“Karqo Şamil” tikdirdiyi bina sakinlərindən "sayğac pulu" toplayır - GİLEY -

10-02-2019, 12:00            101 dəfə baxılıb
 Sakinlərdən Demokrat.az-a daxil olan şikayətdə qeyd olunur ki, sözügedən binada 500-dən çox mənzil yerləşir.

Onların sözlərinə görə, binanın komendantı 2012-ci ildə təbii qazın çəkilməsi üçün guya "Azəriqaz" İstehsalat Birliyinə külli miqdarda rüşvət vəsaiti verildiyini əsas gətirərək, bina sakinlərinə hər mənzilə görə 1000 manatdan pul alınaraq "smartkart" tipli sayğaclar satılıb.

Sakinlər qeyd edir ki, həmin vaxtı sayğac üçün pul verməyən sakinlərin mənzillərinə təbii qaz verilməyib.

Sakinlər deyir ki, sonradan mavi qazla bağlı problem aradan qaldırılsa da, ancaq indi də binanın komendantı su və elektrik sayğacları qoyulması üçün yenidən pul toplayır.

"İndi də binanın komendantı bizə deyir ki, mənzilbaşı "Azərsu" sayğacı üçün 150, "Azərişıq" sayğacı üçün isə 400 manat pul gətirin. Pul verməsək, elektriksiz və susuz qalacağımızla hədələnirik".

Məsələ ilə bağlı sözügedən binanın komendantı Sahib adlı şəxslə əlaqə saxladıq.

O, Demokrat.az-a açıqlamasında sakinlərin iddialarını əsassız hesab edib:

"Qaz sayğaclarının alınmasına görə 1000 manat pul almaq söhbəti iftiradır, yalandır. Çox adam söz deyə bilər. Buna inanmayın".

Ancaq komendant bina sakinlərindən su və elektrik sayğaclarına görə pul alınmasını etiraf edib:

"Ancaq 260 manat su sayğacının, 150 manat isə işıq sayğacının qiymətidir. Sakinlərdən ancaq buna görə pul istənilib. Bunu da biz MTK vasitəsilə pulları ödəyib həmin sayğacları quraşdırmışıq. Hesab edirəm ki, burada qeyri-qanuni heçnə yoxdur".

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Demokrat.az-a açıqlamasında deyib ki, binalara elektrik sayğaclarının qoyulmasına görə vəsait "Azərişıq"-a deyil, "ASAN Xidmət" mərkəzlərinə ödənilir:

"Yalnız "Azərişıq" "ASAN Xidmət" mərkəzlərinə müraciət ediləndən sonra sayğacı quraşdıra bilər. Bir daha qeyd edirəm ki, ödəniş "Azərişıq" ASC-yə deyil, "ASAN Xidmət"-ə olunur".

Qeyd edək ki, “İdeal” MTK şirkıətinin sahibi “Karqo Şamil” kimi tanınan qalmaqallı iş adamı Şamil Heydərovdur.

2013-cü ildə “Klassik-2” şirkətinin prezidenti olmuş Şamil Heydərov polisə müraciət edərək “Sədərək” ticarət mərkəzində yerləşən özünə məxsus obyektdən 210 min dollar və 10 min manat oğurlandığını bildirmişdi. Aylar sonra isə oğurluqda şübhəli bilinən Astara sakini həbs olunmuşdu.

Şamil Heydərov 2015-ci ilədək "Çin Karqo" adlanan yükdaşınma şirkəti vasitəsilə Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların əsas karqo daşımalarını həyata keçirib.

Hazırda o, Bakının müxtəlif yerlərində bina tikintisi işlərilə məşğul olur.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.