MİSLİ GÖRÜNMƏMİŞ KREDİT FIRILDAĞI –HAKİM YARIM MİLYONLUQ DƏLƏDUZLUĞA GÖRƏ RƏHBƏR ŞƏXSƏ ŞƏRTİ CƏZA VERDİ -

15-02-2019, 12:00            71 dəfə baxılıb
 Dövlətin yarım milyona yaxın vəsaitini mənimsəməkdə suçlanan kredit ittifaqının rəhbərinə şərti cəza verilib. Söhbət «Aqroinvest» Kredit İttifaqının İdarə Heyətinin sədri Əyyub Əhmədovdan gedir. Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası onu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondunun 470 min manat vəsaitini mənimsəməkdə təqsirli bilsə də, ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini uyğun sayıb. Səbəb kimi isə vurulmuş ziyanın ödənilməsi göstərilib.

İttihamda yazılıb ki, Ə.Əhmədov Fondun sahibkarlığın inkişafı, fermerlərə dəstək məqsədilə ayırdığı vəsaitləri müxtəlif adamların adına kredit kimi rəsmiləşdirib. O adamların bir qismi ayrılan pulun üzünü görməyib, bəziləri isə kredit müqaviləsində göstəriləndən xeyli az vəsait alıb.

Ə.Əhmədov məhkəmədə deyib ki, özünü təqsirli bilmir. O, kreditlərə görə artıq dünyasını dəyişmiş Əliyaz Feyzullayevin məsuliyyət daşıdığını söyləyib. Ə.Feyzullayev kredit şöbəsinin müdiri olub. O bildirib ki, Ə.Feyzullayev kredit alan şəxsləri, ayrılan məbləği müəyyənləşdirib, ona hazır sənədləri gətirib imzalatdırıb.

Şahidlər də onların adına əlavə kreditlər yazıldığını təsdiqləyiblər. Məsələn, Vurğun Əzizov deyir ki, kredit təşkilatından 1200 manat təsərrüfat üçün pul götürüb, onun da 900 manatdan artığını ödəyib. Amma günlərin birində prokurorluğa çağrılanda öyrənib ki, adına 10 min manat əlavə kredit götürülüb.

Bəhram Nəsirov bildirir ki, 46 min manat kredit götürüb, təsərrüfatla məşğul olmağa başlayıb. Prokurorluqda öyrənib ki, onun da adına əlavə 15 min manat pul götürülüb.

«Mən təşkilatdan 2 min 300 manat kredit götürmüşəm, 2014-cü ildə də ödəmişəm. Prokurorluğa çağrılanda bildim ki, əlavə 11 min də varmış. Mənim ondan xəbərim yoxdur», – bunu isə şahid Səməd Ağayev deyir.

2 min 200 manat kredit götürən Mehman Məhərrəmov və 1000 manat almış Nicat Rəsulovun hər birinin adına 13 min manatlıq kredit rəsmiləşdirilib.

Cinayət işində bu cür ifadə verən onlarla şahid vardı. CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə ) maddələri ilə ittiham olunan Ə.Əhmədov istintaq və məhkəmə dövründə də həbsdə deyildi.

«Aqroinvest» Kredit İttifaqı Mərkəzi Bankın 2001-ci il tarixli daimi lisenziyasına əsasən yaradılıb. 

azadliq.orgшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.