Kəmaləddin Heydərov Prezidentin sosial-iqtisadi islahatlarını sabotaj edir? — İşçilərin əməkhaqlarını kəsdi -

5-03-2019, 12:15            33 dəfə baxılıb
 FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində texniki işçilərin əməkhaqları kəsilib.
 
Demokrat.az xəbər verir ki, bu barədə AFN-ə agentlikdə çalışan və əməkhaqları kəsilən işçilər məlumat veriblər.

Məlumatda deyilir: “Yanvarda 100-150 manat, fevralda isə 230-270 manat kəsdilər. Sürücülər, xadimələr, sıravi işçilər hamımız şokdayıq. Ölkə başçısı bir-birinin ardınca müxtəlif sahələrdə çalışan insanların əməkhaqlarını artırır, minimum əməkhaqqını nəzərəçarpacaq dərəcədə artırdı, pensiyalar, təqaüdlər bir-birinin ardınca artırılır, bizim əməkhaqları isə kəsilir. Halbuki biz ümidlə gözləyirdik ki, minimum əməkhaqqı 50 manat artırıldıqdan sonra bizim maaşımız da artacaq. Yanvarda kəsdilər, dedilər düzələcək, fevralın əməkhaqları martın 1-də oturub karta, baxırıq ki, 230-270 manat kəsilib. Soruşuruq, bizə deyirlər ki, büdcəmizdə pul yoxdur. Agentlik özü-özünü maliyyələşdirən qurum deyil, nazirliyin nəzdindədir, nazirliyə də pul büdcədən ayrılır. Belə çıxır ki, cənab nazir Kəmaləddin Heydərov ya məsələdən bixəbərdir, ya da birbaşa prezidentin siyasətinə qarşı çıxır. Bunun başqa izahı yoxdur”.
Şikayətçilər bildirirlər ki, 70 nəfər sürücünün, təxminən bir o qədər xadimənin, müfəttişlərin, onlarla digər sahədə çalışan sıravi işçinin əməkhaqları kəsilib: “Bu, yüzlərlə insanın çörəkpulunu kəsmək deməkdir. Qarşıdan bayram gəldiyini düşünsək, bu addımı hətta qəddarlıq da adlandıra bilərik. Elə kişilər var ki, ağlayırlar əməkhaqqının kəsildiyini biləndə”.

Qeyd edək ki, əməkhaqqı kəsilən işçilər bu həftə FHN-in qarşısında aksiya keçirməyə hazırlaşırlar.

AFN-ə verilən məlumatdan o da məlum olub ki, agentliyin rəhbəri 10 min, müavinləri isə 5 min əməkhaqqı alır. Onların əməkhaqqlarında heç bir kəsinti olmayıb.
 FHN-in mətbuat xidmətinin rəhbəri Yəhya Babanlıya məsələ ilə bağlı ünvanladığımız sual təəssüf ki, cavabsız qaldı. Y.Babanlı sualımızı dinlədikdən sonra bizdən edilən şikayəti istədi. Ona şikayətin bizə şifahi daxil olduğunu dedik. Onun cavabı isə qəribə oldu:

“Əgər siz jurnalistsinizsə, bilirsiniz ki, şifahi məsələlər yalan da ola bilər, böhtan da ola bilər, məqsədli şəkildə də edilə bilər”. Onun diqqətinə çatdırdıq ki, mənbə jurnalistə məlumatı şifahi də verə bilər, yazılı da, rəsmi də, qeyri-rəsmi də. “İndi siz məndən nə istəyirsiniz ki?” deyə sual edən hörmətli mətbuat xidmətinə “sizdən heç nə istəmirik, sualımızı cavablandırmanızı xahiş edirik” desək də o, “aydındır, sağ olun” deməklə kifayətləndi.

Mövzunu diqqətdə saxlayacağıq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.