Sabiq nazirin qardaşı zərərçəkənlərlə barışdı -

9-01-2019, 17:45            329 dəfə baxılıb
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi keçirilib. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə şahidlər dindirilib.
Zərərçəkmiş Rəşad Tahirovun dostu Habil Cəfərov deyib ki, bu hadisədən əvvəl Ə.Əhmədovu tanımayıb: “Rəşad məndən 40 min borc istədi, dedi Əvəz Əhmədov ondan tələb edir. Dediyinə görə Hörmət həkimin borcunun əvəzinə ondan bu pulu istəyirlər. Mən də Əvəz müəllimə zəng edib görüşdüm, orada dedim ki, borc 140 mindir, niyə 220 min istəyirsiz? Bir az danışdıq, amma razılığa gələ bilmədik. Mən Rəşada dedim dur, gedək, Əvəz müəllim isə onun gedə bilməyəcəyini dedi. Rəşad dedi, iki evimin sənədlərini verərəm. Sonra biz danışdıq və 140 min verməyə razılaşdıq. Əvəz Əhmədov o görüşdə bizə heç bir hədə-qorxu gəlmədi”.
Hakim H.Cəfərovdan ifadəsində işlətdiyi Ə.Əhmədovun adından deyilən “Rəşad gedə bilməz” cümləsinin hədə-qorxu olub-olmadığını soruşub. Şahid isə buna aydınlıq gətirə bilmədib. H.Cəfərov əlavə edib ki, R.Tahirov həbs ediləcəyindən qorxurmuş.
Lakin H.Cəfərovun istintaqa ifadəsi ilə məhkəmədəki fikirləri arasında ziddiyət yaranıb. O, müstəntiqə ifadəsində deyib ki, Rəşad ona Əvəz Əhmədovun onun ailəsini məhv edəcəyini deyirmiş.
Ə.Əhmədovun vəkili vəsatət verərək Habil Cəfərovun ziddiyətli ifadə verdiyi üçün onun adının şahidlər siyahısından çıxarılmasını istəyib. Məhkəmə buna müşavirə otağında qərar verəcəyini elan edib.
Əvəz Əhmədov suallara cavabında əvvəlcə 220 min istəməsinin səbəbini izah edib: 
“Məndən armatur satışı üçün 140 min dollar istədilər. Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim. Sonra Habil də gəldi, danışdıq. Mən qazancımdan keçdim və öz halal pulumu istədim. Onlara qarşı insanlıq etmişəm”.
Daha sonra R.Tahirovun digər dostu Sahil Allahverdiyev ifadə verib. O deyib ki, Rəşad ondan 2 dəfəyə 55 min dollar borc alıb: “Bir müddət keçəndən sonra ondan borcunu qaytarmasını istədim. Rəşad dedi ki, Əvəz Əhmədov adlı şəxs pulu ondan hədə-qorxu ilə alıb”.
Zərərçəkmiş Hörmət Əsgərov təqsirləndirilən Əvəz Əhmədovdan heç bir şikayəti olmadığını, ümumiyyəltə bu zamana kimi, istintaq müddətində də Ə.Əhmədov haqda şikayət etmədiyini deyib. Digər zərərçəkən Rəşad Tahirov da Ə.Əhmədovun həbsdə qalmasını istəmədiyini bildirib: “Sadəcə mənə dəyən ziyanın ödənilməsini istəyirəm”.
Proses yanvarın 16-da davam etdiriləcək.
İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. H.Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə H.Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb.
Daha sonra Ə.Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Lakin Əvəz Əhmədov özünü təqsirli bilməyib.
Zərərçəkmiş Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

Aim.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.