“Aqrolizinq”in monopoliyası ləğv olundu – Kəndlinin texnika problemi həll olunacaqmı? -

8-02-2019, 15:30            187 dəfə baxılıb
 “Hesab edirəm ki, indiki halda atılan addımlar kənd təsərrüfatının texnikayla təminatına hesablanmayıb. Sadəcə bu sahədə müəyyən adamların varlanması nəzərdə tutulub”.

Bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov kənd təsərrüfatı texnikalarının yeni qaydalarla satışını şərh edərkən pia.az-a açıqlamasında qeyd edib.

Fevral ayının 15-dən kənd təsərrüfatı texnikaları yeni qaydalarla satılacaq. Yeni qaydalara əsasən artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq” ASC-dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.

“Texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək”, deyə nazirlikdən bildirilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov açıqlamasında bildirib ki, Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə məşğul olan təchizatçı şirkətlər kifayət qədərdir. Yeni qaydalara əsasən, bütün şirkətlərdən alınan texnikanın dəyərinin 40 faizi subsidiyalaşdırılacaq.

Maraqlıdır ki, bu addım kənd təsəttüfatının texnika ilə təchizatına və nəticədə kəndlinin öz məhsulunu ziyan etmədən vaxtında yığmasına təsir göstərə biləcəkmi? Eyni zamanda hazırda aqrar sektorun texnika ilə təchizatında hansı problemlər var?

Mövzu ilə bağlı pia.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

Kənd təsərrüfatı texnikalarının satışına şamil edilən yeni qaydaların müsbət irəliləyişə səbəb olmayacağını ehtimal edən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova görə, kənd təsərrüfatının inkişafı üçün kəndli və fermerlərin özünə güzəşt edilməlidir:

“Əslində uzun müddətdir ki, “Aqrolizinq” ASC-nin ləğv edilməsini təklif edirik. Eyni zamanda təklifimizdə texnikanı ölkəyə gətirən şirkətlərə və ya özəl sahibkarlara deyil, birbaşa fermerlərə güzəşt edilməsi yer alıb. Əgər fermer o texnikanı alırsa, güzəşt ona tətbiq edilməlidir.

Dövlət büdcəsi hesabına şirkətlər kəndlilər və fermerlər üçün lazım olmayan, aşağı keyfiyyətli, müasir və hətta normal havalanma şəraiti olmayan texnikalar gətirirlər. Şirkətlər bu texnikalarda bəzi detalların çıxarılması şərtiylə, ucuz qiymətə əldə etməyə çalışırlar. Bu halda istehsalçılar sifarişi şərti yerinə yetirirlər və bəzi detalları texnikaya əlavə etmirlər.

Təbii ki, gətirilən bu cür texnikalar normal işləmir. Təsəvvür edin ki, gətirilən kombayn kondisinersiz olur. Nəticədə isti havalarda bizim fermerlər və mexanizatorlar texnikadan normal istifadə edə bilmirlər və əziyyət çəkirlər. Bu əslində həmin şirkətlərin, ya da məmurların bizim insanlarımıza necə yanaşmasının göstəricisidr. Bu baxımdan kəndli və fermerlərin özünün xaricdən texnika almasına şərait yaradılmalıdır.

Bu işlə məşğul olacaq özəl şirkətlər yalnız oliqarxlara yaxındır. Adi insanlarda o qədər vəsait yoxdur ki, xaricdən lazım olan texnikanı ala bilsinlər və kənd təsərrüfatında çalışan fermerlərə, kəndlilərə təklif etsinlər. Bunu ancaq dövlət məmurları ilə qohumluq, dostluq əlaqəsi olan şəxslər həyata keçirəcək. Hökumət nümayəndələrinin nə deməsindən asılı olmayaraq, bu, birmənalı şəkildə belədir.

Biz hələ də idxalda hansısa yumşalmanın baş verdiyini və ya adi insanların xaricdən məhsul alaraq, ölkədə satışını həyata keçirdiyini görmürük. Bu işi oliqarxlara yaxın şəxslər edir. Bu baxımdan güzəşt də onlara tətbiq olunacaq. Onlar dövlət büdcəsi hesabına texnikaları alacaqlar. Yəni, kəndli və fermer üçün qoyulan yeganə seçim oliqarxların yaxınlarını gətirdiyi texnikanı almaqdan ibarətdir.

İmkan yaradılmalıdır ki, kəndli və ya fermer lazım olan texnikanı digər ölkələrdən özü ala bilsin. Bunun üçün bütün idxal rüsumları ləğv edilməlidir. Çünki Azərbaycanın özü kənd təsərrüfatı texnikası istehsal etmir. Bununla yanaşı, şirkətlərin gətirdiyi texnika üçün 50-60%-lik güzəşt nəzərdə tutulsun. Bu halda kəndli və fermer normal istehsalla məşğul ola biləcək və istehsalı fayda verəcək. Əks halda özəl şirkətlər fermerləri qarmaqda saxlamağa çalışacaqlar. Belə ki, kəndli və fermerlərin özəl şirkətlərin gətirdikləri keyfiyyətsiz texnikaya görə bir neçə ildən sonra ehtiyat hissələrə görə müraciəti mümkündür. Bu təqdirdə isə şirkətlər əlavə pul qazanacaqlar.

Hesab edirəm ki, indiki halda atılan addımlar kənd təsərrüfatının texnikayla təminatına hesablanmayıb. Sadəcə bu sahədə müəyyən adamların varlanması nəzərdə tutulub. Bizim təkliflərimiz korrupsiya, rüşvətxorluq, dövlət büdcəsinin talanması kimi halların aradan götürülməsinə əsaslanır. Çox təəssüflər olsun ki, bu istiqamətdə əsaslı addımların atılması müşahidə olunmur.

Əgər texnikanın alınması kəndli və fermerlərin öz öhdəsinə verilərsə, ölkədə kənd təsərrüfatı texnikalarına olan tələbat tamamilə ödənəcək. Bu işlə məşğul olmaq istəyənlər də ehtiyat hissələri gətirə və müəyyən təkliflərlə çıxış edə bilərlər. Bu halda rəqabət yaranacaq və topdan-satış alanda güzəştlər tətbiq olunacaq. İşlər bu formada qurulmadıqca, dövlət büdcəsindən alınan vəsaitlərin çox hissəsi elə dövlət məmurlarına çatacaq. Bu gedişat isə əsasən kəndlilər və fermerlərə ziyan vuracaq”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.