AFFA rəsmisi: "Niyə də yox?!" şüarı ilə bağlı həştaq nəticələri fantastik idi" -

2-11-2018, 16:15            39 dəfə baxılıb
  "Azərbaycan milli komandasının seçmə mərhələlərdə iştirakı ərzində heç vaxt şüar olmurdu. Bir şüar var idi ki, o da "Biz birlikdə güclüyük" adlanırdı. 2018-ci il dünya çempionatının seçmə mərhələsinə "Niyə də yox?!" şüarı ilə başladıq".
Aim.az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında AFFA-nın Marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev UEFA GROW mükafatlandırma mərasimdə aldıqları mükafat barədə danışarkən deyib.
T.Piriyev bu şüarın uğurlu alınmasını və xüsusi mukafata layiq görülməsini yığmanın DÇ-2018-in seçmə mərhələsinin ilk üç oyununda uğurlu nəticə qazanması ilə əlaqələndirib: "Həmin vaxt bu şüar çox yayıldı. Şüarın nə qədər yayılmasını ölçmək çətin idi. Ancaq nəticəyə həştəqa görə baxa bildik. Rəqəmlər fantastik idi. Düzü, bu işə başlayanda, neqativ fikirlər də oldu. Çexiya ilə heç-heçə etdiyimiz oyundan sonra isə xüsusi platformalarda ölçdük. "Facebook", "Instagram" və "Twitter" vasitəsi ilə 4 milyon 600 min paylaşım, 9 milyon 700 min bəyənmə, şərh və paylaşım mövcud idi. Bu isə ciddi rəqəmdir. Münsiflər heyəti də qiymətləndirəndə bu kimi meyarlara fikir verir. Qısa bir vaxtda belə nəticə əldə olundu. Mükafatı da buna əsasən verdiklərini vurğuladılar".
AFFA rəsmisi bildirib ki, daha öncə UEFA-nın ali marketinq mükafatı olan və hər iki ildən bir təqdim edilən "KISS Marketing awards"ın adı dəyişdirilərək UEFA GROW adlanmağa başlayıb: "Orada 5 kateqoriya var. Milli assosiasiyalar iki il ərzində gördükləri işi təqdim edirlər. UEFA-dakı müstəqil münsiflər heyəti və böyük şirkətlərin marketinq rəhbərləri bu işləri qiymətləndirirlər. Onun əsasında isə mükafatlar verilir. UEFA GROW tərəfdaşlıq proqramıdır. Quruma üzv olan qitənin 55 ölkəsinin bu proqramda iştirakı planlaşdırılır. Proqram əvvəllər 6 pilot ölkə ilə başlayıb. Azərbaycan da o ölkələrdən biri idi. 6 ölkədə uğurlu alındıqdan sonra, 55 ölkənin hamısında keçirilməsi planlaşdırılır. Artıq bu, 40-dan çox ölkədə həyata keçirilir". T.Piriyev UEFA GROW proqramının “Gələcəyin Futbol Federasiyaları” strategiyasının yazılmasında ölkələrin aktiv iştirak etdiyini söyləyib: "Orada 14 hissədən ibarət starategiya var idi. Strategiyaların hər birinin ayrı-ayrılıqda əhəmiyyətli mövzuları var. Üç sahənin yazılmasında iştirak etdim. Hər bir sahənin yazılmasına 5-6 nəfər federasiyaların nümayəndələri və böyük şirkətlərin rəhbərlikləri dəvət olunurdu. Bəzi federasiyaların prezidentləri də sahələr üzrə strategiyanın yazılmasına cəlb olunub. Bu proses demək olar ki, bir il çəkdi və strategiya başa çatdı. Kitab şəklində formalaşdı. Konfransda sonuncu dəfə onu müzakirə etdik. Hər sahə üzrə qrup şəklində müzakirələr aparıldı. Konfransın əsasında strategiya tamamlanacaq".
