“Xoşbəxtlik” üzərində tikilən binaya etirazın səbəbi: Şantaj... – FOTO -

13-02-2019, 16:45            59 dəfə baxılıb
 Bu günlərdə Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 68 A ünvanında yerləşən binalardan birinin sakini redaksiyamıza zəng vurdu. Zəng vuran şəxs iddia edirdi ki, bu ərazidə aparılan tikinti nəticəsində onların həyəti zəbt edilib, normal yaşayışları pozulub.
Teleqraf.com-un əməkdaşı olaraq zəngdən sonra problemi araşdırmaq üçün həmin ünvana yollandıq.
Biz həmin ünvana çatanda redaksiyaya zəng vurmaq təşəbbüsündə olmuş 4-5 nəfərlik qrupla qarşılaşdıq.
Onlar iddianı təkrarlayıb bildirdilər ki, inşa olunan bina məhəllə içində yerləşir, onların asudə vaxtda istifadə etdikləri ərazinin zəbt olunmasına səbəb olur.
Apardığımız araşdırmalardansa məlum oldu ki, bizi ora çağıran qrupun niyyəti tamam fərqlidir. Onlar müxtəlif üsullara əl atmaqla, eyni zamanda bizi də məsələyə qoşmaqla tikinti şirkətini şantaj etmək istəyir, bu niyyəti həyata keçirmək üçün jurnalist araşdırmasını vasitəyə çevirmək məqsədi güdürlər.
Biz həmin ünvana baş çəkəndə məlum oldu ki, 4-5 nəfərlik qrup formal bir aksiya təşkil ediblər, bu aksiyanı keçirməklə isə tikinti işi aparan şirkətdən pul qoparmağa çalışırlar. Sadə müşahidə nəticəsində o da bəlli oldu ki, tikinti aparılan ərazi heç də etirazçıların məhəlləsinə aid deyil, onların məhəlləsindən 50-56 metr aralıdadır.
Ən əsası tikintisi nəzərdə tutulan bina məhəllə içində yerləşmir, tamam fərqli ünvandadır. İnşa olunan binanın Cavadxan küçəsinə heç bir aidiyyəti yoxdur, tikinti işi Seyid Cəfər işəvəri küçəsi 7 A ünvanında gedir.
Həmin ərazi 1960-cı ildə tikilmiş “Xoşbəxtlik” şadlıq evi və 112 saylı mağazaya məxsus olub. Həmin şadlıq evi və mağaza sahibləri tikinti şirkəti ilə müqavilə bağlayıblar. Müqaviləyə əsasən, tikilən binanın birinci mərtəbəsində onlara obyekt verilməsi nəzərdə tutulur.
4-5 nəfər şəxsin belə “aksiya” keçirməsi iş adamlarının da hüquqlarını pozur. Vergi ödəyicisi olan həmin iş adamları öz halal obyektlərinə vaxtında sahib ola bilməyəcəklər, bu da onlara maddi və mənəvi ziyan vurur.
 Bundan başqa, 2004-cü ildə Cavadxan küçəsi 27 A, 29 A, 23 A, 68 A saylı binanın sakinləri akt tərtib ediblər. Onlar yaşadıqları binanın yaxınlığında yerləşən “Xoşbəxtlik” şadlıq evi və 112 saylı mağazanın sökülərək, yerində yeni yaraşıqlı yaşayış binasının tikilməsinə etirazlarının olmadığını qeyd ediblər, yaraşıqlı bir binanın tikilməsi üçün iş adamlarına əvvəlcədən minnətdarlıq etdiklərini də göstəriblər.
Akta 57 nəfər imza atıb. Həmin şəxslərin imzaladıqları aktı təqdim edirik.
 Belədə həqiqət öz üzünü göstərir: “aksiya” keçirən 4-5 nəfər asan yolla pul qazanmaq məqsədilə şantaja əl atırlar... Üstəlik, müvafiq dövlət qurumlarını, həmçinin biz jurnalistləri də çirkin əməllərinə qoşmaq istəyirlər.
İş adamlarına hədə-qorxu gələn bir qrupun jurnalistləri “aksiya” keçirilən ünvana çağırmalarına indiki halda başqa ad vermək çətindir.
Heç nədən meydana çıxmış problemlə bağlı apardığımız araşdırma zamanı yəqin elədik ki, 4-5 nəfərlik qrup haqlı deyil. Bizi əraziyə çağırmış qrupla söhbətdən sonra həyətdə olan, ərazidən keçən digər sakinlərin də mövqeyini öyrənmək qərarına gəldik.
