Qarabağda vuruşmuş deputat: həbsxanada olduğum vaxtı... -

10-11-2018, 21:30            41 dəfə baxılıb
 Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev "Qarabağ" İctimai Komitəsi tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi tələbilə noyavrın 24-də keçirilməsi planlaşdırılan mitinqin təxirə salınması məsələsinə münasibət bildirib.

Aim.az Sonxeber.az-a istinadən xəbər verir ki, F.Quliyev açıqlamasında deyib ki, Qarabağla bağlı keçirilən sonuncu mitinq çox uğursuz təşkil edilib:"Sonuncu Qarabağ mitinqi çox uğursuz oldu. Bu mitinq daxili auditoriyaya zərbə vurdu, milli birliyə xidmət edən mitinq olmadı. Yəni, çox bölücü mitinq idi. Həmin mitinqdə bəzi çıxışlar onu urvatdan saldı. Nəticədə isə bu daxili ictimai rəyə mənfi təsir göstərdi. Təsəvvür edin ki, xaricdən o mitinqi izləyənlər bir anlıq düşündülər ki, bu ölkənin Qarabağla bağlı iradəsi budurmu və sairə. Qarabağ mitinqində konseptual yanaşmalar olmadı. Belə addımlara "qaş düzəldən yerdə göz çıxardı" deyirlər. Təbii ki, bu cür hallar Azərbaycana fayda verə bilməz. Ancaq gərək zərər də verməyəsən. Ona görə də mən Qarabağ adı ilə öz şəxsi ambisiyalarını dilə gətirib fərqli çıxışlar edən adamların bu tip hərəkətlərinə qarşıyam. Mən dəqiq bilmirəm ki, mitinqdə çıxış edən həmin adamların plan və məqsədləri konkret olaraq nədir. Amma görünən odur ki, həmin mitinqdə Qarabağdan savayı hər şeydən danışırlar. Əgər kiminsə hakimiyyətlə mübarizəsi varsa, bunu Qarabağ kimi məsələnin adı ilə etməzlər. Çünki o mitinqdə qazilər, şəhid ailələri, təşkilatlar iştirak edirdi. Sən mitinqdə çıxış onların fikirlərini çatdırmalısan. Daha öz siyasi ambisiyalarını dilə gətirməməlisən. Ona görə də hesab edirəm ki, bu cür mitiqnlərə qətiyyən ehtiyac yoxdur. Bu səviyyədə Qarabağ məsələsinə yanaşmaq olmaz".
Deputat Qarabağ məsələsi ilə bağlı hakimiyyətlə müxalifət təşkilatları arasında ortaq memerendumun imzalanmasını təklif edib:
"Təklif etmişəm ki, hakimiyyətlə bütün müxalif təşkilatlar Qarabağ məsələsi barədə ortaq memerendum imzalasınlar. Yəni, hakimiyyət əmin olmalıdır ki, müxalifət Qarabağ məsələsindən sui-istifadə edib hakimiyyət mübarizəsi aparmayacaq, müxalifət də əmin olsun ki, hakimiyyət Qarabağ məsələsində güzəşt etməyəcək. Bu hər iki tərəf üçün böyük etimad olardı. Həm də xaricdən Qarabağ məsələsilə bağlı hakimiyyətə təzyiqlər olan zaman onlar bütün ölkə ictimaiyyətinin iradəsini nəzərər alarlar. Nəticədə isə bütöv millət olaraq xarici təzyiqlərin qarşısında güclü müqavimət göstərmək olar".
F.Quliyev keçmiş döyüşçü kimi Qarabağ məsələsinin onun üçün ağrılı problem olduğunu da söyləyib:
"Mən təkcə Naxçıvanda deyil, eyni zamanda Qarabağda da bir döyüşçü kimi vuruşmuşam. Mən Kəlbəcərdə, Ağdərədə, Ağdamda döyüşmüşəm. Ona görə də bu məsələni bir köynək yaxından bilirəm. Mənim Qarabağ müharibəsində şəhid düşmüş xeyli dostlarım var. Hətta, həmin dostların məzarlarını görəndə çox pis olduğum üçün az qala Şəhidlər Xiyabanına da gedə bilmirəm. Şəxsən mən Qarabağ məsələsi ilə bağlı elə gün olmur ki, ona münasibət bildirməyim. Qarabağla bağlı xeyli təkliflərim olub. Hətta, həbsxanada olduğum vaxtı məhbəsdən belə təklif göndərmişdim".шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.