Şirin Cəfəri: “Əsassız məlumatlar həqiqəti ifadə edə bilməz” -

7-02-2019, 14:45            83 dəfə baxılıb
 
Dünən Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdum. Düzdür, ilk əvvəl hansı səbəbdən dəvət olunmağım haqda heç bir məlumata malik deyildim. Elə ki, saat 14:00-da adı çəkilən qurumda oldum, o halda bəlli oldu ki, 9 Yanvar 2019–cu il tarixdə Reportyor.info saytında “Yediyarovla bağlı yoxlama niyə donub? – təhsil şefinin villasında kef çəkdilər” başlıqlı “məqalə” işıq üzü görüb və həmin məqlənin dərcindən bir neçə gün sonra yaşanan problemlərlə bağlı “Gündəm Xəbər” qəzetinin redaksiyasında müzakirələr aparıldığından, məhz dəvət olunmağıma belə bir amilin varlığı səbəb olub.

Guya ki, Oqtay Əliyev adlı şəxs üz-üzə qaldığı problemlər səbəbindən Arifə Əliyevanın baş redaktoru olduğu Reportyor.info saytının redaksiyasına müraciət edir və o, rayonun sabiq icra başçısı Ramiz Yediyarovla bağlı aparılan yoxlamalar zamanı həqiqət üzə çıxarılmadığndan narahatçılığını ifadə edib. Guya ki, Oqtay Əliyev redaksiya əməkdaşlarına onu da bildirib ki, “Dövlət qurumlarını təmsil edən və yoxlamaları aparan şəxslər, həmin günlərdə rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyevə məxsus villada qalırlar, axşam çağlarında da kef məclisi qururlar”. Belə bir səbəblər üzündən də, 9 Yanvar 2019–cu il tarixdə həmin saytda “Yediyarovla bağlı yoxlama niyə donub? – təhsil şefinin villasında kef çəkdilər” başlıqlı açıqlama işıq üzü görür.

Elə ki, Oqtay Əliyev baş redaktor ilə əlaqə saxlayır və heç bir halda sayta şikayət ərizəsi yazmadığnı, Baxış Nağıyevin villasının olub-olmaması haqda heç bir məlumata malik olmadığını qarşı tərəfin diqqətinə çatdırır. O halda baş redaktor məqalənin dərcindən məlumatsız olduğunu və onu bir saatdan sonra saytdan çıxaracağını bildirir. Həmin günün səhəri Oqtay Əliyev “məqalə”nin saytdan çıxarılmadığını görür, o halda o, bir daha həmin şəxslə əlaqə saxlayır və onun adından yazılmış məqaləni saytdan çıxarmadığına görə, baş redaktora etirazını da bildirir. Həmin vaxt Oqtay Əliyevlə birlikdə olan əmisioğlu Əli adlı şəxs məsələdən hali olur və yaşanan problemlə bağlı o da, adı çəkilən saytın rəhbəri ilə əlaqə saxlayır. Hətta, o, əmisi oğlunun adından yazılmış məqalənin saytdan çıxarılması üçün, xanım baş redaktordan bir neçə dəfə xahiş də edir. Xoşagəlməz hal o olur ki, telefon danışıqları zamanı tərəflər arasında anlaşılmazlıq yaşanır və hər iki tərəf bir-birini müəyyən qədər ittiham edir.

