“İş elanını “instaqram”da gördüm, gəlib pul verdim...” - Məhkəmə işi -

11-12-2018, 12:30            135 dəfə baxılıb
 Rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş şəxs qismində Mina Talışinskaya dindirilib.

O bildirib ki, bağçaya işə düzəlmək üçün elanı "instagram"da görüb: "Həmin vaxtı həm özəl, həm də dövlət işində çalışırdım. İşə ehtiyacım vardı, üç uşaq böyüdürdüm. Tərlan və Aləmzarın yanına gəldim, 4 min manat istədilər. 2000 minə gücüm catacağını dedim. Razılaşdılar. Bakıda qalmağa yerim yox idi. Dedilər ki, həm gecə, həm də gündüz növbəsində çalışarsan. Yatmağa və qalmağa da yer verəcəkdilər. Övladlarım da yanıma qalacaqdı. Pulu verəndən sonra 4 ay məni aldatdılar. Gah analıq məzuniyyətinə çıxartdıqlarını dedilər, gah da başqa bəhanələr gətirdilər. Onlara yalvardım ki, alınmırsa, məni aldatmasınlar, o biri iki işimdən olmayım. Dedilər narahat olma. 1000 manat maaş söz vermişdilər, lakin aldatdılar. O biri işlərim də əlimdən çıxdı. 1 il acınacaqlı vəziyyətdə qaldım. Uşaqlarımla çöldə qalmışdım. Mənim nələr çəkdiyimi Allah bilir. Hazırda iş tapmışam. Anayam, bunlar da anadır, həbs olunmaqlarını istəmirəm".

Təqsirləndirilən şəxslər yaxın günlərdə zərərçəkən şəxslərə dəymiş ziyanı ödəyəcəklərinə söz veriblər.

Prosesdə daha sonra şahid qismində Şaiq Əliyev dindirilib.

Ş.Əliyev bildirib ki, həyat yoldaşını işə düzəltmək üçüb 1600 manat pul verib: "Yoldaşıma işi söz verdilər, min bir bahanə etdilər, pulumu da qaytarmadılar".

Şahid qismində dindirilən Samir Hüseynov da həyat yoldaşını bağcaya düzəltmək istəyib: "Gedib özüm Tərlan və Aləmzarla "Şamaxinka"da görüşdüm, 2500 manat verdim. Lakin iş alınmadı. Pulumu da qaytarmayıblar. İstintaq məni şahid kimi tanıdı, halbuki mən zərərçəkən olmalıydım".

Şahid Sərnəgül Əliyeva da zərərçəkmiş kimi tanınmadığına etiraz edib: "İşədüzəltmə bürosuna getmişdim. Ordan Aləmzarın yanına göndərdilər. Məndən 1000 manat aldı, dedi ki, bağçada dayə olacaqsan. O pulu da borca almışam. Hələ də qaytara bilmirəm".

Daha bir şahid Aytən Kamilova da bağça rəhbərliyi tərəfindən aldanılıb.

O deyib ki, iş elanını "istagram"da görüb: "Yoldaşım və qayınatamla bunların yanına getdik. Bizə dedilər ki, siz bizə maddi yardım edin, bağçanın vəziyyətini düzəldək, sizi də işçi götürək. Orda 600 manat verdik. Daha sonra Aləmzarla görüşüb 1500 manat verdim. Bizi aldatdılar, pulumu tələb edirəm. İstintaqda bizi zərərçəkmiş kimi tanımadılar, buna etiraz edirik".

Prosesə dekabrın 17-də davam edəcək.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.
 
Aim.az:шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.