Birinci qrup əlil ÜSY-dan niyə məhrum edilib?- FOTO -

8-02-2019, 12:00            104 dəfə baxılıb
 Birinci qrup əlilliyi olan vətəndaş ödənişli əsaslarla ali məktəbə qəbul olunan övladının təhsil haqqını ödəmək üçün bankdan kredit götürüb. Amma problemin həllinə görə sevinci uzun çəkməyib. Az sonra məlum olub ki, dövlətdən aldıqları ünvanlı sosial yardım dayandırılıb…

Strateq.az saytına müraciət edən 44 yaşlı Xəlilov Mais Ağaxəlil oğlu Binəqədi rayonu, 3-cü mədən, korpus 120, ev 76 ünvanında 5 nəfər ailə üzvü ilə birgə yaşayır. Üç övladından ikisi ödənişli əsaslarla ali təhsil alır. Ailənin yeganə əsas gəliri dövlət tərəfindən verilən ünvanlı sosial yardımdır.

“Mən övladımın ali təhsil almaq arzusuna qarşı necə çıxa bilərdim?! Çıxış yolu kimi həyat yoldaşımın boyunbağını və bilərziyini “İnternational” Bank Olmayan Kredit Təşkilatında (BOK) girov qoyub min manat kredit götürdük. Bir neçə gündən sonra ünvanlı yardımı almaq üçün kartımı bankomata daxil edərkən məlum oldu ki, pul hesaba köçürülməyib. Dərhal Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Oradan bildirdilər ki, mənə verilən yardım qanunvericiliyin tələbini pozduğuma görə dayandırılıb. Yardım alan şəxsin adına kredit rəsmiləşdirilməsi aparılarsa, yardım kəsilir” –deyə M.Xəlilov bildirib.

Şikayətçi BOK-a müraciət edərək, kreditdən imtina edib. Amma bu da birinci qrup əlilə ünvanlı sosial yardımın bərpa olunmasına kömək etməyib.

Onun dövlət qurumlarına çoxsaylı müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən cavabda qeyd olunub ki, Mais Xəlilov müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq 1 il müddətinə ünvanlı sosial yardım almaq hüququndan məhrum edilib. Yalnız qanunda göstərilən müddət bitdikdən sonra, onun yardım üçün müraciət etmək hüququ yaranır.

“Mən bilsəydim, kredit alanda yardım kəsiləcək, bu addımı atıb ailəmi yeganə dolanışıq mənbəyindən məhrum etməzdim. Nəzərə alınmalıdır ki, 5 nəfərlik ailənin yeganə gəlir mənbəyi bu yardımdır, neçə aylardır onu dayandırıb bizi səfalətə vadar etməyin adı nədir? Məgər biz əlilliyi olan vətəndaşların övladına ali təhsil vermək hüququ yoxdurmu? Mən fiziki məhdudiyyəti olan bir valideyn kimi bunun üçün nə etməliyəm? Əlbəttə, dövlətin qayğısına, imtiyazlarına, bizə verdiyi dəstəyə güvənməliyəm. Mən həmin kreditdən imtina etmişəm, dövlətin verdiyi yardım ailəmin minimum ehtiyaclarını ödəməyə yetir. İstisna hal kimi mənim durumum nəzərə alınıb, ünvanlı sosial yardım bərpa olunmalıdır. Mən dövlətimdən bu addımı gözləyirəm”-deyə Mais Xəlilov vurğulayıb.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.