Belə bir problemlə bağlı “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru olaraq hər iki tərəfi səbrli olmağa, problemləri masa arxasında əyləşib həll etməyə dəvət etdim. Arifə xanıma da zəng edib, ondan “Azərbaycan” nəşriyyatına gəlməsini xahiş edim. Məqsədim hər iki tərəfi ümumi razılığa gətirmək, tərəfləri barışdırmaq idi. 16 yanvar 2019-cu il tarixdə xanım baş redaktor da “Gündəm Xəbər” qəzetinin redaksiyasına təşrif buyurdu və mənim iştirakım ilə hər iki tərəf arasında müzakirələr apardıq. İlk əvvəl Əli adlı şəxs əmisi oğlu Oqtay Əliyevin adından yazılmış məqalə ilə bağlı məhkəməyə müraciət edəcəyini desə də, ona belə bir fikirindən əl çəkməyi məsləhət gördüm. Onu da bildirim ki, müzakirələr başlamazdan öncə Oqtay Əliyevin əmisi oğlu Əli adlı şəxs, bir gün öncə onunla telefonda yüksək tonla danışdığına görə xanım baş redaktordan üzr istədi. Bir neçə dəqiqəlik müzakirələrdən sonra isə, hər iki tərəf arasında fikir ayrılığı yarandı və onlar redaksiyada müəyyən qədər səs-küy də saldılar. Belə bir halın varlığı digər redaksiyaların iş prosesinə maneçiliklər yaratdı. Çox keçmədi ki, “Azərbaycan” nəşriyyatının mühafizəsi işində çalışan polis əməkdaşları redaksiyamıza gəldilər və hər iki şəxsi sakitləşdirdilər. Həmin dəqiqələrdə xanım baş redaktor redaksiyamızı tərk etdi və guya ki, Oqtay Əliyevin əmisi oğlu Əli adlı şəxs onu soyuq silahla hədələyir, saçlarını yolur, ona qarşı kobudluq edir, hətta ona stəkan da atır. Onu bildirim ki, hadisələr mənim və digər redaksiya əməkdaşlarının, hətta “Azərbaycan” nəşriyyatında çalışan polis əməkdaşlarının yanında baş verdi. Yəni, xanım baş redaktorun DİN-nin 102 xidmətinə bildirdiyi məlumatlar əsasız məlumatlardır. Çünki, bizim redaksiyamızda ümumiyyətlə stəkan yoxdur və belə bir olay da yaşanmayıb. İndi sual oluna bilər ki, əgər xanım baş redaktorun dedikləri həqiqətdirsə, bəs səbəb nə olur ki, hadisə yerində olan polis məkdaşları Əli adlı şəxsdən iddia olunan soyuq silahı müsadirə edib götürmürlər? Belə bir ittihamı irəli sürən xanım baş redaktor atdığı addımı ilə, polis əməkdaşlarını da zərbə altında qoymurmu? Çünki, polis əməkdaşlarının vəzifə borcu, həm də soyuq silah gəzdirən şəxsi zərərsizləşdirmək və həmin şəxsdə olan silahı müsadirə edib aidiyyəti üzrə təhvil verməkdir. Əslində bu cür əsassız ittihamın irəli sürülməsi onu söyləməyə əsas verir ki, xanım baş redaktor polis əməkdaşlarını fəaliyyətsizlikdə, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirməməkdə də ittiham edir.

Bundan əlavə, əgər Əli adlı şəxs xanım baş redaktorun saçlarını yolubsa, ona hər hansı formada xəsarət yetiribsə, o halda o, nə üçün həkimə müraciət etməyib? Ən əsası, 16 yanvar günü “Gündəm Xəbər” qəzetinin redaksiyasında olan əməkdaşlar və kənar şəxslər, hətta “Azərbaycan” nəşriyyatının mühafizəsi işində çalışan polis əməkdaşları Əli adlı şəxsin heç bir soyuq silah haqda danışmağının şahidi olurlar, xanım baş redaktorun saçlarının yolunmasının şahidi olmurlar, amma o, belə bir məlumatları DİN-nin102 xidmətinə çatdırır. Əgər bu məsələlərdə lazımınca araşdırmalar aparılarsa, yəqin ki, o halda xanım baş redaktorun məsuliyyətinin nələrdən ibarət olması hər kəsə bəlli olar.

Yəni, bu gün Bakı şəhər Baş Polis İdarəsində verdiyim izahat bununla bağlı oldu və yenə də hər iki tərəfi ümumi razılığa gəlməyə, səbrli olmağa, problemləri masa arxasında əyləşib həll etməyə dəvət edirəm.

GundemXeber.Az
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.