İlham Əliyev Şəmkirin başçısına başçı səlahiyyəti verib, başkəsmək səlahiyyəti yox -

12-02-2019, 14:00            51 dəfə baxılıb
 Dövlət dəyərlərini aşağılamaq təkcə qanuna qarşı çıxmaq mənası vermir, həm də dövləti, onun rəhbərini, mənsub olduğu xalqı bir heç saymaq məntiqi kəsb edir. Düşünürük ki, Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun şəhər bələdiyyəsinin sədri Vüqar adlı şəxsin adından, yəni onun əli ilə etdiyi bir sıra qanun pozuntuları da məhz elə bu gerçək labüdlüyü əks etdirir. Tez-tez icra başçısının özbaşına və qanunazidd hərəkətləri ilə bağlı redaksiyamıza şikayətlər daxil olur deyə artıq biz özümüz də mənəvi kriteriyaları bir heç sayan bu icra başçısından tənqid yazmağı məntiqə uyğun sayırıq.
Ərz olunur ki, Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı A.Məmmədov şəhər bələdiyyəsinin sədri Vüqar və Qaraca Əmirli kənd bələdiyyəsinin sədri ilə birləşib, özünə sərf və xidmət edən islahatlar aparır. Onun sürü ilə qaz saxlatdırdığı, Morul-Sarxanda şərik daş karxanası işlətdiyi, Seyfəli gölündə «Farel» adlı balıq növü yetişdirdiyi, belə deyək, balıqçılıqla məşğul olduğu da deyilir. Maraqlıdır ki, o, bu işləri qanunsuz həyata keçirir, yəni, nə Ekologiya və Təbii Sərvətlər nazirliyindən icazəsi yoxdur, nə də aidiyyatı dövlət qurumlarının razılığını almayıb, sadəcə, pulu və arxası var deyə, heç kimi saya salmır, fəaliyyətini yalnız kapital qazanmaq işinə sərf edir.

 
Üstəlik, deyirlər ki, A.Məmmədov dövlət rəhbəri cənab İlham Əliyevin qaçqın və məcburi köçkün ailələrinin sosial-maddi təminatının yaxşılaşdırılması üçün atdığı addımın ziddinə gedir, əhaliyə kömək məqsədilə ayırılmış mal-qaranı öz məqsədləri üçün Qaraca Əmirli kənd bələdiyyəsinin həyətində tikdirdiyi iri mal tövləsində saxlatdırır. Yəni, demək istəyir ki, «burada mənəm, Bağdadda kor xəlifə», kimin cəsarəti var, mənə bir söz desin. Elə kimsə ona bir söz deyə bilmir ki, o, səlahiyyət həddini aşıb, cənab İlham Əliyevin dediklərinə açıq-aşkar zidd gedir. Belə deyək, gəmidə oturub gəmiçi ilə savaşr. Əgər A.Məmmədovun dövlət rəhbərinin dediklərinə zidd getmək cəsarəti varsa, deməli, Şəmkirdə sosial-siyasi vəziyyət həqiqi mənada kritikdir.
Bələdiyyə sədrinin öz qardaşını şəhər sovetinə sədr qoydurduğu da deyilir. Bəlli ki, bununla da o, arxasını bir az da möhkəmləndirib. İndi iki qardaş bir yumruq şəklində birləşiblər deyə, bələdiyyə sədrinin qanunu tapdalamaq gücü bir az da artıb.
Ərz olunur ki, A.Məmmədov dövlətin müvafiq pulları hesabına tikilən xəstəxanaya qarşı da biganə yanaşır. Deyirlər ki, o, nəinki xəstəxanaya qayğı göstərmir, heç xəstələrə belə adi bir dərman köməkliyi etmir; hər kəs dərmanları öz cibinin pulu ilə alır. Lakin hansısa bir hesabatda, yaxud çıxışda o, sinəsini qabağa verir, sakinlərə etdiyi köməkdən, dövlətə və dövlətçiliyə verdiyi töhfələrdən danışır. Sual olunur: Hansı köməkdən? Hansı töhfələrdən? Onun işi-gücü yalnız öz məqsədlərini həyata keçirmək, öz şəxsi mənafeyini düşünməkdir.
Bu deyilənlərdən bəlli olur ki, Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edir, bəzən vəzifə səlahiyyətlərini kəskin aşır, sakinlərlə davranış qaydalarına riayət etmir, şəhid ailələrini təhqiredici və nalayiq sözlərlə aşağılayır, insanlarda Vətən sevgisini öldürür. Bunu bilərəkdən edir, ya bilməyərəkdən, fərqi yoxdur, əsas odur ki, əhali onun rəhbər fəaliyyətindən narazıdır. Bu da dövlətin idarəetmə fəhmini aşağılayır.
Hər rayonun günahı onun öz başçısından sorulur. Bizim də A.Məmmədovun haqqında bu cür fikirlər ifadə etməyimiz onun özbaşınalığa aludə olması, qanun pozuntularına aşkar yol verməsi səbəbindəndir. Biz cənab başçı haqqında hədyan yazmırıq, ölkə rəhbərinin son çıxışındakı fikirlərinə istinad edib dövlətə onun çirkin əməllərini təqdim edirik. Bir halda ki, bundan sonra dövlət jurnalistlərin üzə çıxardığı faktlara istinad edəcək, bizim də bu işdə bir pay sahibi olmağımız məqbuldur. Yəqin ki, bunu Şəmkir RİH-nin başçısı A.Məmmədov da yaxşı anlayır.
Qısası, Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov hazırkı fəaliyyəti ilə dövlətçilik işinə heç bir töhfə vermir, yalnız öz maraqlarını güdür, əhalinin hansı durumda olması onu qətiyyən maraqlandırmır, bir sözlə, onun bu kimi qanunazidd əməlləri şəhər ərazisində sosial partlayışa əsaslı zəmin yaradır. Bu isə bağışlanası hal deyil. Şübhəsiz, aidiyyatı orqanlar Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun qanunu aşağılayan əməlləri barədə ciddi ölçü götürmək barədə yaxşı-yaxşı fikirləşəcəklər. Yaxşı olar ki, birinci olaraq rayonun rəhbəri kimi məhz cənab A.Məmmədov özü barədə bir ölçü götürsün. Əks təqdirdə, onun üçün çox gec ola bilər… Çünki cənab İlham Əliyev ona başçı səlahiyyəti verib, başkəsmək səlahiyyəti verməyib.
Araşdırmalarımızdavam edir.
 
xeberfakt.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.