Şöbə müdiri hər bir seçmə mərhələdə hansısa şüardan istifadə etməyə məcbur olmadıqlarını qeyd edib. O, müxtəlif marketinq alətlərinin olduğunu və onlardan lazımi şəkildə istifadə etməyə çalışacaqlarını vurğulayıb: "UEFA Millətlər Liqası bizim üçün çox önəmlidir. Bu, yeni məhsuldur, insanlar bunu tanımalıdırlar. Başa düşməlidirlər ki, bu, bizim üçün dünya və Avropa çempionatlarına alternativ çempionatdır. İstəyirdik ki, insanlar bu turnir vasitəsilə Avropa çempionatına vəsiqə qazanmağın mümkünlüyünü bilsinlər. Millətlər Liqası - tarixi şansdır. Bu yeni məhsulun kommersiya tərəfi də var. Yeni sponsorlar cəlb edə və tərəfdaşlıqlar qura bilərik. Bilet satışı bizdə qazanclı sahə deyil. İlk dəfə idi ki, bu qədər uzunmüddətli kampaniyaya başladıq. Millətlər Liqasının püşkatmasından oyunlarına kimi geniş kampaniya təşkil etmişik. İndiyədək belə irimiqyaslı iş olmayıb. Bu, büdcəsinə görə də ən böyük idi. Çöl reklamları, metroda, radioda reklamlar təşkil olundu. Həmçinin sosial medai vasitəsi ilə də təbliğat davam edir. Təbliğatda CBC Sport da bizə dəstək olur. Kinoteatrlarda filmlərdən öncə oyunlar haqqında məlumat verilir. "Aquavita" şirkəti qazsız suların üzərində Millət Liqası haqqında məlumat yerləşdirdi. "Bakcell" də bizə dəstək olub. 8 dəfə 200 min insana oyunlarla bağlı məlumat gedib. İndiyə qədər etdiyimiz ən uzunmüddətli və büdcəli təqdimat UEFA Millətlər Liqası üçün edilib". Piriyev hansısa layihənin qiymətləndirilməsi və mükafata layiq görülməsinin onlar üçün uğur olmadığını deyib: "Bizim uğurumuz çox yaxşı əməkdaşlıq müqavilələri imzalamağımızdır. “Procter&Gamble” şirkəti ilə imzaladığımız müqaviləni qeyd etmək istərdim. Bu, beynəlxalq şirkətdir. Onların dünya idmanında tərəfdaşlıqla bağlı təcrübələri var. Həmin şirkət bu əməkdaşlığın təqdimatına da önəm verir. Bizim üçün əsas uğurlardan biri millinin matçında stadionun dolu olmasıdır. Millətlər Liqasındakı rəqiblərimiz o qədər də güclü deyil. Təəssüf ki, insanlar üçün rəqibin əhəmiyyəti var. Oyunlar üçün ortalama 20 mindən çox bilet satılıb. Bu, Millətlər Liqasının ilk seçmə mərhələsi üçün pis deyil. İnsanlar bu turnirin mahiyyətini tam bilmirlər. Baxmayaq ki, geniş təbliğat aparılıb. Əminlikdə deyə bilərəm ki, insanlar bilsələr ki, bu, bizim Avropa çempionatının final mərhələsinə qatılmağımız üçün bir şansdır, onda stadiona daha çox insan gələr. Əsas məqsəd o idi ki, bu məhsulu insanlara tanıdaq. Qarşıda yenə oyunlarımız var. Millətlər Liqasında şansımız davam edir. İnanıram ki, uğur qazanacağıq. İşimiz onda daha rahat olacaq. Nə qədər yaxşı təbliğat olsa, sonda milli yaxşı nəticə qazanmasa, işin müəyyən hissəsi boşa getmiş olur. Çox inanıram ki, milli uğur qazanacaq. Daha sonra Avropa çempionatının seçmə, ardından da Millətlər Liqasının play-off mərhələsi olacaq. Onu deyə bilərəm ki, hər şey çox maraqlı olacaq". шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : [email protected]
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.