İRAD HACIYEVİN ANASININ İTTİHAMLARI CAVABSIZ QALIB - HƏYAT YOLDAŞI SUSUR... -

15-02-2019, 10:45            151 dəfə baxılıb
 “İrşad Telekom” MMC-nin rəhbəri, 40 yaşlı İrad Hacıyevin müəmmalı ölümünün 5 ayı tamamlandı. Bu müddət ərzində üzə çıxan məlumatlar İrad Hacıyevin həyatdan öz xoşu ilə ayrılmadığı qənaətini formalaşdırır. Hələlik istintaqın bu müəmmalı ölüm işi ilə bağlı yekun nəticəsi haqda məlumat yoxdur.

İrad Hacıyevin anası Züleyxa Hacıyeva oğlunun ölümündən sonra özünün facebook səhifəsində oğlunun öldürülə biləcəyi ehtimalını qətiləşdirən məlumatlar paylaşıb. Züleyxa Hacıyeva oğlunun ölümünün 5-ci ayının tamamında yazır: “Bu gün mənim balamın 5 ayı tamam olur. Mənim müalicəmi yarımçıq qoydun, ay bala. İndi daha yeriyə bilmirəm. Ağrıları da daha heç bir dərman sakit etmir. Nə gecəm var, nə gündüzüm. Bu 5 ay bir övladını həddindən artıq çox sevən bədbəxt ana üçün necə ağır keçdi? Onu gözlə görmək lazımdır. Gördüyünüz anadan əsər-əlamət qalmayıb. Can bala, sənə qurban olum, səni itirmək bizə çox ağır oldu. Heyf səndən, kimləri özünə yaxın bildin!? Bir ananın qapısını açmırlar, sağdır, ya ölüb? Özü də əl tutduğun adamlar! Çox-çox darıxmışam sənin üçün, can bala, İradim yatan torpağına qurban”.

Ölümünə qədər telekommunikasiya biznesi sahəsində flaqmanlardan olan şirkətin sahibi İrad Hacıyevin valideynləri niyə bu gün müalicələrinə pul tapmır? Səbəb nədir? Şirkəti hazırda kimlərin əlindədir?

Son 18 il ərzində Azərbaycanda telekommunikasiya biznesi sahəsində böyük uğurlar əldə etmiş məşhur iş adamının həyatdan intiharla, qəfil ölümlə ayrılmadığı qənaətini həm də onun ailə üzvlərinin susqunluğu yaradır.

İrad Hacıyevin cansız bədəni 14 sentyabr 2018-ci ildə yaşadığı ünvanda, vanna otağında aşkar olunub. Həmin gün səhər İrad Hacıyev evdən çıxıb işlərinin dalınca getməyə hazırlaşıb. Amma getməyib. Günortadan sonra isə həyat yoldaşı Nigar Hacıyeva Qəhrəmanova onun cansız bədənini vanna otağında aşkar edib. Həmin vaxt vannanın içində olan İrad Hacıyevin əynində kostyum olub. Vannanın yanında isə preparatlar, hansıları ki, illərlə onun həyat yoldaşı qəbul edib, onların boş qutuları olub.

Ötənlərdə yazmışdıq ki, İrad Hacıyev ölümündən əvvəl özünü pis hiss etdiyinə görə Türkiyədə həkimlərə müraciət edib. Onun qanında olduqca böyük dozada preparat izləri aşkarlanıb. Həkimlər qan analizinin nəticəsi ilə tanış olduqda dəhşətə gəldiklərini də gizlətməyiblər. Həmin vaxt İrad Hacıyevin sözlərindən belə aydın olub ki, ona qanında izləri aşkarlanan preparatı həyat yoldaşı içirib. İrad Hacıyev həkimlərə həmin preparatı içməsinin səbəbini izah edə bilməyib. Sadəcə, deyib ki, ona preparatı yoldaşı içirir. Maraqlıdır ki, hadisə baş verən gün də onun meyitinin yanında məhz həmin preparatın boş qutuları aşkar olunub. Belə iddialar da var ki, İrad Hacıyev ölümündən az əvvəl həyat yoldaşı ilə boşanması üçün konkret olaraq addımlar atıb, ölkədən gedərək xaricdə yeni həyat qurması planlarını gizlətməyib. Bunu ailəsində hər kəs bilib.

Belə bir vaxtda onun qəfil və müəmmalı ölümü baş verib. Bu ölümə dərhal intihar adı verilib, yaxınları, ailəsi də susur. İş adamı İrad Hacıyevi tanıyanlar onun sağlığında ciddi problemlərinin olmadığını deyirlər. Ürəyində problemi olmayan İrad Hacıyev haqda belə bir iddianı yaxınları niyə yayır? Amma onun yaxınlarının, qayınanasının, həyat yoldaşının paylaşımları var ki, orada İrad Hacıyevin ürəyində problemlər olması iddia olunur. Sağlıq durumunda problemləri olmayan iş adamının barəsində “ürəyində problemləri olub” şəklində yayılan məlumatın səhvliyini bilən həyat yoldaşı Nigar Qəhrəmanova, onun anası niyə təkzib etmək əvəzinə yayırlar? Digər tərəfdən isə İrad Hacıyevin anası Züleyxa Hacıyevanın facebook üzərindən paylaşımlarında “oğlumu öldürüblər” şəklində konkret mövqeyi var.

Qeyd edək ki, İrad Hacıyevin həyat yoldaşı Nigar Hacıyeva Qəhrəmanova ilə əlaqə saxlayıb baş verənlərlə bağlı mövqeyini öyrənməyə çalışmışdıq. “Yoldaşımın işi prokurorluqdadır” deməklə, “Mən intervyu vermirəm, suallarınız var, prokurorluğa verin” söyləməklə suallara cavab verməkdən yayınmışdı. 
“Yeni Müsavat”шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.