"Azərbaycanda insanlar qapı-pəncərə olmadan da rahat yaşaya bilər" - DEPUTAT -

10-01-2019, 12:15            33 dəfə baxılıb
 Milli Məclisin deputatı Rüstəm Xəlilov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan sabiq millət vəkili hacı Qalib Salahzadənin evinə gülləkeçirməz şüşələr qoydurması barədə yayılan xəbərlərdən danışıb.
Deputat Rüstəm Xəlilov demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda insanlar tam təhlükəsiz şəraitdə yaşayırlar:
"Mən iş adamı olsam belə heç zaman evimin şüşələrini zirehli etdirmərəm. Cənab Prezident Azərbaycanı elə yüksək səviyyəyə gətirib çıxarıb ki, ölkəmizdə insanlar qapı-pəncərə olmadan belə çox rahat yaşaya bilərlər. Görünür, evinin pəncərəsini zirehli etdirən adamların ağılı hələ də ötən əsrin 90-cı illərindəki xaoslu Azərbaycana gedir. İndi Azərbaycanda ictimi-siyasi sabitlik hökm sürür, kriminagen durum tam nəzarət altındadır, polis ictimai asayişi tam təmin edir. Belə olan halda evin şüşələrini zirehli etdirməyin nə mənası var? Əgər Azərbaycanda belə hallar varsa, mən bunu düzgün hesab etmirəm".
Deputat hacı Qalib Salahzadənin evinin şüşələrinin zirehli olması barədə məlumatsız olduğunu da söyləyib:
"Hacı Qalib Salahzadə keçmişdə mənim deputat həmkarım ola bilər. Ancaq mən onun evinin şüşələrinin zirehli olub-olmamasını bilmirəm. Çünki mən onun evində heç vaxt qonaq olmamışam. Lap qonaq olsam belə bunu demərəm. Axı mən haradan bilərəm ki, filankəsin evinin şüşəsi zirehlidir?".
Xatırladaq ki, "Yeni Müsavat" qəzeti hacı Qalib Salahzadənin evinin şüşələrinin zirehli olması barədə sensasion məqalə dərc edib.
Məqalədə qeyd olunur: "Hacı Qalib istintaqda özünü elə aparır ki, guya günahsızdır. Qardaşım Ələkbər Quliyevlə üzləşdiriləndə danışır ki, Bilgəhdəki 7 mərtəbəli imarətinə 3-4 milyon avro xərcləyib təkcə pəncərə alıb. İmarətin pəncərələri gülləkeçirməzdir. Almaniyadan mütəxəssislər dəvət edib və həmin pəncərələrin montaj işlərini görüblər. Bu adam kimdir ki, evinə gülləkeçirməz pəncərə qoydurur? Qardaşım da ona deyib ki, ondansa get yolu aç. Bizə vurduğun ziyanı ödə. Bizim əmlakımızı 2012-ci ilin martında audit şirkəti 2 milyon yarım manat ancaq tikili kompleksinə qiymət qoymuşdu. Orada bizim 20 sot torpağımızın üzərində 2 mülkdən başqa hovuz, su quyusu, çoxlu ağaclarımız, yardımçı tikililərimiz vardı".

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.