Həmin sakinlərlə söhbətdən öyrəndik ki, məsələ bizi ora çağıran şəxslərin təqdim etdikləri kimi deyil. Bunu onların bizi ora çağıran “şikayətçi”lərdən fərqli fikirlər söylədiyi də təsdiq edirdi. Məlum oldu ki, ərazidə yaşayan digər insanlar tikinti aparılan layihəyə etiraz eləmirlər, çünki bu kimi inşaat işləri məhəllənin daha da gözəlləşməsinə səbəb olacaq. Beləliklə, 4-5 nəfərlik qrup bütün sakinlərin ümumi rəyini ifadə eləmir, bu, yalnız müəyyən maraq ətrafında birləşmiş bir neçə adamın mövqeyidir.
Həmin şəxslər tikinti layihəsini dəstəklədiklərini, bizi ora çağıran 4-5 nəfərin məkrli əməllərinə qoşulmadıqlarını, bizi də onların alətinə çevrilməməyi məsləhət bildilər.
Apardığımız müşahidlərdən və ərazidə olan digər sakinlərlə söhbətimizdən bir daha aydın oldu ki, bizi ora çağıran qrup öyrədilmiş və tikinti şirkətindən pul qoparmaq istəyən şantajçılardan ibarətdir.
Kimin günahkar, kimin günahsız olduğu göz qabağındadırsa, uzun-uzadı şərhə ehtiyac qalmır.
Yalnız müəyyən xatırlatmalarla kifayətlənməli olduq. Ölkə prezidentinin iş adamlarına sərbəst şərait yaradılması üçün bütün müvafiq qurumlara göstəriş verdiyi heç kəsə sirr deyil. Bunun nəticəsi olaraq iş adamları paytaxtımızın gözəlləşməsi üçün fəaliyyətlərini davam etdirir, şəhərimizə gözəllik verən böyük və yaraşıqlı binalar inşa edirlər.
Buna baxmayaraq, iş adamlarına süni maneələr törədən insanlara da rast gəlinir. “Aksiya” keçirən bu 4-5 nəfər dediyimizə sübutdur.
 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti və bütün əlaqədar təşkilatlar tikinti ilə bağlı ciddi yoxlama aparıb. Həmin ünvanda inşa olunan binanın sənədləri tam qaydasındadır, heç bir sakinə maneçiliyi yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə, həmin ərazidə yaşayan 155 nəfər sakin Prezident Administrasiyasına, Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon Polis İdarəsinə müraciət ediblər.
Həmin müraciətin bir nüsxəsi də redaksiyamıza daxil olub.
Müraciətdə göstərilib ki, Bakı şəhər İcra Hakimiyyətinin 486 saylı 23.10.2017-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, 3231-ci məhəllə, Seyid Cəfər Pişəvəri küçəsi 27 A saylı ünvanda “Memar İnşaat 2017” MTK xüsusi mülkiyyəti olan torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilib.
Binanın tikintisi məqsədi ilə qanunvericlikdə nəzərdə tutulmuş tikinti işlərinə başlanması məqsədilə torpaq sahəsi texniki təhlükəsizliyə riayət edərək hasara alınıb.
Həmin ərazidə yaşayan 4-5 nəfərdən ibarət bir qrup şəxs insanları ixtişaşa səsləyərək dövlətin qanunlarına zidd toplantılar təşkil etməyə başlayıb.
Bu insanlar öz şəxsi maraqlarını güdməklə bütün binalarda yaşayan şəxslərin adından danışır. Halbuki digər sakinlər uzun müddətli aparılmış qazıntı işlərinin tamamlanmasını, binanın tikintisinin başa çatmasını dəstəkləyirlər:
“Bu tikilən bina bizim binalardan yetərincə aralı tikilməklə, ara məsafəsini gözləyir və bizə hər hansı maneçilik törətmir. “Memar İnşaat 2017” MTK tərəfindən aparılan binanın tikintisi bizim övladlarımıza yaxından ev almasına şərait yaratmaqla ətraf ərazilərin abadlaşdırılmasını həyata keçirir. Biz Nəsimi rayonu, Cavadxan küçəsi 68 A, 27 A və 72 saylı binanın sakinləri aşağıda imza edən şəxslər binanın tikintisinə öz razılığımızı bildirməklə izmalarımızı təsdiqləyirik” – deyə sakinlər ərizələrində qeyd ediblər.
Qeyd etmək istəyirik ki, inşası aparılan binanın yerinin köhnə ərazisinin fotolarını da əldə etmişik. Həmin fotolarda göstərilən 3 ağac qorunub və indiki vəziyyətdə saxlanılıb.Şəkillərdən də görünür ki, əvvəllər burada şadlıq evi olub, həmin ərazidə heç bir ağac kəsilməyib.
Həmin ərazinin həm köhnə, həm də indiki vəziyyətdə olan fotolarını təqdim edirik.









 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.