“Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur” – Cahangir Hacıyev -

7-02-2019, 16:30            111 dəfə baxılıb
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən C.Hacıyev sərbəst ifadə verib.
O, ona qarşı irəli sürülmüş ittihamı və ötən məhkəmə iclasında prokurorların elan etdiyi ittihamı qəbul etmədiyini deyib: “Dövlət ittihamçıları ittiham aktını elan edən zaman sanki şou göstərirdilər”.
Bu zaman prokuror sabiq bankirə etiraz edib.
Hakim C.Hacıyevin sözünü kəsib, ondan ittihamın mahiyyəti üzrə danışmasını tələb edib.
İfadəsini davam etdirən C.Hacıyev mənimsəmədə günahlandırıldığı 4.7 milyard manatın taleyi barədə danışıb: “Heç Azərbaycan büdcəsində bu qədər pul yoxdur. Bu məbləğ Azərbaycan Mərkəzi Bankının valyuta vəsaitlərinə bərabərdir. Beynəlxalq Bankının Moskva filalının aktivləri elə 2 milyona yaxın olub. Bəs bu necə olur ki, mən 4.7 milyard manat pulu mənimsəmişəm? Ən azından bir bu rəqəmlərə baxın. Cinayət işini heç dövlət ittihamçıları tam oxumayıblar. Onlar ancaq ittiham hissəsi ilə tanış olublar. Xahiş edirəm ki, göstərərdiz görək həmin pullar mənim və ailə üzvlərimin hesabına necə köçüb? Belə bir sübut var? Guya mən həmin pullarla şəxsi əmlak almışam. Biz dövlət təşkilatı olmamışıq. Mən bankın rəhbəri olduğum dövrdə dövlətin payı 50.2 faiz idi. Bankda işlədiyim zaman müavinim vəzifəsində çalışmış Emin Mustafayevin bir şikayəti əsasında barəmdə cinayət işi açılıb”.
O qeyd edib ki, bankın rəhbəri olduğu dövrlərdə heç kəsə göstəriş verməyib.
Prosesdə C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. Sabiq bank sədri onunla birgə təqsirləndirilən D.Xəlilovu cavan vaxtlardan tanıdığını, lakin keçmiş deputatla heç bir biznes əlaqələrinin olmadığını söyləyib: “Dünyamin Xəlilov mənim tapşırığımla müəyyən layihələrə nəzarət edirdi”.
Məhkəmədə elan olunub ki, ittiham aktında D.Xəlilovun adı bir çox epizodlarda keçir.
Prosesdə fasliə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.