərazilərin yaxınlığından hətta yük maşınlarının keçməsi də doğru hesab edilir:
“Metro da belədir. Onsuz da bizdə tikinti texnologiyaları aşağı səviyyəlidir. Metrostansiyaların tikintisinə isə kifayət qədər çox vəsait sərf olunur. Bu baxımdan da belə ərazilərdə tikintilərin aparılması lüzumsuzdur və müəyyən təhlükə yaradır”.

Cebhe.info
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.