AÇG-nin səhmdarları “Exxon” və “Chevron”un paylarının alınması imkanını nəzərdən keçirir -

7-02-2019, 15:30            110 dəfə baxılıb
 “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində iştirak edən bütün səhmdarlar Amerikanın “Exxon Mobil” və “Chevron” şirkətlərinin paylarını almaq imkanına baxır, lakin bu, bazar araşdırmasının nəticəsindən və qiymətdən asılı olacaq.
“Report” xəbər verir ki, bunu SOCAR-ın marketinq və sərmayələr üzrə vitse-prezidenti Elşad Nəsirov “Bloomberg” agentliyinə bildirib.
“Exxon Mobil” və “Chevron” başqa yerdə fəaliyyətlərini genişləndirmək istəyirlər. Bu məsələni hər iki şirkət ilə müzakirə etmişik. AÇG-nin bütün səhmdarları hər iki şirkətin səhmlərini almaq imkanlarına baxır, lakin bu, bazar araşdırmasının nəticəsi və ortaya çıxan qiymətdən asılı olacaq”,- deyə E.Nəsirov deyib.
O qeyd edib ki, 2017-ci ildə AÇG üzrə sazişin müddətinin 2050-ci ilədək uzadılmasından sonra layihədəki səhmlərin dəyəri artıb.
Qeyd edək ki, hər iki şirkətin AÇG-dəki paylarını satmaq niyyəti ötən ilin dekabr ayında yayılmışdı. “Chevron” şirkətindən bildirilmişdi ki, AÇG-dəki 9,6% və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9% payını satmaq barədə qərara gəlinib. “Exxon” şirkəti isə AÇG-dəki 6,8% payını 2 mlrd. dollar satışa çıxarmaq niyyətini qeyd etmişdi.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.
Layihədə pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.